Demokratik dövlətdə azad media necə dördüncü hakimiyyətə çevrildi?
Ötən əsrin 90-cı illərində 70 ildən bəri dünyanın başına tərs dəyirman fırlatmış “Sovetlər Birliyi” adlı qırmızı imperiyanın süqutu gedişində Azərbaycan xalqı ərazi bütövlüyünün qorunması və itirilmiş dövlət müstəqilliyinin bərpası uğrunda ölüm-dirim savaşı aparırdı. Bu müqəddəs dava kommunist ideoloji sistemi içərisində əridilmiş milli demokratik jurnalistikamızın da dirçəldilməsi ilə müşayiət olunurdu. Bu zəmində yeni siyasi qüvvələrin və azad media quruculuğu fəallarının ərsəyə gətirdikləri yeni dövri nəşrlər mürəkkəb tarixi keçidin sual və çağırışlarını müxtəlif yönlərdən cavablandırmağa çalışırdı.
İnsanların informasiyaya tələbatı o qədər yüksək idi ki, yüz min tirajlarla yayılan qəzetlər bir günün içində satılıb qurtarırdı. Belə bir şəraitdə mətbuatın təsadüfi, naşı və bədxah əllərə düşməsi 70 ildən sonra ikinci dəfə müstəqilliyini qazanan bir ölkə üçün böyük təhlükə yarada bilərdi. Biz bunu1993-cü ilin iyun hadisələrində aydın gördük. Siyasi düşərgədən mətbuata sızan informasiya qığılcımı bir anda alova çevrildi və Azərbaycanı vətəndaş qarşıdurması ilə üz-üzə qoydu. Buna görə də ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci qayıdışından sonra ölkədə KİV-in imkanlarını dövlət quruculuğuna yönləndirməklə yanaşı azad medianın əsaslarının möhkəmləndirilməsinə də önəmli kömək göstərdi.
2001-ci ilədək dövlətin media siyasətini Mətbuat və İnformasiya Nazirliyi və onun KİV Baş idarəsi həyata keçirirdi. Həmin qurumda dövlətçiliyə sadiq, peşəkar və demokratik cəmiyyətdə azad sözün rol və mövqeyini təmin edə bilən kadrın olması vacib idi. Bu səbəbdən jurnalistika qurumlarında kifayət qədər təcrübə və nüfuz qazanmış Mədət Məmmədovun nazirliyə gətirilməsi, az sonra KİV baş idarəsinə rəis təyin olunması təsadüfi deyildi. Məhz onun dramatik situasiyalara nəzarət edə, iqtidar və ya müxalifət cəbhələrinə xidmət edənlərlə ümumi dil və ortaq mövqe tapa bilməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinə xidmət edirdi. Bu gün bir çoxları döşünə döyüb, rahatlıqla: “Mən müstəqilliyin ilk illərində qəzet yaratmışam” deyə bilir. Amma Mədət Məmmədovun yerinə başqası olsaydı, bəlkə də, yeni qəzet açmaq istəyənlərə “hələ gözlə” deyərək, qovluqlarını qoltuqlarına verib, yola salacaqdı.
Peşəkar jurnalis-publisist, fəal media qurucusu, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri Mədət Məmmədovun bu yaxınlarda nəfis şəkildə çap olunan “Dövlət və dördüncü hakimiyyət” kitabını oxuyanda düşündüm ki, nə yaxşı bu monoqrafiyanı məhz belə bir yetkin söz və fikir sahibi, nüfuzlu media xadimi qələmə alıb. Kitaba ön sözündə Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun vurğuladığı kimi, Mədət müəllim “Müstəqil Azərbaycan dövlətinin media quruculuğu salnaməsinin bələdçisi”dir, belə bir fundamental mövzuda kitaba müəllif olmaq səlahiyyətini ictimai-siyasi həyatın “dövlət və dördüncü hakimiyyət” kimi ciddi və həssas sferasına dərindən bağlılığı, peşəkar və nüfuzlu jurnalist kimi çoxillik fəaliyyəti ilə qazanmışdır.
Kitab “Demokratik cəmiyyət və söz azadlığı”, “Media azadlığı və sosial məsuliyyət”, “Dövlət media siyasəti” və “Azərbaycan Konstitusiyası, KİV haqqında Qanun, fərman və sərəncamlar” bölmələrindən ibarətdir. Bu bölmələrin hamısı bir-biri ilə üzvü surətdə bağlıdır və onların ana xəttini ümummilli lider Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin media siyasəti təşkil edir.
Müəllif ilk bölümdə oxucularını müxtəlif illərdə qələmə aldığı məqalələrlə tanış edir. O, “Bir ürək yanırdı” sərlövhəli yazısında ulu öndər haqqında düşüncələrini bölüşür: “Müstəqil ölkənin Prezidenti kimi Heydər Əliyev yeri gəldikcə Azərbaycan jurnalistləri ilə görüşlər keçirir, dünyanın nüfuzlu mətbuat və televiziya jurnalistlərinə müsahibələr verir və bütün məqamlarda azad sözü müdafiə edirdi. Ulu öndər “Jurnalistlərin dostu” adına layiq görüləndə media ictimaiyyətinin bu yüksək qiymətinə mən də ürəkdən sevindim. Əlbəttə, Heydər Əliyev dünyanın bir sıra yüksək dövlət və ictimai qurumlarının nüfuzlu mükafatlarına layiq görülüb. Ancaq mənim nəzərimdə öz ölkəsində “Jurnalistlərin dostu” olmaq və belə bir mükafata layiq görülmək onun bilavasitə azad sözün himayədarı və keşikçisi olmaq missiyasının təsdiqi idi”.
Azərbaycanda demokratik medianın formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindın danışan müəllif yeri gəldikcə ulu öndərin jurnalistikanın cəmiyyətdə rolu barədə fikirlərini də diqqətə çatdırır: “Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat–kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik”.
Kitabda qeyd olunduğu kimi, sovet rejimi və 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan qüvvələr Heydər Əliyev kimi dünya miqyaslı dövlət xadimi və siyasətçiyə millətinin haqqını vermək istəmir, hətta onu ləkələməyə çalışırdılar: “Müstəqilliyin ilk illərində mətbuatda Heydər Əliyevə qarşı yönələn şər-böhtan kampaniyası, əslində, ölkədə baş verən neqativ proseslərlə, eləcə də mətbuatda hökm sürən qeyri-demokratik mühitlə bağlı idi. Başqa sözlə, bu o zaman respublikada azad mətbuatın hələ formalaşmamasından, KİV-in hakimiyyət və onun “kölgəsindəki” müəyyən qüvvələrin təsir dairəsində olmasından irəli gəlirdi”.
Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycanın qabaqcıl dünyaya, xüsusən, Avropaya inteqrasiyasında çox maraqlı idi. O, hətta 1996-cı ilin iyulunda Avropa Şurası Baş katibinə məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdi. 22 aprel 1997-ci ildə AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələrinin həlli ilə bağlı prinsipin əks olunduğu qətnamə qəbul ediləndən sonra Azərbaycanda bir sıra ciddi islahatlar aparılmışdı. Belə ki, Azərbaycan dövləti 25 aprel 1997-ci ildə Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuş, 3 fevral 1998-ci ildə ölüm hökmünün, 6 avqust 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsinə dair qərarlar çıxarmışdı.
Həmin mühüm hadisələrin canlı şahidi və media ilə bağlı siyasətin iştirakçısı olan araşdırmaçı qeyd edir ki, 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında“ fərman ölkə mətbuatının inkişaf tarixində haqlı olaraq mühüm hadisə kimi qiymətləndirildi: “Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun isə mətbuatda demokratik proseslərin daha da möhkəmləndirilməsinə xidmət etdi”. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasına qəbulu zamanı media sahəsində öhdəliklərini yerinə yetirməsi ilə bağlı sənədi də Mədət Məmədov hazırlamışdı.
2003-cü ildən Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinə rəhbərlik edən Mədət müəllim təcrübəli media eksperti kimi fəaliyyətini davam etdirir. O, “Böyük yolun davamı” məqaləsində Prezident İlham Əliyevin ulu öndərin ən layiqli siyasi varisi olduğunu vurğulayır: “Demokratik bir cəmiyyətdə plüralizm, fikir ayrılığı, müxtəlif rəylər normal qəbul olunmalıdır. Ancaq gələcəkdə Azərbaycanı kim daha çox tanıda bilərsə, potensial imkanı yüksək olan lideri gənc nəsillər indidən ayırd etməlidir. Ona görə də mən mətbuat vasitəsilə demokratik cəmiyyət quran Azərbaycan xalqına, mətbuata, xüsusən də gənc nəslə müraciət edərək bildirirəm ki, biz seçkilərdə seçimimizi düzgün etməliyik. Bugünkü Azərbaycanı biz sabaha, gələcək nəsillərə bütöv, müstəqil aparmaq üçün Heydər Əliyevin siyasi kursunu, siyasətini qəbul və davam etdirməyi mən dövlətçiliyimizin, müstəqilliyimizin qarantı kimi qəbul edirəm. İlham Əliyev də məhz belə bir siyasi məktəbin yetirməsidir və bu kursu o, müvəffəqiyyətlə davam etdirə bilər”.
Müəllif Prezident İlham Əliyevin Azərbaycan dövlətinin media siyasətinə də ayrıca məqalə həsr edib. O bildirir ki, ölkəmizdə güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran KİV-lər olsa da, bütövlükdə, media digər sahələr kimi köklü islahatlardan kənarda qalmayıb. 2003-cü ildən bəri KİV-in maddi-texniki bazası xeyli möhkəmləndirilib, jurnalistlərin əməyinin qiymətləndirilməsi, sosial-məişət problemlərinin aradan qaldırılması yönündə ciddi tədbirlər həyata keçirilib. Azərbaycan Prezidentinin 8 fevral 2006-cı il tarixli sərəncamına əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat borcu dövlət büdcəsindən ödənilib. 2008-ci il iyulun 31-də imzalanan sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqlənib.
Belə önəmli tədbirlərin azad media quruculuğunda rolunu yüksək dəyərləndirən araşdırmaçı ölkədə hələ də məmur özbaşınalığı, habelə korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması kimi hallara rast gəlindiyi, belə neqativ məsələlərin KİV tərəfindən işıqlandırıldığı və buna dərhal reaksiya verildiyi, lazımi tədbirlər görüdüyü barədə dövlət başçısının çıxışını da yada salır: “Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internet çəkilişini təmin etməyə çalışırıq”.
Araşdırmaçı 44 günlük Vətən müharibəsində İlham Əliyevin hər an döyüşçülərimizi və xalqımızı qələbəyə ruhlandırdığını, Azərbaycanın haqq işini beynəlxalq aləmə çatdırmaq üçün ardıcıl olaraq müsahibələr, açıqlamalar verdiyini, hətta qərəzli KİV-lərin suallarını da yerindəcə cavablandırmaqdan çəkinmədiyini, eyni zamanda pandemiyanın qarşısını almaq istiqamətində dünyaya örnək olacaq təcrübə nümayiş etdirdiyini diqqətə çatdırır. Bu baxımdan kitabda təqdim olunan “Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə informasiya siyasəti”, “Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsinin informasiya cəbhəsində zəfər savaşı”, “Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizədə öz səyini əsirgəməyib” sərlövhəli məqalələr kitabın ümumi mündəricəsini zənginləşdirir.
Kitabın “Media azadlığı və sosial məsuliyyət” bölümündə müəllifin müxtəlif illərdə KİV qurumlarına verdiyi müsahibə və açıqlamaları yer alıb. Hətta yazıları oxumadan başlıqlarına baxanda söhbətin hansı ciddi məsələlərdən getdiyini dərhal hiss edirsən: “Azərbaycan mətbuatı yeganə sahədir ki, Avropa Şurasından səs çoxluğu ilə müzakirəsiz keçib” (“7 gün” qəzeti, 22 iyul 2000), “Demokratik medianın təməl şərti: azad söz vicdan senzurasından keçməlidir” (“Cəmiyyət” qəzeti, 2-31 mart 2002), “Jurnalist vətənini, vətəndaşını gözdən salacaq işlər görməməlidir” (“Olaylar” qəzeti, 5 mart 2019), “Sirrimizi düşmənə verməyək” (“Xalq” qəzeti, 17 iyul 2020).
Kitabın “Dövlət media siyasəti” adlı üçüncü bölümündə Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevin media ilə bağlı çıxış və təbrikləri toplanıb. Eyni zamanda, KİV-in hüquqi bazasının əsas sənədlərindən, prezidentin fərman və sərəncamlarından daha önəmli olanları kitaba əlavə edilib. Oxucular Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il yanvarın 12-də imzaladığı fərmanla da burada tanış ola bilərlər. Müəllif Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmasını və ölkədə medianın inkişafının dəstəklənməsini bu istiqamətdə institusional quruculuq prosesinin davam etdirilməsi kimi xarakterizə edib.
Bu məqaləni hazırlayartkən Azərbaycanın tanınmış alim və media mütəxəssislərinin kitab barədə ölkə mətbuatında dalbadal dərc olunmuş bir neçə dəyərli yazısı ilə də tanış oldum. Şübhəsiz, tədqiqatçılar fundamental media araşdırması olan “Dövlət və dördüncü hakimiyyət” kitabının ümumi dəyəri və özəllikləri barədə bundan sonra da öz sözlərini deyəcəklər. Toplunun gələcəkdə dərs vəsaiti kimi ali məktəb proqramına daxil olunmasını irəli sürənlərin bu təklifini isə birmənalı şəkildə dəstəkləyirəm.
Şərhlər bağlıdır.