- Hər şey, sadəcə, bir alma ilə başlamayıb, həm də davam edir. Amma qadağa tək alma deyildi, yəqin ki, insanı insan edən daha başqa qadağalar da vardır məsələn, daxili senzura. Belə bir sual yaranır, Peyğəmbərlər müqəddəs kitablarla dünyaya qadağalar gətirmişdi? Müqəddəs kitablar Konstitusiya deyil, amma bir Yaradanın olduğunu və onun da insanların hərəkətlərindən məmnun qalmadığını göstərən, eyni zamanda insanlar arasında nizam-intizam yaratmağa səsləyən kitablardır. Amma məsələ ondadır ki, nə müqəddəs kitablar, nə də Kostitusiyalar insana mədəniyyət öyrətmir, çünki onlarda həm imkanlar, həm də cəzalar vardır. Bu barədə mədəniyyət boynubükük qalır. Odur ki, mədəniyyətin nə olduğunu aydınlaşdırmaq qalır, çünki insanlar 1400 ilə yaxındır dini doğru-düzgün anlamadılar, heç konstitusiyanı da veclərinə almırlar, deyirəm bəlkə mədəniyyət karımıza gələr, nə bilim? Deyir suya yıxılan saman çöpündən yapışar, bu gün cəmiyyətimizdə baş verənlər heç də xoş deyildir, bəlkə də məmurlar üçün hava xoşdur, amma hələlik. Bu gediş bizə yaxşı heç nə vəd etmir, yaranmış bu xaos hələlik kimlərəsə sərf edə bilər. Kim nə deyir desin, Yaradan bütün bunların fərqindədir və verəcəyi cəzaya hazır olmaq lazımdır.
Müqəddəs kitablar hamı üçün anlaşılan deyil, onu oxumaq bilik gərəkdirir, mən “İncil” kitabını oxumuşam, “Quran” kitabını da oxumuşam, hərdən yenə oxuyuram, tələbə olanda hətta vaxt edib “Bhaqavat Qita” kitabını da oxudum. İstənilən müqəddəs kitab istənilən insan üçün anlaşılan deyildir, odur ki, insanlara: “Quran kitabını oxuyun”, – deməklə iş bitmir. Mənə belə gəlir ki, dini sahədə elmi biliyi olan, müqəddəs kitablar haqqında kifayət qədər araşdırması olan alimlər məhz sadə insanlar üçün davamlı söhbətlər təşkil etməlidirlər. Şəxsi mülahizələrini deyil, elmi faktlara əsaslanan, adi insanların anlayacağı dildə, televiziyada ardıcıl, canlı olsa daha yaxşı olar, verilişlər təşkil etməlidirlər. Bu, məsələnin bir tərəfi, eyni zamanda, Konstitusiyamızı, maddələrini, insanlarımıza hüquqlarını anladan hüquq verilişi də verilməlidir, müntəzəm şəkildə, bu qaçınılmazdır və hökümətimiz buna getməlidir, başqa yolumuz yoxdur. Çünki ətrafımızda hər an bir-birini fiziki cəhətdən yox etməyə çalışan insanlar çoxalır.
Mən mədəniyyətdən danışmaq istəyirəm, o mədəniyyətdən ki, insana çox asanlıqla, zövqlə, sadə dildə öyrətmək mümkündür. Əslində mədəniyyət insanın iç səsidir, daxilində var olan, qulaq verincə eşidəcəyimiz səsdir. Bu yaxınlarda bir təlimdə oldum, təlimçi Amerikalı jurnalist James R. Lemay idi. Bir maraqlı məqamı deyim, bizim jurnalistlər James R. Lemaydan soruşdular ki, sizin ölkədə senzura varmı? O isə cavab verdi: “Xeyr, bizdə dövlət səviyyəsində senzura yoxdur, amma insanın daxili senzurası var və olmalıdır”. Yəni kim nə yazdığının fərqində olsa yaxşı olar, nə gəldi yaza bilməzsən. Bilirsiniz çox bəyəndim bu cavabı və heç yadımdan çıxmırdı, nəhayət ki, bu gün bu haqda yazmaq qərarına gəldim. Çünki onun dediyi daxili senzura, elə insan mədəniyyətinin özüdür. Sən insansan, sənin bir insan olaraq varlığın da məhz buna bağlıdır. Mədəniyyət hər cür qadağanın fövqündə, yəni ən yüksək yerində dayanır. Mədəniyyət bəşər övladının, yəni insanların əsrlər boyu qazandığı və əldə etdiyi nailiyyətlərdir və bu nailiyyətlərdən yararlanmaqla insan çox gözəl mövqelər əldə edər. Mədəniyyət insan olmağın sərhədlərini göstərir, olar-olmazlarını diqtə edir, daxili senzura yaradır. Bir hərəkəti etmədən düşünməyə başlayırsan, atalarımız demiş, yüz ölçüb bir biçməlisən. Sən insansansa o deməkdir ki, sən insan olmağın bütün məsuliyyətini qəbul edirsən. Mətbuat adına internetdə əksər saytlarda, sosial şəbəkələrdə, qəzetlərdə yazılanlara baxsaq mədəniyyət sarıdan nə qədər yoxsul olduğumuzu anlamaq çətin olmur. Daxili senzuramız çökmüş vəziyyətdədir.
Hələ kiçik yaşlardan uşaqlara mədəniyyət öyrədilməlidir. Danışmaq, özünü ifadə etmək, ünsiyyət yaratmaq, sual vermək, cavab vermək, dinləmək, xörək yemək, çay içmək, geyinmək, yol getmək, təmizliyə əməl etmək, nəzakətli, səbrli olmaq və ən əsası düşünmək mədəniyyəti. Evində uşaq böyüyən hər bir kəs bütün bunlara əməl etməlidir. Çünki mədəniyyəti olmayan insanı ancaq qanunlarla cəza gözləyir. Mədəniyyət gözəldir, amma çox adam mədəniyyət deyəndə, sadəcə, çalıb oxumağı, oynamağı, rəsm çəkməyi və sairəni fikirləşir, lakin bəzən mədəniyyət adına mədəniyyətsizlik, tərbiyəsizlik təbliğ olunur. Bax bundan qaçmaq üçün əsl mədəniyyətə sahib olmaq lazımdır, bir evdə, bir ailədə, bir kənddə, bir şəhərdə, bir ölkədə və nəhayət, bir planetdə yaşamaq mədəniyyətinə. İçindəki səsi dinləyərək!
Kiçik bir qeyd əlavə edim, yazıda mübahisə yaradacaq düşüncələr də vardır və ümid edirəm ki, bu məqamlarla bağlı düşünəcəksiniz və fikirlərinizi dinləməyə hazıram. Düşüncələrinizi bu elektron poçt ünvanıma göndərə bilərsiniz: mrehimqizi@gmail.com
Şərhlər bağlıdır.