Davam edir yığhayığ
Bu isti, həm də yağışlı yay günlərində Mingəçevirdə abadlıq və yenidənqurma işləri ilə bərabər sökəsök də aparılır. Şəhərin girəcəyindən tutmuş ta Kür sahilinə qədər ərazidə dağıthadağıtdır. Park və yolların kənarında köhnə başçıdan qalma hasarlar və qapılar uçurdulur (halbuki onların ərsəyə gəlməsinə küllü miqdarda vəsait xərclənib), Mingəçevirin şəhər siması yeni memarlıq layihəsi əsasında özünə qaytarılır. Bütün bunlar alqışlanmalıdır, amma…
Sökəsök və tikətiklə bərabər yığhayığ da davam edir. Hansı müəssisəyə gedirsən, işçilər qabağını kəsib deyirlər ki, ay müəllim, hara baxırsınız, bizim ma-aşımızı zorla əlimizdən alırlar ki, bəs abadlığa kömək etməlisən.
Deyilənə görə, hər müəssisəyə “məzənnə” qoyulub. Elə məktəb var ki, kollektivi böyükdür və 10 min manatı ödəmək ona o qədər də zor gəlmir. Vay o günə ki, kollektivi kiçik, “məzənnə”si böyük ola. Bundan narazı qalan adamlar başlayırlar ora-bura yazmağa və bizə zəng çalmağa.
Məsələni araşdıranda məlum olur ki, əslində sadə peşə adamlarının qazancına elə onların müdirləri göz dikib. Müəssisə rəhbərlərindən biri redaksiyamıza zəng vurub hətta belə deyir: “Məndən tələb edirlər ki, abadlığa 10 min manat ayırım. Mən də işçilərimdən xahiş etmişəm ki, kömək etsinlər. Axı bu işlər şəhərimizin xeyri üçün görülür”.
Belə görünür ki, söküntü və tikinti işləri üçün ayrılan vəsait camaatın cibindən çıxacaq. Amma ölkə başçısının rüşvət və korrupsiyaya qarşı açıq müharibə elan etdiyi bir vaxtda müəssisə rəhbərlərinin özlərinə haqq qazandırmaq istəməsi məntiqə sığmır. Yəqin ki, bu yığhayığdan prezidentin yerdəki nümayəndəsinin-İcra Hakimiyyəti başçısının xəbəri olacağı təqdirdə bir çoxlarını acı aqibət gözləyir.
P.S. Maliyyə Nazirliyinin məktəb və bağçalarımızda yoxlamaları bitsəydi, təhsil müəssisələrimizin canı rahat olardı.
Şərhlər bağlıdır.