Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cavanşir Yusubov: “Azərbaycanın qoşulduğu enerji layihələri ölkənin daxili inkişafı üçün son dərəcə önəmlidir”

Azərbaycan bölgənin və Avropanın enerji təhlükəsizliyi məsələsində rol oynamağa 2006-cı ildən başlayıb

Bu gün Avropa Birliyinə daxil olan ölkələr enerji təhlükəsizliyinin təmin edilməsi və alternativ mənbələrə çıxış baxımından Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirirlər. İyun ayının 1-də açılışı olmuş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində səsləndirilən fikirlər də bunu deməyə əsas verir ki, hazırda dünya və Avropa dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Qeyd etmək lazımdır ki, bu il 30 ölkədən 249 şirkət qatıldığı Bakı Enerji Həftəsinin ən böyük tədbiri məhz 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisidir. Bu layihə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və regionda neft-qaz sənayesinin əsas tanınmış beynəlxalq platforması olmaqla hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Məlum olduğu kimi, Azərbaycan bölgənin və Avropanın enerji təhlükəsizliyi məsələsində rol oynamağa 2006-cı ildən başlayıb. Dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi Azərbaycan qazının, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmasına imkan verdi. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Bu baxımdan, əlbəttə ki, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Xatırlamaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri hesab olunur. Layihə dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. 2020-ci ilin dekabr ayımın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdi. Nəzərə alsaq ki, həmin ilin sentyabr-noyabr aylarında Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə irimiqyaslı hərbi əməliyyatlara başlamağa məcbur olmuş və nəticədə Vətən müharibəsini parlaq tarixi Qələbə ilə sona çatdırmışdı, bu zaman ölkəmizin TAP seqmentini tamamlayaraq Cənub Qaz Dəhlizi layihəsini uğurla və vaxtında başa çatdırmasının həqiqətən də xüsusilə böyük bir nailiyyət olduğunu bir daha görə bilərik. Deyildiyi kimi, Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb və aradan keçən uzun illər ərzində təchizatda heç bir fasilə olmayıb. Bu, əlbəttə ki, ölkəmizin bir tərəfdaş olaraq yüksək etibarlılığının göstəricisidir. Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara görə, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər getdikcə artır. Buna görə Azərbaycan da hasilatı artırmalıdır və bizim bunun üçün tələb olunan potensialımız var. Belə ki, ölkənin isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Hazırda bu ehtiyatın ən böyük hissəi – bir trilyon kubmetr yalnız “Şahdəniz” yatağına aiddir. Lakin yeni yataqların kəşfi davam edir və yeni texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatlarının daha da çox olacağını demək olar. Həmçinin gözlənilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatsa da, tərəfdaş ölkələrin işi hələ uzun müddət davam edəcək.

Bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Lakin bu gün Azərbaycan dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana da elektrik enerjisi ixrac edir. Həm də bu ixracın həcmi getdikcə artır. İkinci bir tərəfdən Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olması, yəni əhalinin sayının getdikcə artmasıdır. Həmçinin sənayenin inkişafı və əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bir sözlə qaza və enerjiyə tələbat getdikcə artır və bu da bərpaolunan enerji növlərinin istehsalına marağı artırır. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox təbii qaza qənaət etməyə imkan verə bilər. Buna görə də bu məqsədlərə böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər kifayət qədər yüksəkdir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Lakin hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Dövlət başçımız da öz müsahibəsində qeyd etdi ki, bu gün artıq dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və onlardan konkret təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək, yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək. Beləliklə, Azərbaycan enerji sahəsində çox yüksək potensiala sahibdir və bu potensial həm daxili, həm də ixrac tələbatlarının ödənilməsinə yönəldiləcək.

 

Cavanşir Yusubov,

YAP Mingəçevir şəhər təşkilatının sədri

Şərhlər bağlıdır.