Tərtər rayonunda minaya düşən Azad Həsənov reanimasiyadadır.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, Azadın vəziyyəti orta-ağır olaraq qalır:
“Hazırda nəzarət altındadır. Müalicəsi reanimasiyada davam etdirilir”.
11 oktyabr, 15:11
Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov faktı təsdiqləyib. Bildirib ki, hazırda Azad əməliyyata alınıb:
“Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədəninin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim”.
Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.
İlhamə Əbülfət
www.oxu.az
Şərhlər bağlıdır.