Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bütün rayonlardan meyvə-tərəvəzin Göyçaya daşınmasının səbəbi nədir?

Son illər ölkəmizdə meyvə-tərəvəz istehsalının artması bolluğun və ucuzluğun yaranmasına səbəb olub. Göyçay şəhərində meyvə-tərəvəz məhsullarının topdan və pərakəndə satış mərkəzi olan “Təzə bazar”dakı qiymətlər bölgənin bütün bazarları və mağazaları ilə müqayisədə daha əlverişlidir. Bu bazar Bakının, eləcə də Azərbaycanın bir çox şəhər və rayonlarının bazarlarını, eləcə də Göyçay və ətraf rayonlardakı böyük marketləri meyvə-tərəvəzlə təmin edir. Ölkənin bütün bölgələrindən olan fermerlər və topdansatışla məşğul olan iş adamları ilk öncə Göyçayın “Təzə bazar”ına gəlir və gətirdiyi məhsulları burada sərfəli qiymətə satır. Bundan əlavə Bakı, Göyçay və digər bölgələrdə yerləşən meyvə-tərəvəz bazarlarında, mağazalarda çalışan şəxslər ucuz, təzə və keyfiyyətli mal almaq üçün bu bazara üz tuturlar. Bu mənada digər bazarlardakı qiymətləri məhz Göyçayın “Təzə bazar”ı müəyyən edir desək yanılmarıq. Bəlkə də bu bazar olmasaydı Göyçay və ətraf rayonlarda, hətta Bakıda meyvə-tərəvəzin qiyməti çox baha olardı.

Bəs bu bazarda hazırda vəziyyət necədir? Məhsul bolluğu hiss olunurmu? Adi bazarlarla müqayisədə qiymətlərdə nə qədər fərq var? Son iqtisadi proseslər bazarın durumuna necə təsir edib?

Bu suallara aydınlıq gətirmək üçün Azərbaycanın 2-ci ən böyük meyvə-tərəvəz məhsullarının satış mərkəzi olan “Təzə bazar”dan reportaj hazırladıq.

Qeyd edək ki, bu bazar Göyçay şəhərinin mərkəzi küçələrindən biri olan Mehdi Hüseynzadə küçəsində yerləşir və 2017-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 4 hektar olan bu bazarda 16 min kvadratmetr olan örtülü və 24000 kvadratmetr olan açıq sahədə alqı-satqı mərkəzləri fəaliyyət göstərir. Ərazidə uzunluğu 76 metr olan 14 ədəd çardağın hər birinin altında inşa edilən müasir piştaxtalar satıcı və alıcıların istifadəsinə verilib. Bu bazar 3 ildir ki, ölkənin meyvə-tərəvəz sektorunda yüksək səviyyədə xidmət göstərir.

Bazarda həmişə olduğu kimi, qaynar həyat hökm sürür. Kəndli fermerlər Göyçay və ətraf rayonlardan gətirdiyi öz məhsulunu topdan satır, alverçilər isə pərakəndə satış üçün yeşiklərlə mal alaraq yük avtomobillərinə yığırlar. Qeyd etdiyimiz kimi, “Təzə bazar”a ölkəmizin hər yerindən kəndli fermer və alverçilər gələrək məhsul satır, mal alırlar. Çünki, bu bazara gətirilən məhsullar birinci əldən alındığı üçün qiymətlər də digər bazarlardan ucuzluğu ilə fərqlənir. Bazar yüksək səviyyədə və müasir standartlara uyğun tikilib. Gecə-gündüz fəaliyyət göstərən bu bazarda təhlükəsizlik yüksək səviyyədə təmin olunur, avtomobillər və məhsullar mühafizə polisi əməkdaşları, bazar nəzarətçiləri tərəfindən qorunur, ərazi 96 ədəd müşahidə kamerası vasitəsilə izlənillir. Bazarda eyni vaxtda 300-dən çox satıcı daimi işlə təmin olunub, yay və payız aylarında isə burada əlavə olaraq 500-dən çox vətəndaş topdan və pərakəndə satışla məşğul olur. Satıcılar “Təzə bazar”ın yüzlərlə insanın iş yeri, qazanc mənbəyi olduğunu bildirib. Gördüyünüz kimi, bu bazarda alıcı və satıcı çoxdur, iynə atsan, yerə düşməz. Burada gecə-gündüz həyat qaynayır. Bazarda adi satıcıdan tutmuş, arabaçıya kimi hamının normal qazancı olur.
Müşahidələrimiz zamanı bu bazarı digərlərindən fərqləndirən müsbət cəhətlərin də olduğunu gördük. Misal üçün, bu “Təzə bazar”da Azərbaycanda ilk dəfə olaraq meyvələrin çeşidlənməsi avadanlığı quraşdırılıb. Satıcılar həmin avadanlıq vasitəsilə meyvələri ölçüsünə görə 6 çeşidə bölür və sonra onları fərqli qiymətlə satışa çıxarır. Alıcı və satıcılar bazarda onlara göstərilən xidmətdən çox razıdır. Bildiyimiz kimi, bir çox bazarlarda satıcıların ən çox narazı qaldığı məqam icarə haqlarının baha olmasıdır. Lakin, “Təzə bazar”da icarə haqları satıcıları qane edir. Satıcılar bazarda aylıq və günlük icarə haqlarının, yəni qiymətlərin onların cibinə uyğun olduğunu deyirlər. Burada yaradılan yüksək şəraitə və hər cür xidmətə görə qoyulan qiymətlər başqa bazarlarla müqayisədə çox sərfləlidir.

Bazarın təmizliyi, səliqə-sahmanlı olması, gigiyenik qaydalara əməl edilməsi, ən önəmlisi isə buraya gətirilən malların keyfiyyətli, təzə və ucuz olması hamını qane edir. Bu səbəbdən də topdan və pərakəndə şəkildə meyvə-tərəvəz almaq istəyən şəxslər bu bazarı seçirlər. Hətta rayonda tanınmış insanlar, məmurlar, həkimlər, iş adamları  evlərinə bazarlıq etmək üçün buraya gəlirlər. Seçim çox, məhsul da boldur. Göyçayın mərkəzi küçəsində yerləşən “Təzə bazar”ın qarşısından kənd və şəhərdaxili avtobusların keçməsi burada bütün əhalinin rahat alış-veriş etməsinə səbəb olur. Qeyd edək ki, burada insanların bazarlıq etməsi üçün pərakəndə və topdan satış hissəsi var. Bazarın pərakəndə satış mərkəzi səhərdən günortayadək, topdan satış mərkəzi isə saat 16:00-dan başlayaraq gecəyədək davam edir. Ərazisi tamamilə asfaltlanan və müasir işıqlandırma sistemi ilə təchiz edilən “Təzə bazar”da təmizliyə və təhlükəsizliyə böyük önəm verilir, tez-tez dezinfeksiya işləri görülür. “Təzə bazar”da alıcı və satıcıların rahatlığı üçün 24 ədəd ərzaq və digər mallar mağazası, apteklər, kafelər və çayxanalar fəaliyyət göstərir. Ərazidə inşa edilən yeni “Ət bazar”ında 10 qəssab çalışır. Orada gigiyenik qaydalara yüksək səviyyədə əməl edilir. Satıcıların sayı hər ötən gün artdığı üçün bazarın ərazisində əlavə olaraq 6 min kvadratmetrlik yeni müasir çardaqların inşa edilməsi, başqa rayonlardan gələn kəndli fermerlər, topdan satışla məşğul olan iş adamları üçün ucuz qiymətə olacaq yeni otelin inşası nəzərdə tutulur. Bundan əlavə hazırda bazarın ərazisində geyim əşyaları və qarışıq malların satışı üçün ikimərtəbəli ticarət mərkəzi inşa edilir. Binada 200-dən çox mağaza tikilir, eskolator quraşdırılır.

Şahnəzər BƏŞİROV

Şərhlər bağlıdır.