“Bu şəhər bizə doğmadır”
Əvvəlcə, yaşadıqları Vəli Hüseynov küçəsi 13/62 ünvanına gəlib, köhnə qonşularla görüşüblər. Onlar – Lebedev Nikolay, onun həyat yoldaşı Lebedev Vera, İvanovka kəndinin kolxoz sədri Minnikov Qriqori Mixailoviç və onun həyat yoldaşı Azərbaycanı qarış-qarış gəzərək, Mingəçevirə də gəliblər. Nikolay deyir ki, Mingəçevirdə doğulub boya-başa çatıb. 1988-ci ildən bu yana Mingəçevirə gəlməyib. Aradan uzun müddət keçməsinə baxmayaraq, Nikolay bizim dilimizi də unutmayıb. Qonşular onları çox mehribanlıqla qarşıladılar. “Azərbaycan çox dəyişib” deyən müsahibimiz çox həyəcanlandığını dedi: “Mən uzun müddət idi ki, Azərbaycandan çıxmışdım. Amma onu da deyim ki, Moskvada da bir azərbaycanlı görən kimi bu tərəfləri xəbər alırdım. Heç unutmadım öz doğma vətənimi. Mingəçeviri neçə gündür ki, gəzirik, şəhərdə nə qədər işlər görülüb, hər tərəf tikilir-qurulur, sanki bura tikinti meydanıdır. Mən burada eşitdim ki, şəhərə Olimpiya oyunları ilə əlaqədar 45 ölkədən qonaqlar gələcək. İnanıram ki, kim gəlir-gəlsin, bu şəhəri görəndə heyran olacaq. Biz uşaq vaxtı Kürdən balıq tuturduq. Həmin yerlərə bu gün də getdik. Nə qədər dəyişib Sahil parkı, heç buradan ayrılmaq istəmirəm. İnsanlar da əvvəlki kimi mehribandırlar. O qədər şəkil çəkdirdik ki, telefonumuzun, fotoaparatımızın yaddaşı dolub. Moskvadakı qonşularımızın bəziləri azərbaycanlılardır, bu fotoları onlara da göstərəcəyik”.
Həmsöhbətimiz İvanovka kəndinin kolxoz sədri Minnikov Qriqori Mixailoviçlə yaxın qohum olduqlarını bildirdi. O da Mingəçeviri çox sevdiyini söylədi: “Mən də Mingəçeviri çox sevirəm. Oğlum burada Mingəçevir Özəl Türk Liseyində təhsil alıb, məzun olub. Liseyin əvvəlki müdiri Ahmet bəylə dostluğumuz hələ də davam edir. Onların sayəsində oğlum yüksək təhsil alıb, liseyi əla qiymətlərlə bitirib, universitetdə oxuyub. Nikolaya isə təşəkkür edirəm ki, biz də onunla Mingəçevirə gəlib, köhnə dostları, şəhəri ziyarət etdik”.
Müsahiblərimizin xanımları da şəhərdə gördükləri mənzərələri unutmayacaqlarını dedilər: “Biz də Azərbaycanda doğulduğumuza görə buralı sayılırıq. Azərbaycanın bütün görməli yerlərində olduq. Doğrudan da, deyilən qədər vardır Azərbaycan. Çox inkişaf var, insanların mehribanlığı daha yadda qalan oldu. Bu gün bizi qonşular elə qarşıladılar ki, uzun illərdir belə mehribanlıq görməmişdik. Düzdür, insan hər şeyə sahib olur, amma həmişə xoş sözə, isti münasibətə möhtacdır. Bu isti münasibəti burada gördük, gəzdiklərimizdən də çox bu münasibət bizi heyran etdi”.
Qonşular Şəfəq Kərimova, Nazim Atakişiyev və digərləri qonaqları səmimi qarşıladıqları kimi, səmimi də yola saldılar. Bildirdilər ki, həmişə mehriban qonşuluq münasibətləri olub. Baxmayaraq ki, onlar rus idilər, bizimlə həmişə Azərbaycan dilində danışıblar…
Şərhlər bağlıdır.