“Bu gündən mən də mingəçevirliyəm”
Aprelin 15-də Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev Mingəçevirə yeni təyin olunmuş İcra Hakimiyyəti başçısı Niyazi Bayramovu şəhər ictimaiyyətinə təqdim edib
PA-nın şöbə müdiri bildirib ki, aprelin 14-də Prezident İlham Əliyev bir neçə icra hakimiyyəti başçısı ilə bağlı sərəncamlar imzalayıb və onlardan biri də Niyazi Müzəffər oğlu Bayramovdur: “Bildiyiniz kimi, mart ayında Şimal bölgəsində baş vermiş hadisələrdən sonra Mingəçevirin əvvəlki icra Hakimiyyəti başçısı Mübariz Ağayev Qubaya göndərildi. Ona təcrübəli kadr kimi etimad göstərildi. Dünən isə cənab Prezident Niyazi Bayramovu qəbul edərək, tapşırıqlarını verdi”.
Yeni şəhər rəhbərinin çıxışı qısa olub: “Bu etimadı doğrultmağa çalışacağam. Bu gündən mən də mingəçevirliyəm”.
Təqdimat mərasimində şəhər ağsaqqalı, əməkdar mədəniyyət işçisi İdris Məmmədov, Mingəçevir Politexnik İnstitutunun rektoru Akif Hacıyev çıxış edərək, Mingəçevirdə gərginliyin azaldılması və şəhərin libasının dəyişilməsi istiqamətində əvvəlki şəhər rəhbərinin gördüyü işlərdən danışıb və yeni başçıya arzu və təkliflərini çatdırıblar.
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illər hüquq və gömrük sahələrində çalışıb. Yeni təyinata qədər FHN-nin Sumqayıt Regional Mərkəzinin rəisi olub. Ailəlidir, iki övladı var.
Şərhlər bağlıdır.