“Bu gün əsgərlərin rahat yerlərdə xidmətini təşkil etmək üçün valideynlərdən pul alınmır”
Fevralın 13-də Mingəçevirdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi idarə və təşkilat, ictimaiyyət nümayəndələrinin, veteranların iştirakı ilə qeyd edilib. Xidmətin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov 5 il ərzində xeyli işlərin görüldüyünü, köhnə illərdən qalmış sözün məcazi mənasında paslanıb yığılmış problemlərin bu illər ərzində həllini tapdığını deyib: “Bu gün əsgərlərin rahat yerlərdə xidmətini təşkil etmək üçün valideynlərdən pul alınmır. Daha varlı balası rahat yerdə xidmət edəcək deyimi geridə qalıb. Çünki xidmətə gedənin boxçasını doldurub, onu vətənə xidmət etməyə yola salırıq”.
Şahin Xəlilov xidmətdə gənc kadrların şəffaf şəkildə və təmənnasız yolla işlə təmin olunduqlarından da danışıb: “Belə insanların işə münasibəti də yüksək səviyyədəolur, onlar heç kimdən təmənna güdmürlər”.
Şahin Xəlilov qeyd edib ki, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, təhsil müəssisələri ilə sıx əlaqələr yaradılaraq maarifləndirmə işləri aparılır: “Biz qələbə sevincini yaşayacağıq. Qarabağ alınacaq, torpaqlarımız azad ediləcək. Bunu ermənilər ovuclarının içi kimi bilirlər. Çünki onlar aprel döyüşləri zamanı Azərbaycan oğullarının nələrə qadir olduğunun bir daha şahidi oldular”.
Mingəçevir şəhər İHB-nın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev şəhər rəhbərliyi adından əlamətdar gün münasibəti ilə xidmət kollektivinə təbriklərini çatdırıb və bildirib ki, səfərbərlik sahəsindəki uğurlar tezliklə başqa sahələrdə də mühüm irəliləyişlərin olacağını göstərir.
Şəhid atası Oruc Əhmədov, Qarabağ qaziləri Əbülfət Babayev, Əliağa Bəndəliyev, Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir şəhər şöbəsinin rəhbəri Elşən İbrahimli də kollektivə çətin və şərəfli işlərində uğurlar arzulayib, gələcəkdə xidmətlə sıx əlaqələr quracaqlarını bildiriblər.
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin bir qrup əməkdaşına fəxri fərman və təşəkkürnamələr verilib.
Şərhlər bağlıdır.