“Böyük Qayıdış” ərəfəsində məcburi köçkünlərlə dialoq
Mətbuatda xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adı ilə 2022-ci il aprelin sonunadək davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşir.
Fevralın 9-da Laçın, Kəlbəcər və Ağdam rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ilk dialoq baş tutub. Layihə rəhbəri Fərman Nəbiyev məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, eyni zamanda Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərdən danışıb.
Görüşə toplaşanların əksəriyyəti köçkünlükdən öncə maldarlıqla məşğul olduqlarını və qayıdandan sonra da bu məşğuliyyəti davam etdirmək istədiklərini açıqlayıb. Bildiriblər ki, onların kiçik dəstəyə ehtiyacı var, şərait yaradılarsa, həm ailələrinin güzəranını təmin edər, həm də ölkədə ərzaq bolluğuna töhfə verərlər.
Görüşə qatılanların içərisində gənclər də olub. Vüsal Şirinov deyib ki, o Kəlbəcərdən çıxanda 5 yaşı vardı. Amma digər 3 gənc Mingəçevirdə doğulduğunu bildirib. 20 yaşlı Nərminə Rəhimli, 23 yaşlı Elgün Hətəmli doğma yurdları barədə valideynlərindən eşidib, kinolarda görsələr də qayıtmağa hazırdırlar. “Burda hər cür şəraitim var. Yaxşı işim, dövlətin tikdiyi təzə binada mənzilim var. Amma mən də Ağdamsız yaşaya bilmərəm”. Bu fikirləri 25 yaşlı Nicat Əsədzadə səsləndirib.
Dialoq görüşünə qatılan Səriyyə Vəliyeva, Sevda Novruzova və Kəlbəcər rayon İcra Hakimiyyətinin yerli nümayəndəsi Fəqani Alxanov da ailəsi ilə birgə uzun illərdir ki, yataqxanalarda məskunlaşıblar. Onların dediyinə görə, bir otaqda yatıb-durmaq, yemək bişirmək, övlad böyütmək zorunda qalıblar. Kəlbəcərli Heydər Kərimov məcburiyyət üzündən mənzil tutub və ayda 120 manat kirayə haqqı ödəyir: “Ailəmin aldığı müavinət elə kirayə haqqına gedir”.
1993-cü ildən bu günədək Mingəçevirin su-nasos stansiyasının binasında məskunlaşan və Laçın Rayon İcra Hakimiyyətinin şəhərdəki nümayəndəsi kimi çalışan Xatirə Abbasova deyib ki, qayıdış gününü səbirsizliklə gözləyir: “Günü sabah Laçına dönmək, ailəmə yaxşı güzəran yaratmaq istəyirəm. Bizə desinlər ki, konkret nə vaxt köçəcəyik? İdarə binalarında, yataqxanalarda yaşamaqdan bezmişik. Başa düşürük ki, indidən sonra bizim üçün burada evlər tikilməyəcək. Çox doğru addımdır. Amma ev və mənzil alanların içərisində elələri var ki, içində bir gün də yaşamayıblar. Qayıdana qədər həmin yerləri boşaldıb, ağır şəraitdə yaşayan insanlara vermək olmazmı?”
Yataqxana həyatından bezən İxtiyar Həsənli də təklif edib ki, son illərədək məcburi köçkünlər üçün tikilən və paylanan mənzillərə ictimaiyyət nümayəndələrinin iştirakilə baxış keçirilsin: “Şəxsən mən bilirəm neçə mənzil boşdur. Eləsi var ki, köçüb Almaniyaya, amma adına köçkün şəhərciyində mənzil var. Qaydada görə, həmin mənzillər 3 ay boyunca yaşanmırsa, boşaldılıb, ehtiyacı olanlara verilməlidir”.
Layihənin tədqiqatçısı İnqlab Şirinov diqqətə çatdırıb ki, qayıdışla bağlı köçkünlərə sərbəstlik verilməsini anlayır, ancaq oğullarımızın qanı-canı bahasına azad olunmuş torpaqlara qayıtmaq mənəvi borcumuzdur: “Biz dədə-baba yurdumuzu boş saxlaya bilmərik. Orada yeni həyata başlamalıyıq və dünyay sübut etməliyik ki, torpağın əsl sahibləri bizik”.
Layihə çərçivəsində əlavə iki dialoqun keçiriləcək, 11 məcburi köçkün məntəqəsində 110 nəfər arasında qayıdışla bağlı sorğular aparılacaq, 3 kiçik sənədli film çəkiləcək və araşdırmaların yekunu üzrə hökümətə ismarıclar ötürüləcək.
Şərhlər bağlıdır.