Bölgə jurnalistləri ingiliscə danışır və yazır
“Bölgə mediası üçün yeni nəfəs” proqramını başa vuranlara ingilis dili bacarıqları üzrə sertifikatlar və “Mingəçevir işıqları” qəzetinin mi-news.az səhifəsində öz xəbərlərini yerləşdirmək üçün kod və parollar təqdim olunub
ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 2023-cü ilin iyul ayından başlayan “Bölgə mediası üçün yeni nəfəs” (“New breath for the regional media”) layihəsi başa çatıb. Layihəyə Gəncə, Yevlax, Bakı, Ağdaş, Daşkəsən, Bərdə, Mingəçevir, Masallı, Ağsu, Qazax, Xaçmaz və Ağcabədidən 14 yerli media təmsilçisi qoşulub. Onlar 5 ay ərzində iki qrup üzrə həftədə 3 dəfə olmaqla onlayn qaydada ingilis dili biliklərini artırıblar.
Təlimin Amerika mədəniyyətinə həsr olunan son günü 3 fevral 2024-cü ildə canlı formada keçirilib. İştirakçılar dinləmə, oxu, yazı və qrammatika üzrə biliklərini bir daha nümayiş etdirib və 2 hissəyə bölünərək, Halloven bayramı haqda danışıblar. Təlimi uğurla başa vuran 10 iştirakçıya ingilis dili bacarıqları üzrə 1-ci və 2-ci dərəcəli sertifikatlar verilib. Eyni zamanda layihəni idarə edən “Mingəçevir işıqları” qəzetində xəbərlərini yerləşdirmək üçün kod və parollar təqdim olunub.
Şam süfrəsi ətrafında da söhbətlər ingiliscə aparılıb. Balqabaq piroqu, portülmüş qarğıdalı, soyutma kartof, qızardılmış və üzərinə sous tökülmüş hinduşka Şükranlıq gününü (Thanksgiving) xatırladıb. Sonda süfrə ətrafındakılar əl-ələ tutaraq, təlimin təşkilatçılarına və bu günümüzə minnətdarlıqlarını ifadə ediblər.
Şərhlər bağlıdır.