Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bölgə mediası üçün yeni nəfəs”

14 bölgə təmsilçisi ingilis dilini öyrənmək üçün Mingəçevirdə bir araya gəldi

Avqust ayının əvvəlindən ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə “Bölgə mediası üçün yeni nəfəs” proqramına dəstək verdik. 2 həftə ərzində davam edən müraciət və seçimdən sonra 11 bölgədən olan 14 media nümayəndəsi sentyabrın 2-də Mingəçevir Media Mərkəzində ilk təlimə toplaşdı.  Layihə və donor barədə ətraflı məlumat alan iştirakçıların ilkin bilikləri və ilk təlimin nəticələri google anket üzərindən qiymətləndirildi. Hər kəs auditoriya qarşısında öz fikirlərini çatdırmağa çalışdı.

Günün ikinci yarısında qrup işləri aparıldı və təqdimatlar edildi.  Beynəlxalq TEFL/TESOL sertifikatına sahib təlimçi Afaq Əsgərova ilk təlimindən sonra iştirakçıları ilkin dil bilmə səviyyələrinə görə iki qrupa böldü. Növbəti həftədən təlimlər hər iki qrup üzrə onlayn qaydada həftədə 3 dəfə və iş vaxtından sonra olmaqla 2024-cü ilin fevral ayınadək davam edəcək.

Qrup üzvləri sentyabrın 1-də çay, sentyabrın 2-də isə şam süfrəsi arxasında daha yaxından tanış oldular. Maraqlı burasındadır ki, Kür sahilində baş tutan müzakirələrdə danışıqların bir hissəsi ingiliscə aparıldı.

Proqrama qəbul olunmaq üçün 25 müraciət göndərilib. Onlar Ağcabədi, Ağsu, Bərdə, Gəncə, Masallı, Mingəçevir, Xaçmaz, Yevlax, Daşkəsən, Ağdaş, Zərdab, Qazax bölgələrinin və Bakının sakinləri olub. Bakıdan olan şəxs media nümayəndəsi olmadığı, Zərdabdan olan iştirakçı isə emaillə göndərilən  müraciətə və mobil zənglərə cavab vermədiyi üçün siyahıdan kənarlaşdırılıb.

Şərhlər bağlıdır.