Bölgə məktəbində İctimai Şuraya seçki keçirildi
“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü çərçivəsində 11 saylı orta məktəbin valideynləri təhsilə kömək yollarını müzakirə etdilər
Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analarına dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasında yardımçı olmaq niyyəti ilə 2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüs mövcud kateqoriyadan olan valideynlərə nəzəri biliklərə yiyələnmək, praktiki alətləri öyrənmək, maliyyə resurslarına çıxış əldə etmək və güclü əməkdaşlıq şəbəkəsi qurmaq, nəticədə övladlarının təhsilində, xüsusən təhsilin idarə olunmasında səlahiyyətli və səriştəli şəxslərə çevrilmək imkanı yaradılmasını hədəfləyir.
Ötən müddətdə təşəbbüsə cəlb olunan 21 evdar qadın psixoloji, hüquqi və iqtisadi mövzuda 12 günlük nəzəri təlimlərə, ardınca usta yanında 2 aylıq istehsalat təcrübəsinə cəlb olunub. Onların 15-i Biznes Planını yazıb və vergi orqanında qeydiyyata durub. Layihə təşəbbüsü çərçivəsində avadanlıqla təchiz edildikdən sonra dərzi, stilist-vizajist, şirniyyatçı və kompüter operatoru olaraq fərdi sahibkar kimi fəaliyyətə başlayacaqlar.
May ayından isə həmin qadınların iştirakilə övladlarının təhsil aldıqları məktəblərdə İctimai Şuraların yaradılmasına start verilib. Təşəbbüsün rəhbəri Fərman Nəbiyevin dediyinə görə, bu şuralar valideynləri məktəbin idarə olunmasında iştiraka, məktəblə ictimaiyyət arasında səmərəli və qarşılıqlı fəaliyyətin təşkilnə kömək edəcək: “Şura ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, həmçinin məktəbin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması üçün məşvərətçi qurum funksiyasını yerinə yetirəcək”.
May ayında 11 saylı məktəbdə ictimai şuraya seçki ilə bağlı valideyn iclası keçirilib. Məktəb rəhbərinin də qatıldığı toplantıda tədris müəssisəsinin ailələrlə əməkdaşlıq formaları müzakirə olunub. Təklif edilib ki, uşaqların daha yaxşı öyrənməsi, qiymətlərinin yüksək olması üçün müəllimlərin evlərə ziyarətinə, mütləq qaydada ataların da övladlarının təhsili ilə maraqlanmasına ehtiyac var. Prosesə hər iki valideyn aktiv şəkildə cəlb edildiyi halda təhsilin keyfiyyəti qalxır.
Əsas diqqət repetitorluq fəaliyyətinin qarşısının alınmasına, xüsusən təhsilin evdən məktəbə qaytarılmasına yönəlib. Təhsil işçiləri bildiriblər ki, valideynlərin və təhsil alanların məktəbə etimadını qaytarmaq üçün fakültətiv məşğələlərdə repetitorların tədris etdikləri proqramı öyrətməyə başlayıblar. Valideynlərin fikrincə, məşğələlər davamlı və keyfiyyətli olacağı halda imkansız ailələrin övladları da universitetlərə rahat çıxış əldə edə biləcəklər.
İclasda “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan qadınların (layihə başlayana qədər evdar analar idilər) bir qismi seçkidə məktəb İctimai Şurasında təmsil olunmaq hüququ qazanıb. Həmin qadınlar son 6 ay ərzindəki həyat hekayələrini digər valideynlərlə bölüşüb, onları da çətinliklərdən qorxmamağa, öz işlərini qurmağa və dövlətin özünəməşğulluq proqramından faydalanmağa, eyni zamanda məktəblə fəal əməkdaşlığa çağırıblar.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi MMC tərəfindən həyata keçirilir.
Şərhlər bağlıdır.