Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib

Könül Məmmədova: "Ümid edirəm ki, şirniyyatlarım tələbə və müəllimlərin də xoşuna gələcək və onlar mənim daimi müştərilərimə çevriləcəklər"

BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar. Onlar “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan və hazırda sahibkar kimi fəaliyyət göstərən qadınlarla iş yerlərində görüşüblər.

Öncə sahibkar Sevil Bəşirovanın dərzi sexində çalışan  Şahnaz Muradovaya baş çəkiblər. Sex məktəb geyimləri ilə bağlı sifarişlər alıb və hər iki dərzi bundan məmnundur. Şahnaz deyib ki, bu layihə onun həyatını yaxşılığa doğru dəyişib: “Ailə qurandan evdar qadın olmuşam. Heç bir peşəm yox idi. Layihəyə qoşulanda da tərəddüdlərim vardı. Mingəçevir Media Mərkəzində təşkil olunan 12 günlük psixoloji, hüquqi və iqtisadi təlimlər, ardınca 2 aylıq peşə kursu, ən başlıcası layihə komandasının motivasiyası və məni avadanlıqla təmin etməsi özümə güvən yaratdı. Artıq iş tapmışam, həm də təcrübəmi artırmaq üçün fürsət qazanmışam. Düşünürəm ki, hər bir qadın işləməklə ailəsinə və ölkəmizin iqtisadiyyatına töhfə verə bilər”.

Təşəbbüsün iştirakçısı Könül Məmmədova şirniyyat sahəsi üzrə sahibkarlıq fəaliyyətinə başlayıb. O, şəxsi mənzilinin mətbəxini həm də iş yerinə çevirib. Hələ ki, qonşularının və yaxın qohumlarının sifarişlərini yerinə yetirir. Badambura, paxlava, şəkərbura və  meyvəli tortlar hazırlayır. O, BMTİP-nin nümayəndələrini həvəslə iş prosesi ilə tanış edib və bu gün bişirdiyi tortun dadına baxmağa dəvət edib. K.Məmmədova deyib ki, pedaqoji təhsil alsa da, ailə həyatı qurandan işləməyib və uzun illərdən sonra yalnız indi özünü reallaşdıra bilib: “Evimizin yanında orta məktəb və universitet var. Ümid edirəm ki, şirniyyatlarım tələbə və müəllimlərin də xoşuna gələcək və onlar mənim daimi müştərilərimə çevriləcəklər. Gücümə və bacarığıma əminəm. Layihə heyəti sağ olsun, Biznes Planımı dəstəklədi, mənə xəmiryoğuran, elektrik soba və vitrin soyuducu verdi”.

İlahə Qurbanovanın evində də ailənin məmnunluğu müşahidə edilib. İ.Qurbanova  işsiz olub, apteklərdən birində işə düzəlmək istəyib, amma kompüter bacarığı olmadığı üçün ona təklif edilən iş yerini qazana bilməyib. 11 saylı məktəbdə keçirilən valideyn toplantısında “Mingəçevirdə Valideyn Təlatümü” layihə təşəbbüsü barədə məlumat alıb və onlayn qaydada qeydiyyatdan keçərək, təşəbbüsə qoşulub: “Çoxları inanmırdı. Nə gizlədim, mənə də təsir edirdilər. Amma layihə komandası təmkinlə suallarımı cavablandırır və məni həvəsləndirdi.. Aptekdə işə düzələ bilməsəm də, indi çox xoşbəxtəm. Çünki layihə proqramı üzrə mənə dəstək kimi verilən komputer və printerdən istifadə edərək pul qazanmaq imkanım yaranıb. Hələlik mətnləri yazıb, çap edirəm. Təcrübəm artdıqca başqa sifarişlərim də olacağına inanıram. Böyük oğlum kompüter mühəndisliyinə maraq göstərir və evimizdə kompüter və printerin olması ən böyük şansımızdır”.

BMTİP-nın nümayəndələri səfər proqramı çərçivəsində Mingəçevirdəki 11 saylı məktəbin İctimai Şurasının üzvləri ilə də görüşüblər. Şura sədri Zaur Feyziyev bildirib ki, şura məktəbin idarə olunmasında valideynlərin daha aktiv iştirakına çalışır, məktəblə icma arasında səmərəli və qarşılıqlı ünsiyyət və fəaliyyətin təşkilinə kömək edir: “Məqsədimiz budur ki, uşaqların daha yaxşı öyrənməsi, qiymətlərinin yüksək olması üçün müəllimlər tez-tez ailələrə ziyarət etsinlər, atalar da övladlarının təhsili ilə  maraqlansınlar. Həm də repetitorluq fəaliyyətinin mümkün çərçivədə azaldılmasına, təhsilin evdən məktəbə qaytarılmasına nail olmaq fikrindəyik”.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Mingəçevir Resurs Mərkəzi MMC ilə birgə icra etdiyi təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində reallaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.