“Bizdə yaşayış məntəqələrində sərhədlər itib”
Noyabrın 15-də Mingəçevir Media Mərkəzində Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı məlumatlandırma sessiyasında Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov belə deyib. İlin əvvəlindən qüvvəyə minən yeni qanun barədə məlumat verən ekspert Məcəllənin yaranma zərurəti və tətbiq sahələri haqda ətraflı danışıb. O, bildirib ki, ərazi planlaşdirilmasi zamani məsuliyyət Şəhərsalma və Arxitektura Komitəsinin üzərindədir. Çünki tikintiyə icazəni o verir. Hər bir planlaşdırma zamanı əhalinin yaşayışının təmin edilməsi, iş yerlərinin açılması, eyni zamanda ətraf mühitə təsirlərin azaldıması üçün tədbirlər həyata keçirilməlidir.
Səyyad müəllimin fikrincə, tikinti fəaliyyəti zamanı ilkin olaraq layihə hazırlanmalı, obyektin yeri, digər obyektlərlə arasındakı məsafə, işlənəcək materialların keyfiyyət sertifikatları və digər detallar xırdalığına qədər nəzərdən keçirilməlidir: “Təəssüf ki, indiyədək bunlar gözlənilməyib. Bizdə yaşayış məntəqələrində sərhədlər itib. Halbuki sağlamlıq və ətraf mühitin qorunması baxımından yaşayış sahəsi ilə ticarət obyektləri, istehsalat zonaları ayrılmalıdır”.
Ekspert bəzən vətəndaşların qanunsuz inşaat işləri apardıqlarını, bunların söküləcəyi təqdirdə dövlət qurumlarını günahlandırdığını da deyib: “Adam qanunsuz tikintisi söküldükdən sonra dövlətdən təzminat istəyir. Bəzən insanlar kənd təsərrüfatı üçün ayrılmış sahələrdə tikinti fəaliyyətini yerinə yetirirlər. Avropada bağ sahələrində yalnız mövsümi işlər görmək üçün müvəqqəti olaraq yüngül konstruksiyalı tikintiyə icazə verilir. Dövlət istədiyi vaxt onun sökülməsinə qərar verir. Həmin torpaqların özəlləşdirilməsi qadağandır. Bizdə isə 6 sot torpaq bir tikinti üçün ayrılsa da, orda bəzən iki-üç ev tikilir”.
Məlumatlandırma sessiyasında Kür çayı boyunca 150 metrdən yaxın məsafədə tikililılərin aparılmasından, məhəllələrdə qarajların artmasından, qonşuluq haqqının gözlənilməməsindən, binalara qanunsuz artırmala razılıq verilməsindən də danışıldı. İştirakçılar çıxış yolunu vətəndaş fəallığının, məmur məsuliyyətinin artmasında, bu sahədə maarifləndirmənin aparılmasında gördükıərini dedilər.
Tədbir Almaniyanın Beynəlxalq Əmkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi proqramı çərçivəsində həyata keçirilib.
Şərhlər bağlıdır.