Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Biz sizə, mediaya güvənirik”

Azərbaycan Milli Mətbuatı  və Jurnalistika günü münasibətilə Mingəçevir Bələdiyyəsi də KİV nümayəndələrini yaddan çıxarmayıb.  Bələdiyyə sədri Coşqun Abdullayevin kabinetində təşkil olunan çay süfrəsində  qarşılıqlı əməkdaşlığın  müxtəlif  formaları müzakiırə olunub. Jurnalistlərə bayram təbrikini çatdıran sədr  bələdiyyənin uğurlarında yerli KİV-in rolundan həvəslə danışıb:  “Uzun illərdir ki, biz birlikdə çalışırıq.  Sizin köməyinizlə son 15 ildə bələdiyyə oturuşmuş və cəmiyyətin qəbul etdiyi bir quruma çevrilib. Biz sizə təşəkkür edirik, biz sizə, mediaya  güvənirik”.

C.Abdullayev Azərbaycanda, o cümlədən şəhərimizdə medianın  sərbəst fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığı,  həm Bakıda,  həm də Mingəçevirdə keçirilən birinci Avropa Oyunlarında və digər  yerli və beynəlxalq tədbirlərdə əksər KİV təmsilçilərinin  ölkəmizin mənafeyini üstün tutması və   insanlara obyektiv, qərəzsiz və operativ  informasiya çatdırması  barədə də danışıb.

Bələdiyyənin komissiya sədri Zahid Qasımlı  hələ də bir sıra nəşrlərin reketçiliklə məşğul olduqlarından təəssüfləndiyini bildirib:  “Bəzən ildə bir-iki nömrəsi çıxan qəzetlərdə  bizim ünvanımıza ağ yalanlar yazır, axırda da qeyd edirlər ki, qarşı tərəfə də söz verməyə hazırıq. Sonra zəng vururlar, bizimlə görüşmək istəyirlər.  Əgər söhbət normal və ciddi jurnalistikadan gedirsə, hər bir yazıda balansın gözlənilməsi vacibdir.     Əslində isə “reketçi”lərin bir məqsədi var: şantaj yolu ilə pul qoparmaq. Biz isə ümumiyyətlə onların yazdıqlarına əhəmiyyət verməmək, ancaq öz işimizlə məşğul olmaq yolunu seçmişik”.

“Mingəçevir işıqları” qəzetinin baş  redaktoru, Əməkdar jurnalist  Fərman Nəbiyev   media və bələdiyyə münasibətlərindəki məqamlara diqqəti yönəldib:  “Bu gün bələdiyyəyə  çatacaq əmlak, mədən və digər vergilərin toplanmamasının səbəblərini araşdırmaq  jurnalistin  həm peşə, həm də mənəvi borcudur. Çünki toplanan bu vəsait dolayısı ilə bizim özümüzə qayıdır-həyətimizdəki mağarlar təmir olunur, yollarımız abadlaşdırılır və s. Əhali ilə maarifləndirmə işini aparmaq da KİV-in öhdəsinə düşür. Əgər biz bələdiyyəyə yaxşı kömək etsək, o da sabah qəzetlərimizin maliyyələşdirilməsinə yardım edər, reklam verməkdə çətinlik çəkməz”.

F.Nəbiyev  Azərbaycan Prezidentinin sərəncamları ilə mükafatlandırılanlar arasında Mingəçevirin KİV nümayəndələrinin olmaması məsələsinə də münasibətini açıqlayıb: “Bəzən düşünürlər ki, biz bölgədəyik, heç kimin yadına düşmürük.  Bəlkə də 10-15 il əvvəl belə ola bilərdi. Bu gün  isə informasiya əsridir. Harda yaşamağından asılı olmayaraq, sənin informasiyanı dünyanın istənilən yerində izləyə bilirlər. Şəxsən biz Avropa Oyunları zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Bakıdan  gəlmiş jurnlaistlərlə birlikdə media otağında çalışaraq, gün ərzində  ən operativ idman xəbərlərini, qaliblərlə müsahibələri  qəzetimizin elektron səhifəsinə yerləşdiririrdik. Eyni zamanda “Mingəçevir işıqları” olaraq, vaxtaşırı araşdırma yazılarımızı oxucularımıza təqdim edirik. Elə bunun nəticəsidir ki, qəzetimizin əməkdaşı Yeganə Nəbiyeva region jurnalistikasının inkişafındakı xidmətlərinə görə H.B.Zərdabi mükafatına layiq görüldü”.

“Mingəçevir”  qəzetindən Mirsədi Daşdəmirov, “Azərbaycan işıqları”ndan Yusif  Ələkbərov,  “Mingəçevir leysanı”ndan İsmayılı İmanzadə,  Mingəçevir  Televiziyasından  Ehtiram  Muradlı  səmimi qəbula  və təbrikə  görə bələdiyyə başçısına və üzvlərinə minnətdarlıq ediblər. İşgüzar söhbət in sonunda KİV nümayəndələrinə bələdiyyə tərəfindən pul mükafatları verilib.

Şərhlər bağlıdır.