Birgəyaşayışa aparan çətin və ağrılı yol
Qarabağda Azərbaycan və erməni əsilli vətəndaşlarımızın birgəyaşayışı barədə keçmiş məcburi köçkünlər nə düşünürlər?
Azərbaycan hökuməti bəyan edib ki, ölkədəki bütün məcburi köçkünlər öz əvvəlki dədə-baba yurdlarına qayıdacaq. Həmin ərazilərə 44 günlük müharibədən sonra Qarabağda işğaldan azad olunmuş torpaqlar, eyni zamanda rus sülhməramlılarının mühafizə zonasında olan və ermənilərin məskunlaşdıqları rayonlar daxildir. Bəs bu yerlərdə Azərbaycan və erməni əsilli vətəndaşlarımızın birgəyaşayışı yaxın zamanda gerçəkləşə bilərmi?
Suala cavabı hökumət adamlarından deyil, qayıdası şəxslərdən-məcburi köçkünlərdən almağa qərar verdik. Görüşə Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Xocalı və Şuşadan olan şəxslər qatıldı. Onlarla yarım günlük görüşümüzdə aşağıdakı suallara cavab axtardıq: “30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız?”, “Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər?”, “Sülh üçün nə etmək lazımdır?”, “Ermənilərlə birgə yaşayış barədə nə düşünürsünüz?”
Həyat hekayələrindən başlanan görüşdə eşitdiklərimizi çılpaqlığı ilə qələmə almağa qərar verdik.
Mərcan Rüstəmova: “Qarabağı görməyən gənclər də qayıdış gününü həsrətlə gözləyir”
Ağdam rayonunun Novruzlu kənd sakini Aytən Qurbanova deyir ki, valideynləri köçkün kimi bu şəhərə gəlib və o da burada doğulub: “Amma doğulandan köçkünlük həyatınn ağrılarını yaşayıram. Ata-anam, nənəm və babam mənə Ağdamdakı firəvan, bağ-bağatlı həyatları barədə o qədər danışıblar ki… Amma indi rayonumuzda daş üstə daş qalmayıb”.
Füzuli rayonunun Horadiz qəsəbəsinin sakini Mərcan Rüstəmova universitetdə təhsil alır, 2 kurs tələbəsidir. O da köçkün ailəsində doğulub, 2020-ci ilədək-Azərbaycan torpaqları işğaldan azad olunanadək köçkün damğasının altında yaşayıb: “Şükür Allaha və ordumuzun qüdrətinə ki, ailəmiz qayıdış ərəfəsindədir və köçkün damğası üstümüzdən götürülür. Qarabağı bir gün görməyən gənclərimiz də Qarabağa qayıdış gününü həsrətlə gözləyirlər”.
Ağdam rayonunun Boyəhmədli kənd sakini Səbinə Əliyeva tarix ixtisası üzrə ali təhsil alır: “Qarabağlı olan və ya olmayan üçün də orda yaşamaq maraqlı və şərəflidir. Ailəmizdə bu haqda vaxtaşırı müzakirələr edirik. İlk imkan yaranan kimi kəndimizə qayıdacayıq!”
Anası Xocalıdan, atası isə Kəlbəcərdən olan Səma Zeynallı da tələbədir. Deyir ki, anası 12 yaşı olanda Xocalıdan çıxıb: “Azərbaycanın Milli Qəhrəmanı, Xocalıdan olan Əlif Hacıyev yaxın qohumumuzdur. Biz onu və digər əzizlərimizi torpaqlarımızın işğalı zamanı itirmişik. Evimizdə Xocalı və Kəlbəcərlə bağlı xatirələri həmişə bölüşürlər. Mən də bu xatirələrin içərisində böyümüşəm və özümü həm xocalılı, həm də kəlbəcərli hesab etmişəm. Və Qarabağda, dədə-baba yurdumda məmnuniyyətlə yaşamaq istəyirəm”.
Laçın rayonu Daşlı kənd sakini Sübhan Camalovun valideynləri də köçkündürlər. Hazırda Şəki rayonunda yaşayırlar. Sübhan deyir ki, Laçını görməsə də yaşlıların söhbətlərindən hər daşına, kəndinə bələddir: “Oranı mənə cənnət kimi sevdiriblər”.
Elşən Əzim: “Yüz minlərlə insan bu gün Kəlbəcərə, Ağdama, Füzuliyə, Laçına, Qubadlıya getmək üçün növbəyə dayanıb”
Köçkün məktəbinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim Kəlbəcər rayonunun Zülfiqarlı kəndində doğulub. 18 yaşında məcburiyyət üzündən (rayonun işğalı ilə əlaqədar) kəndini tərk edib. Hazırda iki övlad atasıdır. Deyir ki, hətta sosial şəbəkələrin aktiv olmadığı vaxtlarda Kəlbəcərin fotolarını uşaqlarına göstərirmiş: “Yadımdadır, bir dəfə oğlumu 3 yaşında Bakıya aparırdım, Şamaxı dolaylarını qalxanda soruşdu ki, ata, bura Kəlbəcərdir? Başa düşdüm ki, dədə-baba yurdumu balalarıma sevdirə bilmişəm. Bəzən şayiələr gəzirdi ki, torpaqlar azad olunsa da köçkünlər qayıtmayacaq. Amma o fikirlrləri səsləndirənlər indi səhv etdiklərini etiraf edirlər. Bizim kənd Kəlbəcərin mərkəzi kəndlərindəndir. Kənddə iki mərtəbəli univermaq, ticarət idarəsi, böyük məktəb , ATS, iki korpuslu xəstəxana var idi. 250 ev təsərrüfatı mövcud idi. Əhali sayı 1500-ü keçirdi. Ailələrin əksəriyyəti çoxuşaqlıydı. Camaatın şəraiti çox yaxşıydı. Ərazimiz böyük olduğundan meşə torpaqları və örüş sahələri hamının tələbatını ödəyirdi. Buna görə də yaxşı gün-güzəran gördüyümüz torpaqları unutmadıq, 30 ilə yaxın keçsə də hər gün geri dönəcəyimizi düşündük. Yəqin sosial şəbəkələrdə də şahidi olmuşunuz ki, erməni işğalı altında olan zamanlarda insanlarımız həyatlarını riskə qoyaraq, gizlin yollarla Kəlbəcərə gedirdilər. Hazırda torpaqlarımızın böyük əksəriyyəti işğaldan azad olunsa da ərazilərimizin minalardan təmizlənməsi başa çatmayıb, amma yüz minlərlə insan bu gün Kəlbəcərə, Ağdama, Füzuliyə, Laçına, Qubadlıya getmək üçün növbəyə dayanıb. Budur yurda sevginin, torpağa bağlılığın gücü! Mən 18 yaşımda çıxdığım Kəlbəcərə son 2 ildə 2 dəfə getmişəm, Şuşada Vaqif poeziya günlərində iştirak etmişəm. İlk dəfə xarabaya çevrilmiş kəndimizi görəndə az qala ürəyim partlayacaqdı. Bu anda evdən zəng gəldi və ailəmə ağlaya-ağlaya dedim ki, bir daşı da qalmamış evimizin qarşısındayam. Bəlkə də ağlamasaydım, ürəyim partlayacaqdı…””.
Elşən müəllimin fikrincə, o zaman ağdamlıların şəraiti və imkanı kəlbəcərlilərdən də üstün idi: “Keçmiş SSRİ-də bəlkə də ən varlı ticarət mərkəzi Ağdamda idi. Burada özəl sexlər fəaliyyət göstərirdi, sahibkarlıq formalaşmışdı, halbuki ölkənin heç bir yerində buna imkan verilmirdi. Onu da xatırladım ki, Ağdamın və Kəlbəcərin kəndlərində ermənilər yaşamırdı. Kəlbəcərə yol Ağdərədən keçib, Ağdama uzanırdı. Ermənilər Ağdərədə məskunlaşmışdılar. 88-ci ildə hadisələr başlayanda maşınlarımızı daşlayırdılar. 90-cı ildən sonra işıq xəttimizi kəsdilər, avtomobil yolumuzu bağladılar. Rayon işğal olunana qədər mühasirə şəraitində və işıqsız qaldıq. Laçının işğalından sonra Kəlbəcər tam müdafiəsiz qaldı. Təsəvvür edin, beş il bu şəraitdə yaşadıq və dirəniş göstərdik. Bu, əsl qəhrəmanlıq idi”.
Laçın rayonunun Şam kənd sakini İxtiyar Həsənli də evlərini tərk edəndə 18 yaşında olub: “Müharibə və köçkünlük gəncliyimizi əlimizdən aldı. Komalarda yaşadıq, bir xoş gün görmədik, əzizlərimizi qürbətdə dəfn etdik, sağlamlığımızı itirdik. Təkcə ümidimizi, qayıdacağımıza inamı itirmədik…”
Flora Namazova: “Kirvə də cavabında dedi ki, Qarabağ həm sizindir, həm də bizim, vallah, biz kasıblar müharibə istəmirik”
Ağdam rayonunun Şıxbabalı kənd sakini, filologiya elmləri doktoru Flora Namazova Sovet dövründə Xankəndidə ali təhsil alıb. Həmin ali məktəbdə 3 dildə-Azərbaycan, rus və erməni dillərində təhsil verilirmiş: “1987-ci ildə məktəbi qurtardım, 88-ci ildən isə müharibə alovlanmağa başladı. Gizlətmirəm, mən erməni qızları ilə yaxın olmuşam. Hətta bir yerdə idmana da gedirdik. Erməni ustaları bizim kəndlərdə evlər tikirdi. Gözəl əl qabiliyyətləri vardı. Hətta bizim ailələrlə kirvə olurdular. Kənddə qaloşa ehtiyac var idi, onu da ermənilər gətirirdi. Bakıda da yaxşı yerlərdə işləyirdilər. Yaxşı yadımdadır, 85-ci ildə paytaxtda “Gənclik” mehmanxanasında erməni qızları ilə qalırdım. Qeydiyyat bölümüündə oturan erməni qadın məndən soruşdu: “Hayes, türkes?” Mən də fərqinə varmadan cavab verdim: “Azərbaydjanskiy”. Ermənı qızlar gülüşdülər. Sonradan bildim ki, bu sözlərin mənası nədir”.
Flora xanım ermənilərlə bağlı digər xatirələrini də bölüşür: “Tələbə olanda anam ət göndərirdi, yarısını kəsib erməni rəfiqələrimə verirdim. Heç vaxt düşünməzdim ki, onlardan bizə pislik gələ bilər. Yadımdadır, Mingəçevirdə İra xala vardı, qızları ilə də rəfiqə idim. Hadisələr başlayanda Ermənistana yox, Rusiyaya getdi. Deyirdi ki, azərbaycanlılardan heç bir pislik görməmişəm.
Bir dəfə Moskvada idim, baxdım ki, bir kişi elə hey mənim yanımdan o tərəfə keçir, bu tərəfə keçir. Axırda yaxınlaşıb dedi ki, sən qalayçılardansan? (bizim kəndi belə adlandırırdılar). Təəccübləndim ki, bu kimdir ki, məni tanıyır. Dedi ki, sənin babanla mənim babam kirvə olub, evinizə yasa da gəlmişəm. Rəfiqəm Sima xanım onun erməni olduğunu görüncə soruşdu ki, “Qarabağ sizindir, yoxsa bizim?” Kirvə də cavabında dedi: Qarabağ həm sizindir, həm də bizim, vallah, biz kasıblar müharibə istəmirik: “Mənim oğlum ortalıqda qalıb. Nə orda qeydiyyatdan çıxa bilmir, nə də Moskvada uçota götürülmür”.
Moskvada bir yaşlı erməni qadınla da tanış oldum. Ağlaya-ağlaya dedi ki, vaxtilə Ağdamda məsul vəzifədə işləyib, Bakıda da evi varmış: “Hələ də yatanda Bakıdakı evimi yuxumda görürəm. Mən onu sata da bilmədim”. Rəfiqəm dedi ki, biz də evimizi dolu qoyub, çıxdıq, indi də gəlib yerini viran gördük: “Sizin eviniz qaldı, amma bizim evimiz də, torpağımız da…Görün, kim daha çox itirib?” Yeri gəlmişkən, kəndimizi iki yerə bölən Qabartı çayının suyu bambaşqaydı. Atam vətən həsrəti ilə rəhmətə gedəndə deyirdi ki, o çayın suyundan içsəm, sağalaram”.
Zemfira Əliyeva: “Sıravi, kasıb ermənilər bu münaqişələri törədənləri sevmirlər. Onlar bir qrup qaniçənin əlində girova çevrilmişdilər”
Qubadlı rayonu Qaraimanlı kəndindən məcburi köçkün düşən Zemfira Əliyeva Bakıda doğulub, ailə həyatı ilə bağlı Mingəçevirə gəlib, sonra həyat yoldaşının valideynlərinin xəstə olmasıyla əlaqədar Qubadlıya köçüb: “Valideynlərim də bu kənddəndir. Kəndimiz Laçın yolunun üstündədir. Hadisə qabağı məni və uşaqlarımı rayondan çıxardılar, yoldaşım isə qaldı. O, 3 günlük mühasirədən sonra Arazı addayıb, İran tərəfdən qayıda bildi. Doğma dayım isə 3 il erməni tərəfdə girov qaldı. Onu Qubadlıdan Xankəndinə aparmışdılar. Xoşbəxtlikdən o və digər 11 nəfər əsirimiz “Qızıl Xaç”ın siyahısına düşmüşdü. Dayım deyirdi ki, evlərində qaldığı erməni ailəsinin xanımı ona yaxşı baxırmış, qış aylarında əlcək və corab toxuyub verirmiş. Hətta gizlin şəkildə əysiyə bükülü halda yemək də gətirirmiş. Dayımın dediyinə görə, əvvəl yeməkdən imtina edib. Düşünüb ki, onu zəhərləyərlər. Qadın deyib ki, narahat olma: “Mənim oğlum Azərbaycanda girovdur. “Qaranquş” dəstəsi onu tutub. Sizi onunla dəyişmək istəyirəm”. Bu dəyişmə prosesi Rostovda baş tutdu. Sonradan başa düşdüm ki, sıravi, kasıb ermənilər bu münaqişələri törədənləri sevmirlər. Sadəcə onlar da bir qrup qaniçənin əlində girova çevrilmişdilər. Bizim qonşu kəndlərimizdə həm ermənilər, həm də azərbaycanlılar birgə yaşayırdılar. Hər ikisi bir-birinin dilində sərbəst danışırdı. Ermənilər bizim kəndə də tez-tez gələrdi, əsasən balıq ovuna. Həkəri çayında bol balıq var idi”.
23 yaşında Şuşadan çıxan Reyhan Quliyeva deyir ki, ötən əsrin 90-cı illərində bibisinin həyat yoldaşını Xankəndində maşınında yandırıblar: “Mən mühafizə bölməsində çalışırdım, üstümdə silahım da var idi. Yaşadığım bina İcra Hakimiyyətinin yanında idi. Qardaşım da polisdə işləyirdi. O zaman əksər polisləri məzuniyyətə buraxmışdılar. Mayın 6-da Şuşanı tərk etdim. Şuşa xəyanətin qurbanı oldu”.
Reyhanın fikrincə, 88-ci il hadisələrinə qədər azərbaycanlı və ermənilər arasında heç bir münaqişə yaşanmırdı: “Çox mehriban yaşayırdıq. Münasibətlərimiz çox yaxşıydı. Bir-birimizin xeyrinə-şərinə yarıyırdıq. Hətta 88-ci ilin hadisələrindən sonra bir erməni qonşumuz Xankəndinə köçmüşdü, sonra əşyalarını götürmək üçün Şuşaya gələndə hamımız onu mehribanlıqla qarşıladıq. Deyirdi ki, bu davada sıravi insanların günahı yoxdur. Adamları yerindən-yurdundan edirlər. Rəhmətlik atam deyirdi ki, Allah heç kimə qaçqınlıq həyatı qismət olmasın. O zaman Xocalının bir məhəlləsi vardı, orda qaçqınlar məskunlaşmışdılar. Biz onların necə sıxıldıqlarının şahidi olurduq”.
Hüseyn Əliyevin valideynləri Ağdam rayonunun Yusifcanlı kəndindəndir. O, yaşıdlarının əksəriyyətindən fərqli olaraq, köçkünlük həyatını ağrılarını öz gözləri ilə görüb: “Ailəm bir yerdən başqa yerə köçdükcə mən də bu narahatlığın içində böyüyürdüm. Əvvəllər Ağcabədidə, “Türk çadı”rında məskunlaşdıq. 2006-cı ildə Ağdam rayonunun Qasımbəyli qəsəbəsinə köçürüldük. Bu evlər tələbatımızı qismən ödəsə də normal yaşayışdan uzaq idi. Qəsəbənin yerli sakinləri bizə torpağı qoyub qaçmış adamlar kimi baxırdılar. Belə təpki altında həyat isə çox ağır idi. Təbii ki, mən də kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Amma yenidən orada ermənilərlə birgə yaşayacağımızı qəbul edə bilmirəm”
Hüseyn deyir ki, atası Qarabağa qayıtmaq arzusundaydı, amma eşidəndə ki, orada azərbaycanlılarla ermənilər bir yerdə yaşayacaq, fikrindən daşınıb: “Atam qardaşının qatilləri ilə bir yerdə yaşamaq istəmir. Bəlkə də uzun zaman lazımdır ki, müəyyən şeylər unudula…Bizim ölkədə başqa xalqlar da yaşayırlar, lakin heç biri dövlətimizə ziyan vurmayıb. Onlar başa düşürlər ki, bu Vətən hamımızındır. Üstəlik ölkənin ərazi bütövlüyü uğrunda müharibəyə də oğullarını göndərməkdən boyun qaçırmayıblar”.
Azərbaycan erməniləri Qarabağdan köçürmək siyasəti yürütmür
Elşən Əzimin fikrincə, bu gün cəmiyyət birgəyaşayışa hazır deyil: “Ünsiyyətdə olduğum adamlardan bunu eşidirəm, sosial şəbəkələrdən hiss edirəm. Elə ailə yoxdur ki, bu savaşdan əziyyət çəkməsin. Kin, qəzəb mövcuddur. Amma reallıq odur ki, Azərbaycan əsilli ermənilərin Qarabağdan köçürülmək siyasəti yürüdülmür. Biz istəyirik ki, rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdə də Azərbaycan bayrağı dalğalansın, Azərbaycanın bütün inzibati strukturları, pul vahidi işlək olsun. Məsələn, Xankəndiyə və digər ərazilərə Azərbaycan prezidentinin sərəncamı ilə icra başçıları təyin olunsun. Hətta erməni əsilli şəxs təyin olunsa da, təyinat Azərbaycan prezidentindən gəlsin. Əgər Xankəndinin icra başçısı erməni olacaqsa, müavini azərbaycanlı olmalıdır. Həmin ərazilərdə bələdiyyələr də yaradılmalı, əhaliyə pay torpaqları verilməlidir. Qarabağda erməni dilində notariusun olması, erməni deputatın seçki yolu ilə gəlib Azərbaycanın Milli Məclisində oturması çox vacibdir. Qarabağ ermənisinin məvacibi də normai səviyyəyə çatdırılmalıdır. Təkcə ermənilərin yaşadığı yerlərdə deyil, Qarabağın digər bölgələrində də yeni iş yerləri açılmalıdır”.
Elşən Əzim bu qənaətdədir ki, erməni əsilli vətəndaşlarımız Azərbaycan vətəndaşlığını qəbul etməlidir, amma bundan sonra da bir problem yarana bilər: “Erməni əsilli şəxs də sabah Azərbaycan ordusunda ölkədəki başqa millətlərin nümayəndələri kimi hərbi xidmətə cəlb olunmalıdır. Təsəvvür edin ki, şəhid oğlunun zabit kimi qulluq etdiyi hərbi hissədə erməni soydaşımız da əsgərlik edir. Bu, müəyyən narahatlıq yaşada bilər. Eyni zamanda ermənilərdən ibarət ayrıca hərbi hissənin yaradılması da təhlükəlidir, çünki təcrübədə bunun ağır təsirlərini görmüşük. Buna görə də əlverişli qaydalar və şərtlər hazırlanmalıdır. İlk növbədə qanunsuz silahlı birləşmələr təmizlənməlidir. Ərazidə 2 dildə-Azərbaycan və erməni dillərində həm orta, həm kollec, həm də universitet səviyyəsində təhsil qurulmalıdır. Əgər tərəflər 88-ci ilə qədərki vəziyyətə qayıtmaq istəsə, bu, mümkün olmayacaq. Çünki hər iki ölkədə köçənlərin evlərində başqaları yaşayır və onları da küçəyə tökmək olmaz. Əgər Ermənistan tərəfi Azərbaycandan gələn ermənilərin geri qayıtması tələbini irəli sürərsə, təbii ki. biz də Ermənistandakı mülklərimizə sahib çıxmalıyıq”.
İxtiyar Həsənli düşünür ki, Ermənistanın sağlam ictimaiyyəti vəziyyəti doğru dəyərləndirməyi bacarır: “Baxın, müharibədə uduzan ölkədə Paşinyanın partyası seçkilərdə yenidən qələbə çaldı. Çünki əvvəlki hökumətlərdən camaat doyub və indiki hakimiyyətin onları xilas edəcəyinə inanır. Mən sosial şəbəkələrdə izləyirəm, erməni anaları da müharibəni lənətləyirlər. Azərbaycanda maaşların artırılması, güzəştli kreditlərin verilməsi, rahat yolların çəkilməsi qarşı tərəfə bir mesajdır ki, bizimlə yaşayanlar bu imkanlardan bəhrələnə bilir”.
Sağlam qüvvələr cinayətkar planların həyata keçirilməsinə yol verməməlidir
Zemfira Əliyeva hesab edir ki, sülhməramlılar və Livandan gəlmiş ermənilər ordan çıxarılmalıdır: “Orada Azərbaycan əsilli ermənilər qalarsa və yaşayarsa, biz onlarla rahat dil tapa bilərik”.
Sübhan Camalovun qənaətinə görə, biz özümüzü onlarla birgə yaşamağa hazırlamalıyıq: “Azərbaycan multikultural ölkədir. Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, başqa azsaylı xalqlar kimi bizimlə rahat və sərbəst yaşaya biləcəklər”.
Səbinə Əliyeva deyir ki, istəsək də, istəməsək də, ermənilərlə birgə yaşamağa məcburuq. Flora Namazova isə diqqətə çatdırır ki, onun Rusiyada yaşayan qohumu erməni millətindən olan şəxslə şərikli çalışır və onlar vaxtaşırı bir-birlərinin evlərində olurlar: “Gəlin qəbul edək ki, dünyanın əksər yerlərində azərbaycanlılar və ermənilər bir yerdə rahat yaşayır, ticari əlaqələrə malikdir. Vaxtilə Avropada 100 il müharibə aparmış dövlətlər bu gün bir İttifaqda birgə və rahat yaşamırlarmı? İqtisadi münasibətlər, kommersiya əlaqələri insanları yaxıınlaşdıran vasitələrdir”.
Gərgin keçən görüşdə iştirakçılar bir vacib məsələyə də münasibətlərini bildirdilər. Əksər çıxışlarda vurğulandı ki, müharibə, qarşıdurma bir sıra qüvvələrə sərfəlidir. Onlar 30 il ərzində əhalinin köçürülməsi, müharibə alovunun qızışdırılması nəticəsində böyük pullar qazanıblar. Qarabağda daşı daş üstə qoymayıb, hətta başdaşıları, ölülərin dişlərini də çıxardıb, satıblar. Sadə erməni, ya azırbaycanlı bundan faydalanıbmı? Xeyr! Milyonlar o qrupun cibinə axıb. Bu gün isə o pullar yoxdur. Hər iki ölkədə münasibətlər sivil formada həll olunanda, quldurlar kənarda qalır. Əslində vətəni, milləti, insanlığı olmayan cinayətkarlar başqalarının bədbəxtliyi üzərində “xoşbəxt” olmaq istəyirlər. Bu “xoşbəxtlik” isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmaması və yenidən müharinə alovunun qızışması, qan tökülməsi, anaların gözlərinin yaşlı qalması nəticəsində mümkündür. Buna isə hər iki ölkədə cəmiyyətin sağlam qüvvələri imkan verməməlidir.
İctimai müzakirəni təşkil etdilər və ictimaiyyətə çatdırdılar:
Yeganə NƏBİYEVA və Fərman NƏBİYEV
Şərhlər bağlıdır.