Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Birgəyaşayış cəhdləri ilə bağlı sənədli film çəkiləcək

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 bölgədə köçkünlərlə fokus-qrup müzakirələri təşkil edəcək və onların hökumətdən gözləntilərini araşdıracaq

35

Azərbaycan hökuməti İkinci Qarabağ müharibəsindən dərhal sonra “Böyük Qayıdış” proqramı çərçivəsində dağılmış şəhərləri və binaları yenidən qurur. Ağıllı kəndlərin, eləcə də hava limanlarının inşasına start verilib. Zəngilan rayonunun Ağalı kəndinə qayıdışdan sonra yeni Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, sürətlə tikinti işlərini davam etdirir.

Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış prosesini sürətləndirir. Amma köçkünlərin sosial-psixoloji vəziyyətini öyrənmədən və onları mənəvi cəhətdən qayıdışa hazırlamadan proses səmərəli ola bilməz. Söhbət həm də azad olunmuş torpaqlarımızda, xüsusən hazırda rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Xankəndi, Xocalı və digər ərazilərimizdə Azərbaycan və erməni əsilli soydaşlarımızın gələcəkdə qonşuluq şəraitində birgəyaşayışından gedir. ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun dediyi kimi: “Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir”.

Bəs 30 illik həsrətdən sonra doğma torpaqlarına qayıdacaq sadə azərbaycanlılar nə düşünürlər?   Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində suala cavab axtaracaq. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyul ayının əvvəlindən sentyabr ayının sonunadək icra olunacaq.

MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, uzun illər savaşdan əziyyət çəkən saysız-hesabsız insanı tədricən birgəyaşayış prosesinə hazırlamağa ehtiyac var: “Hər bir köçkünün ağır taleyi var. Onlarla davamlı işləmədən günün birində deyə bilmərik ki, sabah gedib ermənilərlə qonşuluqda və ya birgə yaşayacaqsınız. Bu baxımdan müəyyən qədər diskussiya yaradacaq atmosferdə müzakirə aparmaq, ictimai rəyi öyrənmək və sonda real mənzərəni hökumətin diqqətinə çatdırmaq vacibdir. Köçkünlərin fikirləri birgəyaşayışla bağlı gələcəkdə dövlət proqramının hazırlanmasında da əhəmiyyətli rol oynaya bilər”.

Layihə rəhbəri onu da vurğulayıb ki, 3 bölgədə köçkünlərlə fokus-qrup müzakirələri təşkil olunacaq, onların hökumətdən gözləntiləri araşdırılacaq: “Eyni zamanda real vəziyyətdən bəhs edən qısa sənədli film çəkiləcək və ictimaiyyətin müzakirəsinə çıxarılacaq”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.