Bir tablonun tarixçəsi, yaxud “Mingəçevir işıqları”ndan yayılan işıq
“Çayın hər iki sahilində elektrik fənərləri Mingəçevirin ilk işıqlarıdır”
Azərbaycan Milli İncəsənət Muzeyində (Azerbaijan National Museum of Art) saxlanan bütün əsərlər əvəzsizdir. Biri isə bizim üçün daha dəyərlidir. Söhbət dünya şöhrətli rəssam Mikayıl Abdullayevinn 1948-ci ildə kətan üzərində yağlı boya ilə çəkdiyi “Mingəçevir işıqları” adlı tablodan gedir. Məlumatda oxuyuruq:
“Mingəçevir işıqları”, Mikayıl Abdullayev
1948 , Kətan, Yağlı boya
85 x 156 sm
Sovet rəssamları tez-tez tikinti sahələrinə, neft mədənləri və s. yerlere seyahet edirdiler.
Düz 70 il bundan əvvəl, 1948-ci ildə Mikayıl Abdullayev öz yaradıcı komandası ilə Mingəçevir SES-nın tikintisini ziyarət etmişdir.
Tabloda Kür çayının sahillərində inşa edilən Mingəçevir SES-ı əks olunub. Çayın hər iki sahilində elektrik fənərləri Mingəçevirin ilk işıqlarıdır. Çayın sol tərəfində Boz-dağ ucalır. Ön planda keçid məntəqəsi, doğmalarını ziyarətə gəlmiş insanlar; ekskavatorlar, traktorlar vâ s. əks olunub.
İlk dəfə əsər 1948-ci ildə Moskvada “Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının (ÜİKGİ) – 30 illiyinə həsr olunmuş Ümumittifaqinin Bədii Sərgisində” sərgilənmişdir. Daha sonra Buxarestdə (1958), Sofiya (1959), Belqrad, (1959) Tirana, (1959) Praqa (1959), Paris (1960), Livan, İraq, Suriya, BƏƏ (1965), müxtəlif sərgilərdə və 1972-ci ildə Monrealda keçirilən Beynəlxalq Sərgisində nümayiş edilmişdir.
55 il əvvəl nə baş verdi?
Bu rəsmin hazırda nəşr olunan “Mingəçevir işıqları” qəzeti ilə hansısa bağlılığı varmı? Bir məqamı diqqətə çatdıraq ki, şəhərimizin 1948-ci ildən “Mingəçevir inşaatçısı”, 1954-cü ildən “Mingəçevir işçisi” adı ilə nəşr olunan ilk qəzeti 1965-ci ildən “Mingəçevir işıqları”na çevrilib. Bəlkə də 55 il əvvəl partiyanın orqanına redaktor təyin olunan Fidail Abdullayevin (1965-ci ildən qəzet bağlanana qədər baş redaktor kimi fəaiyyət göstərib, Azərbaycanın Əməkdar jurnalisti olub) yerli qəzetə bu adı seçməsi elə həmin tablo ilə bağlıdır. Bəzi mənbələrdə deyilir ki, o zaman SES silsiləsində həmin adda divar qəzeti çıxırdı və sadəcə bu qəzetin adını da o vaxtkı jurnalist həmkarlarımız ordan götürüblər. Amma SES-də divar qəzeti buraxmaq istəyənlərin daha öncə çəkilən tablodan həvəsə gələrək bu adı seçdikləri də ağlabatandır.
Fidail müəllimə qədər qəzetə Əhməd Rəşid və Ağamusa Məmmədzadə rəhbərlik ediblər. Onlar mətbuatımızın inkişafında xüsusi rolu olan insanlar idi, hər üçü haqq dünyasına qovuşub. Allah rəhmət eləsin.
“Bizim öz yerimiz var”
“Mingəçevir işıqları” 1991-ci ildə bağlanmasına baxmayaraq, 1999-cu ildən müstəqil nəşr kimi fəaliyyətini davam etdirir. 2020-ci ilin yanvarından onlayn formada yayılır. Qəzetin nəzdində Media Mərkəzi fəaliyyət göstərir. Son 21 ildə bu nəşrə rəhbərlik etmək bizim üzərimizə düşür.
Biz həm hökümətdə, həm siyasi partiyalarda baş verən prosesləri, eyni zamanda cəmiyyəti narahat edən məsələləri gündəmə gətiririk. Baxırıq ki, əgər bu yazı cəmiyyəti maraqlandırırsa, deməli, yazmağa ehtiyac var. Heç kim bizə deyə bilməz ki, siz flan partiyaya yaxınsınız. Sadəcə kənardan müşahidəçiyik və bizim öz yerimiz var və heç bir qurumun yanında, yaxud qucağında oturmamışıq.
Hələ də bir sıra qəzetlər icra hakimiyyətlərinin orqanı kimi fəaliyyət göstərir. Çünki özlərində tam güc tapa bilmirlər. Eyni zamanda icra hakimiyyətləri də hələlik o qəzetlərdən əllərini götürmək istəmirlər. Normalda gec-tez bu qəzetlər də müstəqil nəşrlərə çevirilməlidir, ya da dayanmalıdır, çünki zaman bunu deyir.
Dünya qəzeti mobil telefonunda oxuyur
Gəlin, etiraf edək ki, indi insanların çoxu kağız formatda qəzet oxumur. Yəni biz niyə özümüzü aldatmalıyıq. Bəzi həmkarlarımız hesab edirlər ki, onlayn mediaya, qəzetlərin internet səhifəsinə ehtiyac yoxdur. Bölgə qəzetlərinin ən böyük problemi ondadır ki, bir çoxları hələ də köhnə “şinel”indən çıxa bilmirlər. Yəni onların düşüncəsi belədir ki, kağız qəzet qalmalıdır, insanlar məcburən abunə olmalıdır. Daha başa düşmürlər ki, dünya inkişaf edir, insanlar əllərində tutduğu mobil telefondan qəzet oxuyurlar. Sən əgər bu gün o informasiyanı çatdıra bilmirsənsə, deməli, gələcəyin, perespektivin yoxdur. Hər birimiz sadəcə dəyişikliyə meyilli olmalıyıq.
“Zərdabi babamızın əkdiyi ağacın kökünü kəsə bilmədilər”
145 il qabaq Həsən Bəy Zərdabi “Əkinçi”ni təkbaşına nəşr edəndə yalnız öz gücünə arxalanırdı. Bu nəşrin ömrü uzun çəkməsə də, Azərbaycanda milli oyanışa, çoxsaylı qəzet və jurnaların işıq üzü görməsinə təsiri böyük oldu. Məhz bunun nəticəsində Şərqdə ilk demokratik cümhuriyyət-ADR yarandı. Zərdabi babamızın əkdiyi ağacın kökünü 70 illik sovet hakimiyyəti dövründə də kəsə bilmədilər. İkinci müstəqillik illərində isə mətbuatımız hakimiyyətin ictimai nəzarət funksiyasını yerinə yetirən qollarından birinə çevrilir.
Bayramımız mübarək!
Şərhlər bağlıdır.