Hacıqabulda “Bir şəhid – bir hekayə” sənədli video layihəsinin yekun təqdimatı keçirildi
30 yanvar 2026-cı il tarixində Hacıqabul Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Bir şəhid – bir hekayə” sənədli video layihəsinin yekun təqdimat mərasimi keçirilib.
Layihə rəhbəri Nazilə Abbasova tərəfindən icra olunan sənədli film XTQ kəşfiyyatçısı, Şəhid gizir Abbasov Hüseynin həyat və şərəfli döyüş yoluna həsr olunub. Layihənin əsas məqsədi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasıdır.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edərək çıxış ediblər. Çıxış edənlər arasında Başçının birinci müavini Ələskərov Saleh Adil oğlu, Başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Dostəliyev Natiq Hökməli oğlu, şöbə müdirinin müavini – sektor müdiri Süleymanov Gülmirzə Nazil oğlu, məsləhətçi İgidəliyev Zəfər Xeybər oğlu yer alıblar.
Həmçinin Hacıqabul Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov çıxış edərək layihənin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə layihə rəhbəri Nazilə Abbasova çıxış edərək göstərilən dəstəyə görə minnətdarlığını bildirib və layihənin hazırlanma mərhələsindən bəhs edib. Daha sonra şəhidin anası Güldanə Bağıyeva, bacısı İsrafilova Naibə və müəllimi çıxış edərək Hüseynin həyat yoluna dair xatirələrini bölüşüblər.
Layihənin koordinatoru və ssenari müəllifi Aynur Araz çıxışında sənədli filmin ideya xətti, araşdırma prosesi və əsas mesajı barədə məlumat verib. Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova isə layihənin ictimai və mənəvi əhəmiyyətindən danışıb.
Tədbirin sonunda XTQ kəşfiyyatçısı, Şəhid gizir Abbasov Hüseynin həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük maraq və duyğusal anlarla qarşılanıb.
Layihə çərçivəsində təqdim olunan sənədli material şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində mühüm töhfə kimi qiymətləndirilib.






Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.