Bir neçə aydır ki, Mingəçevirdən yaxın kəndlərə işləyən avtobus marşurutlarının şəhər ərazisində dayanacaq yeri ilə bağlı məsələ müzakirə olunur. Problemin həlli istiqmətində artıq əksəriyyəti məmnun salan razılaşma əldə edilib.
Bu barədə “Avtomobil nəqliyyatı ilə daşımaların təşkili” MMC-nin Mingəçevir regional bölməsinin sözcüsü Sahib Kərimov məlumat verib. Onun dediyinə görə, bir neçə ay öncə bazar ətrafı ərazilərdən qonşu rayonların kəndlərinə işləyən marşurut avtobuslarının dayanacağını mövcud məkanda sıxlığı aradan qaldırmaq məqsədilə şəhərin çıxacağında yerləşən avtovağzal ərazisinə köçürmək barədə sərəncam verilmişdi. Bu qərar sürücü və sərnişinləri narazı salmışdı:
“Kənd marşurutları əsasən bazar ətrafı ərazilərdən yola düşür. Onların sərnişinləri də məhz yaxın ətrafdan məhsullarını Mingəçevir bazarlarına gətirən kəndlilərdir. Dayanacağın avtovağzala köçürüləcəyi təqdirdə onların gəlişi və qayıdışı əlavə vaxt itkisinə və yeni məsrəflərə yol aça bilər. Buna görə də Müşfiq Mirzəyev küçəsində, ticarət mərkəzi yaxınlığında iri dayanacağı beş il müddətinə icarəyə götürüb, sürücülərin ixtiyarına vermişik. Bu yer həm sürücü, həm də ticarət edən kəndlilər üçün sərfəlidir. Razılaşma əldə olunub və yekun təklifimizi şəhər rəhbərliyinə təqdim edəcəyik. Bu, aylardır sürən bir problemin vətəndaş marağının müsbət həlli istiqamətində həll yoludur”.
Müsahibimizin dediyinə görə, indidən sonra kəndlərdən gələn marşurut avtobusları sərnişinləri götürmək üçün dayanacaqdan bazar ətrafına növbəlilik əsasında yaxınlaşacaq. Bu isə ərazidə hərəkət sıxlığını aradan qaldıracaq.
Şərhlər bağlıdır.