Banklar sahibkarların SİF kreditlərinə əlçatanlığı təmin edəcəkmi?
Son üç rübün statistikasına görə, Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi 1950 layihədən cəmi dördü Mingəçevirdə aid olub
Noyabrın 25-də Mingəçevir Gənclər Evində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və KOBİA sahibkarlarla görüş keçirib. Məqsəd kiçik və orta bizneslə məşğul olan şəxsləri güzəştli kredit şərtlərindən yararlanmağa təşviq etmək, yeniliklər haqda məlumat vermək olub. İş adamları bankla müştəri arasında olan münasibətlərdən, xüsusən bank faizlərinin yüksək olmasından danışıblar.
Tədbiri Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi İlqar Pirməmmədov açıb. KOBİA-nın regional koordinatoru Ayaz Ədilov Sahibkarlığın İnkişafı Fondunun kreditlərindən Mingəçevirin ən az yararlanmasından narahatlığını ifadə edib. O, üzünü sahibkarlara tutaraq, soruşub: “Nə edək ki, Mingəçevir sahibkarları üçün SİF kreditlərinə əlçatanlıq təmin olunsun? 10 minlik kreditlər üçün KOBİA-nın dəstək mexanizmi var. Biz arayış təqdim edirik. Bu arayıs əsasında həqiqətən yerin o şəxsə məxsus olduğu və onun sahibkarlıq subyekti ilə məşğul olduğu təyin olunur. Sonra o, SİF-ə yönləndirilir və SİF o kreditlərə əlçatanlığı təmin edir”.
Sahibkarlığın İnkişafı Fondunun (SİF) idarə heyəti sədrinin müşaviri Namiq Zeynalov fondun yarandığı 30 il ərzində ölkə üzrə ümumi dəyəri təqribən 2.7 milyard manat dəyərində 42 mindən çox layihənin maliyyələşdirdiyini deyib: “Bu sahibkarlara verilən vəsaitdir. Ancaq ümumi layihələrin dəyəri altı milyarddan yuxarıdır. 180 mindən çox iş yerləri açılıb. Görürük ki, vaxtı ilə fəaliyyətə iki nəfərlə başlayan kiçik bir qrup indi böyük bir şirkətə çevrilib və onun yüzlərlə, minlərlə əməkdaşı var. Onlar banklardan böyük faizlərlə vəsait alsaydılar, bu uğuru əldə edə bilməzdilər. Onlar nəaliyyətləri bizim güzəştli illik beş faizlı vəsaitlərin hesabına qazanıblar”.
N.Zeynalovun fikrincə, əvvəllər sahibkarların bir çoxu bankdan götürdükləri krediti təyinatı üzrə xərcləmədikləri üçün problemlər yaranırdı. İndi isə əksinə, sahibkar öz evindən nəyisə satır ki, iş görsün: “Son üç rübün statistikasına görə maliyyələşdirdiyimiz 1950 layihədən cəmi 73 min manat dəyərində dörd layihə Mingəçevir şəhərinin üzərinə düşüb. Bunlardan üçü heyvandarlıq, biri isə çörək istehsalı üzrədir. Son beş ili araşdırdıq. Həmin müddətdə Mingəçevir üzrə 23 layihə həyata keçirilib. Onun da əksəriyyəti heyvandarlıq sahəsinə aiddir. Mingəçevir kimi sənaye şəhərində bu rəqəmlər təəssüf hissi yaradır. Biz bank-sahibkar münasibətlərini, sahibkarların fəaliyyətini təqib edərək, bu geriliyi yaradan səbəbləri aradan qaldırmaq üçün yollar axtaracağıq”.
SİF-in partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Qəzənfər Səfixanlı sahibkarlığın inkişafı üçün dəstək mexanizmləri, güzəştli kredit və müddətləri, avadanlıq kreditinin şərtləri, güzəştli kreditin verilməsi üzrə prioritet istiqamətlər, kredit almaq üçün SİF və banklara müraciət qaydası və tələb olunan sənədlər haqqında məlumat verib.
Sahibkarlardan Rövşən Qarayev, Mübariz Novruzov, Fərman Nəbiyev, Rövşən Hacıyev, Rəhman Qurbanov, Vaqif Həsənov, Orxan Nadirov, Əsabəli Qüdrətov, Anar İsmayılov və başqaları banklardan SİF kreditləri almağın çətinliyi, bank faizlərinin yüksəkliyi, SİF-ə müraciətlərin bəzən cavabsız qalması, tələb olunan məbləğın kəsirlə verilməsi üzündən lazımı avadanlıqları ala bilməmələri, ümumi kredit məbləğindən tutulan birdəfəlik faizin çox olması, sahibkarın yaş həddini bəhanə gətirərək kredit verilməsindən imtina edilməsi ilə bağlı irad və təkliflərini bildiriblər.
Sahibkarların sualları KOBİA və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri tərəfindən cavablandırılıb. Bankların təmsilçiləri sahibkarlara kredit verilişində köməklik edəcəklərinə söz veriblər.
Şərhlər bağlıdır.