Bakıda on iki inzibati rayonun olmasına ehtiyac varmı?
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bir qədər əvvəl mart ayında Maliyyə Nazirliyi regional idarəetməyə keçid ediblər. Son on il ərzində Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, keçmiş Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ədliyyə Nazirliyi bu sistemə keçib. Maraqlıdır ki, rayonlarda hüquq mühafizə orqanlarından başqa bütün sahələr “regionlaşdırılıb”. Bəs mərkəzi icra orqanlarının regional idarəetməyə keçidində əsas səbəb nədir? Onları belə sürətlə keçid etməyə nə vadar edir?
Fikrimizcə, əsas səbəb əksər icra başçılarının mərkəzi icra hakimiyyəti orqanlarının işinə yerli-yersiz müdaxiləsinin qarşısnı almaq olub. Bununla yanaşı səbəblər sırasında büdcə vəsaitlərinə müəyyən mənada qənaət etmək və “mərkəzi icra orqanlarının daxili ehtiyacları üçün toplanan maliyyə vəsaitinə göz dikənlərin” sayının azaldılmasına nail olmaq məqamları da var. Sizə təəccüblü gəlməsin, sonuncu məsələni həbs edilən məmurların dilindən eşitdiyim üçün belə yazdım və bu da bir həqiqətdir.
Bununla bağlı son vaxtlar hazırladığm təhlil və araşdırmalarda fikirlərimi oxucularla bölüşmüşəm. Təkrar olaraq bəzi fikirlərimi bir qədər təkmilləşdirlimiş formada yenidən təqdim edirəm.
Biz prosesin icrasının, yəni ölkəmizdə yerli idarətetmənin bələdiyyələrə, ölkənin idarəedilməsini isə regional idarəetməyə üstünlük verilməsinin tərəfdarıyıq. Etiraf edək ki, bu prosesin icrası nəticəsində ən çox iki tərəfdə qazanır – yəni büdcə vəsaitlərinə ciddi şəkildə qənaət edən dövlət və üzərinə məsuliyyət yükü düşən vətəndaş. Bu gün aparılan regional idarətemə siyasətində isə sanki bir pərakəndəlik hiss olunur. Yəni bir məsələyə görə, məsələn Ağdamın Quzanlı qəsəbəsində yaşayan həmyerlim Ağcabədiyə, digər bir məsələyə görə Tərtərə, başqa bir məsələyə görə Bərdəyə, bir başqa məsələyə görə Mingəçevirə gedirsə demək proseslərdə bir sistemsizlik var. Nədən belə olmalıdır? Əgər ölkə başçısı indiki pandemiya dövründə diqqət mərkəzində vətəndaşın olduğunu deyirsə, hər addımını məhz vətəndaşın xeyri üçün atırsa onda mərkəzi icra strukturları nədən vətəndaşa bu qədər əziyyət verir. Yəni regional idarələrin hərəsi bir rayonda olması qətiyyən yolverilməzdir. Odur ki, bu sahədə müəyyən nizam-intizamın yaradılmasına ehtiyac vardır. Və bu gün aparılan uğurlu siyasi və iqtisadi islahatlar ölkəmizdə regional idarəetməyə keçidin tezliklə reallaşcağından xəbər verir.
Bu arada gəlin etiraf edək ki, bu gün Bakıda on iki inzibati rayona və 53 bələdiyyəyə ehtiyac yoxdur. Nəzərə alaq ki, bu rayonların saxlanmasına yuxarıda qeyd etdiyim kimi büdcədən kifayət qədər vəsait ayrılır. İndiki şəraitdə xüsusəndə Bakı və Gəncədə səlahiyyətsiz rayon icra hakimiyyəti kimi bir qurumun saxlanmasına ehtiyac varmı? Düşünürəm ki, birinci növbədə bu rayonların birləşdirilməsi həyata keçirilməlidir.
Götürək İstanbul kimi on milyonluq şəhərin idarəedilməsini, Nyu-York, Paris və ya Moskva şəhərinin idarəedilməsini. Bu çoxmilyonluq nəhəng şəhərləri yerli özünüidarəetmə orqanı – meriya idarə edir. Nəyi pisdir? Nə isə narahatlıq və ya hansısa bir gic-gic hadisələr baş veribmi bu şəhərlərdə? Hansısa “otkat” məsələsi və ya on günlük MMC-ni tender qalibi ediblərmi? Eşitmisinizmi və ya oxumusunuzmu? Sizi bilmirəm, mənim rastıma çıxmayıb. Bəs biz niyə məsuliyyət yükünü məhz seçicinin üzərinə qoymaqla, öz məsuliyyətimizi azaltmağa tələsmirik. Axı birinci növbədə həm kifayət qədər maliyyə itiririk, həm də dünya idarəçilik sistemindəki inkişaf prosesindən geri qalırıq. Üstəlik Avropa Şurası qarşısında öhdəlik götürmüşük və icrasına hələ də başlamırıq.
Təklif edərdim ki, ilkin olaraq xarici ölkələrin, xüsusən də qardaş Türkiyənin təcrübəsindən yararlanmaqla Bakıda və digər iri şəhərlərdə Böyükşəhər bələdiyyəsinin yaradılması həyata keçirilsin. Ancaq bütün proseslər sistemli və mərhələli şəkildə həyata keçirilməli və regional idarəetmə bir mərkəzdən idarə olunmalıdır. Yəni iqtisadi rayonlar üzrə mərkəzi rayon seçilməklə bu işi həyata keçirmək mümkündür. Və mərkəzi icra orqanlarının regionlaşdırılması ölkə başçısnın öz nümayəndəsinin oturacığı şəhərdə olmalıdır. Bəzən düşünülə bilər ki, regional idarəetməyə keçid olarsa, ancaq mərkəz şəhəri inkişaf edəcək, birləşdirilən şəhərlər diqqətdən kənarda qala bilər və bununla da balans pozulacaq. Xeyr, bu əsla belə deyil. İstənilən halda istənilən şəhərdə atılan hər bir addım dövlətin nəzarətindədir. Müvafiq qurumlarında əsas məqsədi məhz dövlətin siyasətinin yerlərdəki icrasını nəzarətdə saxlamaqdır. Belə olan halda inzibati nəzarəti həyata keçirən orqanında “siyası çəkisini” artırmaq zəruriəti meydan gəlir.
Əslində çox sadə şəkildə qurulması mümkün olan bir sistemdir. Mənə çox maraqlı gəlir ki, niyə indiyədək bu sistem heç olmasa Bakıda həyata keçirilməyib. Biz dünya idarəetməsindən yararlanmaqla öz təcrübəmizi ASAN Xidmət vasitəsiylə dünyada paylaşsaqda bu məqamın tətbiqinə passiv yanaşmağımız çox təəcüblüdür.
Ölkə başçsının öz adminstrasiyasında apardığı islahatlar nəticəsində təyin etdiyi yeni qərbyönümlü kadrlar inanıram ki, bu mövzu barədə də düşünüb ölkə başçısı qarşısında daha səmərəli və mükəmməl təkliflərlə çıxış edəcəklər.
Hər halda düşünməyə dəyər.
Vüqar Tofiqli,
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
Şərhlər bağlıdır.