Bakı Dövlət Universiteti ilə Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
2021-ci ilin 20 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Fizika müəllimliyi” ixtisası üzrə kadr hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada BDU-nun Fizika fakültəsinin və MDU-nun Pedaqoji fakültəsinin müvafiq inzibati və akademik heyət üzvləri iştirak ediblər.
Dəyirmi masaya moderatorluq edən MDU rektorunun müşaviri Hamiz Mahmudov universitetlər arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb, göstərilən diqqətə və dəstəyə görə hər iki ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib.
Bildirilib ki, müvafiq ixtisaslar, o cümlədən “Fizika müəllimliyi” ixtisası üzrə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi məqsədilə bu sahədə zəngin ənənələrə malik BDU ilə təcrübə mübadiləsinin aparılması universitetlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir.
Yeni texnologiyaların davamlı inkişafı və tətbiqi şəraitində orta məktəblərdə təbiət və texniki yönümlü fənlərin tədrisi ilə məşğul olan və müasir tələblərə cavab verən müəllim kadrların yetişdirilməsinə ehtiyacın artdığını deyən BDU-nun Fizika fakültəsinin dekan müavini V.Məmmədov MDU-nun bu təşəbbüsünü yüksək qiymətləndirib və bununla bağlı əməkdaşlığa daim açıq olduqlarını bildirib.
Geniş təqdimatla çıxış edərək təmsil etdiyi universitetin təcrübəsini bölüşən V.Məmmədov BDU-nun Fizika fakültəsinin yaranması, strukturu və idarə edilməsi, ali təhsil proqramları, elmi istiqamətləri, tədris və elmi metodiki bazası və nailiyyətləri haqqında ətraflı məlumat verib.
“Fizika müəllimliyi” ixtisası üzrə tədris standartı və tədris planından bəhs edən V.Məmmədov bakalavriat səviyyəsində sözügedən ali təhsil proqramı üzrə keyfiyyətli təhsil xidmətlərinin göstərilməsinin vacib şərtlərini və bölgələrdə texniki elmlərin təbliğinin önəmini diqqətə çatdırıb.
BDU-nun Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Rəhim Rəhimov fizika elminin tədrisi ilə yanaşı, tələbələrə müəllimlik keyfiyyətlərinin də aşılanmasını özündə ehtiva edən bu ali təhsil proqramının effektiv təşkil olunması üçün tövsiyələrini bildirib, pedaqoji profilli universitetlər və ümumi təhsil müəssisələri ilə əməkdaşlığın, eləcə də müasir laboratoriyaların yaradılmasının önəmini diqqətə çatdırıb.
Sonra müzakirələrlə davam edən dəyirmi masada MDU-da “Fizika müəllimliyi” ixtisası üzrə kadr hazırlığının potensialının formalaşdırılması və onun inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar ətraflı cavablandırlıb.
Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul edilib. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.
Şərhlər bağlıdır.