Baba Əliyev 99 yaşında dünyasını dəyişdi
Avqustun 4-də mingəçevirlilərin yaxşı tanıdığı və dərin hörmət bəslədiyi Əliyev Baba Həsən oğlu haqq dünyasına qovuşub.
B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. Uzun müddət Mingəçevir Veteranlar Şurasının, sonralar Ağsaqqallar Şurasının sədri, Təbiəti Mühafizə Cəmiyyətinin rəhbəri olub.Baba müəllim gözəl ailə başçısı, həm də fəal ictimaiyyətçi idi. Şəhərlə, veteranlarla bağlı bütün problemlərin həllində yorulmadan, var qüvvəsi ilə çalışardı. Gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün daim məktəblərdə, müəsisələrdə çoxlu sayda görüşlər keçirərdi. Baba Əliyevin son zamanlar tez-tez işlətdiyi belə deyim var idi: “Qarabağın işğaldan azad olunduğunu görməyincə bu dünyadan köç edə bilmərəm.”
Ağsaqqal xəstəliklərə və digər həyati problemlərə sinə gərərək dözdü, amma Tovuz ətrafında baş verən hadisələr zamanı bir neçə hərbçimizin şəhid olmasından möhkəm sarsıldı. Üstəlik yaş da öz sözünü dedi. Qalsa idi, 2021-ci ilin yanvarında 100-illik yubileyini qeyd edəcəkdik.
Rahat yat Baba dayı! Biz sənin arzuladığın Qarabağı düşmən tapdağından azad edəcək, xalqımızın digər arzularını da tezliklə gerçəkləşdirəcəyik.
Şərhlər bağlıdır.