Yanvarın 14-də Mingəçevir Bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti barədə hesabatı dinlənilib. Bələdiyyə sədri Coşqun Abdullayev ictimaiyyət nümayəndələrinə bələdiyyə iclasları, ərizə və müraciətlər, büdcə gəlirləri xə xərcləri, görülmüş işlər, xidmətlər və tədbirlər, mülki dövriyəyə cəlb olunan torpaq sahələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib (hesabat alavə olunur).
Əmək veteranı Fazil Niftəliyev şəhərdə TV və radio olmadığından əhaliyə məlumatların təcili çatdırılmasında problem yarandığını, çoxmənzilli binaların əksəriyyətinin mərkəzləşdirilmiş qaydada qızdırılmadığını diqqətə çatdırıb. Qarabağ qazisi Əbülfət Babayev deyib ki, suvarma üçün istifadə etdilən suya görə də kanalizasiya haqqının ödənməsi absurddur: “Həyətlərə 2 su kranı çəkilməlidir. Biri içməli su üçün, hər kubuna kanalizasiya ilə birlikdə 45 qəpik ödəyirik. İkincisi isə suvarma kranı, hansı ki, bu zaman kanalizasiya xidməti nəzərdə tutulmur”.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev hesabatda sadalanan gəlir və xərclərlə bağlı fikirlərini açıqlayıb: “İl ərzində bələdiyyə ərazisində reklamların yerləşdirilməsinə görə cəmi 405 manat, mehmanxana və turizm xidməti göstərən şəxslərdən isə 3195 manat vəsait toplanıb. Bu, çox az məbləğdir. Biz bayram günlərində qonaqlarımızı yerləşdirmək üçün otellərdə yer tapa bilmirik. Təcrübədə əmək haqqı ümumu xərclərin 30%-ni keçmir. Amma bələdiyyədə bu rəqəm 48,87% təşkil edir”.
İclasa qatılan digər şəhər sakinlər Çernobil cəmiyyətinə vaxtilə kənd təsərrüfatı məqsədilə ayrılmış torpaqların üzvlər arasında bölüşdürülməsində, yaşıllığın qorunmasında, “Zəhra” dini icmasının yerləşdiyi yer üzrə arayış alınmasında, 6 saylı marşrut xəttinin uzadılmasında yararan çətinliklərdən danışıblar. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 və 2 saylı Sahə-İnzibati Ərazi dairələri üzrə nümayəndələri Rizvan Mikayıllı və Faiq Mustafayev də çıxış edərək, bələdiyyənin 2018-ci ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Bələdiyyə sədri Coşqun Abdullayev təəssüflə bildirib ki, hotel və turizm şirkətləri qanunu pozaraq, ödənişləri etməkdən boyun qaçırırlar: “2017-ci ildə reklam gəlirlərimiz xeyli çox idi. Amma Bərdədə yaradılan regional turizm şirkətinin çox yüksək qiymətlər müəyyənləşdirməsi əksəriyyəti reklamdan imtina etməyə gətirib çıxartdı. O ki qaldı əmək haqqına ayrılan xərclərin çox olmasına, bu, vergi yığan bələdiyyə qulluqçularına topladıqları vəsatin 20 %-ni qaytarmağımızla bağlıdır. Təbii ki, başqa səbəblər də var”.
Mingəçevir Şəhər İcra Hakimiyyətnin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev son aylarda Energetiklər qəsəbəsində, o cümlədən şəhərin digər massivlərində aparılan abadlıq-quruculuq işlərindən, bələdiyyənin də bu yöndə fəaliyyətindən və yaşayış məhəllələrindən birini nümunəvi hala gətirdiyindən danışıb, çıxışlarda qaldırılan bir sıra məsələlərə aydınlıq gətirib. O, bildirib ki, bələdiyyə ilə İH-nin 1 və 2 saylı Sahə-İnzibati Ərazi dairələrinin əlaqələri istənilən səviyyədə deyil: “Marşrut məsələsi birbaşa bizim səlahiyyətimiz daxilində deyil, sabah yerində araşdırarıq. Əsas narahatlıq istilik sistemi ilə bağlıdır. Bir neçə məhəllədə dövlət proqramı əsasında bu iş həyata keçirilib. Dövlət büdcəsindən hissə-hissə vəsait ayrıldıqca iş davam etdiriləcək. Amma təəssüf ki, istiliklə təchiz olunmuş kvartallarda əhali tərəfindən həmin xidmətə görə aylıq xərclər tam ödənmir. Nəticədə istilik təchizatı idarəsi borclarını ala bilmədiyindən su, qaz və enerji idarələrinə borclu qalır. Yaşıllıqların suvarılması ilə bağlı məsələ baş nazirin müavini Yaqub müəllimin və şəhər rəhbərinin birbaşa nəzarətindədir.Köhnə su xəttinin şəhər İcra Hakimiyyətinin balansına verilməsi məqsədilə hökumətə müraciət olunub. Su və kanalizasiya xətləri tam dəyişdirilmiş məhəllələrdə asfaltlanma və işıqlandırma işləri aparılır. Bu işlər başa çatmamış ərazilərin isə asfaltlanmasını məqsədəuyğun hesab etmirik”.
+++
Mingəçevir Bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti barədə hesabatı
GİRİŞ
Artıq tarixə çevrilən 2018-ci il ölkəmiz və xalqımız üçün uğurlu oldu. İctimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində irəliləyiş baş verdi. Azərbaycan dünyada sayılıb-seçilən ölkə olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına təbrikində bunları vurğulamış və qeyd etmişdir ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat lazımdır və bu iqtisadiyyat var. Məhz güclü iqtisadiyyat nəticəsində ölkədə sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir.
Bələdiyyələr də inkişafdan geri qalmır, dövlət dəstəyinə arxalanaraq, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf və ekoloji proqramları öz imkanları daxilində həyata keçirirlər. Mingəçevir Bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş qanunlara, sərəncam və fərmanlara, tövsiyə və təlimatlara əsaslanaraq, seçicilərin rəy və təkliflərini nəzərə almaqla işini qurur və bələdiyyə iclaslarının qərarlarına uyğun layihələri icra edir.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2018-ci ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
BƏLƏDİYYƏ İCLASLARI
2019-cu ildə bələdiyyə 14 iclas keçirib. İclasların gündəliyinə 109 məsələ salınıb, müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub. Məsələlərdən 34-ü icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 22-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 15-i maddi yardımlarla, 38-i təşkilati və digər məsələlərlə bağlı olub. Bunlardan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, bələdiyyə üzvlərinin rəy və təklifləri, arayışları dinlənilib.
ƏRİZƏ VƏ MÜRACİƏTLƏR
Hesabat ilində bələdiyyəyə vətəndaşlardan 1001 ədəd ərizə və məktub daxil olub. 166 nəfər maddi yardım üçün, 102 nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması ilə, 106 nəfər fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 30 nəfər tikinti və təmir işləri ilə bağlı müraciətlər edib.
597 müraciət arayış və məlumatlarla (cizgi çəkilməsi, ağac budanması, müxtəlif dövlət orqanlarına arayışlar, dəfnlə bağlı və sair sənədlər alınması və digərləri) əlaqədar olub. Müraciət edən şəxslərdən 29-u şəhid ailəsi, 23-ü Qarabağ müharibəsi əlili, 24-ü köçkün, 8-i müxtəlif qrup əlil, 11-i ehtiyatda olan zabit, 9-u müharibə veteranıdır.
Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 23 nəfərə pul və tikinti materialı yardımı, digərlərinə isə ərzaq yardımı verilib.
Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 68 nəfərinə mövsümi ictimai-iaşə xidməti ilə məşğul olmağa icazə verilib, 3 nəfərin mülkiyyətinə, 1 nəfərin icarəsinə müsabiqə yolu ilə torpaq sahəsi ayrılıb. Bələdiyyə iclasının qərarı ilə 35 nəfərin mülkiyyətinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilib.
Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.
2018-ci ildə bələdiyyəyə rəsmi orqanlardan 845 ədəd sənəd və məktub, o cümlədən 48 ədədi yerli İcra Hakimiyyətindən, 44 ədədi mərkəzi İcra Hakimiyyətindən, 1 ədədi Milli Məclisdən, 752 ədədi müxtəlif idarə və təşkilatlardan daxil olub. Məktublara müvafiq qanunvericiliyə uyğun cavablar yazılıb, tövsiyə, məlumat, təlimat xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyətdə istifadə üçün komissiya və şöbələrə verilib.
Qeyd edək ki, bələdiyyəyə il ərzində ağacların budanması və qurumuş ağacların kəsilməsi ilə bağlı 192 ərizə daxil olub. Müraciətlərin icrası ilə bağlı bələdiyyə müvafiq qərarlar verərək, 8 saylı Regional Ərazi, Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib və əksəriyyəti icra olunub.
Hesabat dövründə bələdiyyə sədri tərəfindən 1575 nəfər fərdi şəkildə qəbul edilib. Məhəllələrdə sədrin bələdiyyə üzvləri ilə birgə sakinlərlə 10 səyyari görüşü olub.
Qəbul və görüşlərdə səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq, həllini tapıb.
Həmçinin bələdiyyədə 1775 nəfər hərbi qulluqçunun məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.
BƏLƏDİYYƏ BÜDCƏSİ
Gəlirlər
2018-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 414273,67 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
– fiziki şəxslərdən torpaq vergisi 9156,38 manat;
– fiziki şəxslərdən əmlak vergisi 21424,95 manat;
– yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 19350 manat;
– bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 405 manat;
– bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 5902,80 manat;
– bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 3195,10 manat;
– bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş 2858 manat;
– bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 33962 manat;
– icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 130376,44 manat;
– bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 17643 manat;
– dövlət büdcəsindən verilən dotasiya 170000 manat olub.
Xərclər
Hesabat dövründə bələdiyyənin xərcləri 416200,02 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:
– əmək haqqı və onunla bağlı sair ödəmələrə 160446,70 manat;
– əmək haqqina üstəlik (DSMF, işsizlik siğortası, icbari dövlət sığortası) ödəmələrinə 42936,34 manat;
– dəftərxana ləvazimati, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 2808,71 manat,
– ezamiyyə xərclərinə 3354,40 manat;
– nəqliyyat xidmətləri haqqının ödənilməsinə 3534,40 manat;
– kommunal xidmətləri haqqının ödənilməsinə 500 manat;
– rabitə xidmətləri haqqınin ödənilməsinə 1553,64 manat;
– elektrik enerjisi haqqının ödənilməsinə 1089 manat;
– qaz haqqının ödənilməsinə 522,20 manat;
– su haqqının ödənilməsinə 200 manat;
– abadlaşdırma xidmətləri haqqının ödənilməsınə 33811,39 manat;
– inventar və avadanlığın alinması və təmiri xərclərinin ödənilməsinə 170 manat;
– bələdiyyənin inzibati binasinda cari təmir xərclərinin ödənilməsinə 8645,01 manat;
– əsas vəsaitlərin alınmasına 3600 manat;
– sosial-mədəni və məişət təyinatli obyektlərin əsaslı təmirinə 56992,62 manat;
– yollarin cari təmirinə 65000 manat;
– maddi yardımlara 6387,81 manat;
– bank xidmətlərinə 2181,63 manat;
– imkansiz ailələrin dəfn mərasimlərinin təşkilinə 300 manat;
– qəzet və jurnalların abunə xərclərinə 3868,60 manat;
– mədəni-kütləvi tədbirlərə 450 manat;
– sair cari xərclərə (assosiasiyaya üzvlük haqqı, sənədlərin arxivə verilməsi, reyestr idarəsi, hərrac haqqı, audit yoxlaması, torpaq satışından qaytarma, belediyye.info sayti, əmək haqqı kartının alinması, poçtun müqavilə haqqı, bələdiyyə saytının hostinq xidməti, domeni, asan imza, əmək və vergi məcəlləsi kitablari, kompüter mausu, fəxri fərman, məhkəmə qətnamələri) 17847,57 manat vəsait xərclənib.
Qeyd edək ki, 2018-ci ildə əmək haqqı xərcləri ümumi xərclərin 48.87 %-ni təşkil edir.
Hesabat dövründə işçilərin sayı 44 nəfər olub, bunlardan 11-i qadın, 3-ü gəncdir.
GÖRÜLMÜŞ İŞLƏR
Abadlaşdərma xidmətləri
Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də bələdiyyə tərəfindən şəhərin müxtəlif ərazilərində abadlaşdırma, təmir-tikinti işləri aparılıb və bu işlərə müəyyən məbləğdə vəsait ayrılıb. H.Əliyev prospektinin sonunda (Mingəçevir-Xaldan şossesi) su arxının boruya alınmasına 600 manat, «Kür» kompüter zavodunun yanındakı hasarın rənglənməsinə 410,60 manat, S.Vurğun parkında arkanın rənglənməsinə 159,60 manat, N.Rəfibəyli küçəsi 11 saylı binanın həyətində şəhid bulağının bərpasına 174,01 manat, şəhid Cəmil Əliyevin xatirə kompleksinin tikintisinə 4809,68 manat, Şüşə-mahlıc zavodunun arxasındakı bataqlıq ərazinin 4830 kub.m torpaq daşınaraq qurudulmasına 25599 manat, H.Əliyev pr. ev 76/1 saylı binanın qarşısındakı İsmayılov Yalçın Azad oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının tikintisinin başa çatdırılmasına 265 manat, «Heydər» məscidində təmir işlərinə 1554,50 manat, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə fəvvarənin təmirinə 239 manat, cəmi 33811,39 manat vəsait xərclənib.
Bundan başqa, bələdiyyənin inzibati binasında 8645 manat dəyərində təmir işləri aparılıb. Binanın II mərtəbəsinin dəhlizi, foyesi, II və III mərtəbələrindəki pilləkən qəfəsi, həyətdəki qapıların sütunları təmir edilib, foyedəki fotostend yenidən düzəldilib.
Məhəllələrdə görülmüş işlər
Məhəllə komitələri ilə əlaqələrimiz hesabat dövründə də sıx olub. Bələdiyyə üzvləri məhəllə komitələrinin yığıncaqlarında, tədbirlərndə iştirak edərək, onların hesabatlarını, təkliflərini dinləyiblər. Ötən il beş ərazidə (Naxçıvan küçəsi, ev 48, 48/1; N.Nərimanov pr. ev 28/1; D.Əliyeva küçəsi, ev 20/1; 20 Yanvar küçəsi, ev 10a; M.Maqomayev pr. ev 10) yeni məhəllə komitələri təsis olunub.
Məhəllə komitələrinin müraciətləri əsasında, dövlət büdcəsindən ayrılmış dotasiya hesabına 11 məhəllədə xeyir-şər mağarlarının təmiri üçün tikinti materialları alınıb, 50 məhəlləyə 150 ədəd oturacaq hazırlanıb, məhəllə komitələrinə təhvil verilib.
«Aran» məhəllə komitəsinin (20 Yanvar küçəsi. ev 22), «Qafqaz» məhəllə komitəsinin (M.F.Axundov küçəsi, ev 12, 14, 16), «Axundov» məhəllə komitəsinin (M.F.Axundov küçəsi, ev 9), «Nizami» məhəllə komitəsinin (Nizami pr. ev 12), «N.Gəncəvi» məhəllə komitəsinin (Y.Mənsurov küçəsi. 7), «Ü.Hacıbəyov» məhəllə komitəsinin (Ü.Hacıbəyov küçəsi, ev 72), «Abadlıq-1» məhəllə komitəsinin (Naxçıvan küçəsi, ev 48, 48/1), «Uğur-2018» məhəllə komitəsinin (N.Nərimanov pr. ev 28/1), «Təbriz-1» məhəllə komitəsinə (Təbriz küçəsi, ev 3), «Şimşək» məhəllə komitəsinin (Ş.İ.Xətai küçəsi, ev 11) ərazilərində yerləşən və Naxçıvan küçəsi, 29 və 31 saylı binaların (yataqxanaların) qarşısındakı xeyir-şər mağarlarının təmiri üçün tikinti materiallarının alınmasına 26083,73 manat vəsait xərclənib.
Bunlardan başqa, məhəllələrə oturacaqların qoyulmasına 17850 manat, Az.İES qəsəbəsində 2 ədəd avtobus dayanacağının hazırlanaraq quraşdırılmasına 5999,99 manat, «N.Nərimanov» məhəllə komitəsi ərazisində (N.Nərimanov pr. ev 41, 43, 45) «Nümunəvi məhəllə» kompleksinin tikilməsinə 7058,90 manat sərf olunub. «Nümunəvi məhəllə»də 60 ədəd şam və küknar ağacları əkilib, uşaqların əylənməsi üçün iki ədəd sürüşkən, iki ədəd yellənçək və müxtəlif növ idman qurğuları quraşdırılıb. Uşaq və yeniyetmələrin futbol yarışları keçirmələri üçün mini-stadion yaradılıb. Yaşlı sakinlərin dincəlmələri üçün 11 ədəd oturacaq, bir ədəd söhbətgah qoyulub.
Qeyd edək ki, «Nümunəvi məhəllə» kompleksi sakinlər tərəfindən yüksək qiymətləndirilib. Bu layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
«Günəşli» yaşayış massivinin 8-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci bağ küçələrinin ara yollarının qum-çınqıl qarışığı ilə düzəldilməsinə 65000 manat vəsait xərclənib.
Maddi yardımlar
Bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən biri də imkansız və imtiyazlı ailələrə, kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. 2018-ci ildə vətəndaşların və məhəllə komitələrinin müraciətləri əsasında yardıma ehtiyacı olanların siyahısı tutularaq, onlara müxtəlif şəkildə (pul, tikinti materialı, ərzaq bağlaması, yas-dəfn mərasimlərinə maddi və mənəvi kömək vermək şəklində) yardımlar göstərilib.
Novruz bayramı ərəfəsində 500 imkansız ailəyə ərzaq bağlamaları paylanıb. Bu məqsədlə bələdiyyə büdcəsindən 3500 manat vəsait xərclənib. Fərdi qaydada müraciət edən 21 nəfər əlil, xəstə, kimsəsiz şəxsə ümumilikdə 1215 manat pul yardımı göstərilib.
F.Əzimov küçəsi ev 1, mənzil 22-də yaşayan şəhid anası Calalova Sürəyya Abbasəli qızına mənzilində sanitar qovşağının təmiri üçün tikinti materiallarının alınmasına 62 manat, 3-cü Naxçıvan döngəsi, 27A ünvanında yaşayan şəhid qardaşı Şirinov Vasif Əsədullah oğluna evinin dam örtüyünün təmirinə köməklik üçün 68 kq qalvanik örtüklü yastı prokat-Profnastil alınmasına 159,30 manat material yardımı edilmişdir.
Hesabat dövründə Mingəçevir bələdiyyəsi Qeyri-Hökümət təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığı davam etdirib. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialına şəhərdə yaşayan yazarların əsərlərindən ibarət almanaxın nəşrinə kömək üçün 112,50 manat, Müharibə, əmək və Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları Veteranlar Şurasının Mingəçevir təşkilatının müraciəti əsasında müharibə iştirakçılarına 9 May – Faşizm üzərində Qələbə münasibəti ilə ərzaq bağlamaları yardımı üçün 150,01 manat, Əfqanıstan Veteranları İttifaqı şəhər şöbəsinə tədbir keçirilməsi üçün 50 manat ayrılıb. Qurban bayramı münasibəti ilə Lal və Karlar Cəmiyyəti İdarə Heyətinin Mingəçevir şəhər Rayonlararası şöbəsinə 40 kq, Mingəçevir şəhər Əlillər Cəmiyyətinə 30 kq və Əfqanıstan Veteranları İttifaqı Mingəçevir şəhər filialına 30 kq, cəmi 100 kq olmaqla, Qurban payı verilib. Bu məqsədlə bələdiyyə büdcəsindən 1049 manat vəsait xərclənib.
Samux küçəsi ev 48-də yaşayan bələdiyyə qulluqçusu Cəfərov Elşən Aslan oğluna atasının dəfn və yas mərasimlərinin təşkilinə kömək üçün 300 manat yardım edilib.
Hesabat dövründə bələdiyyə şəhərdə fəaliyyət göstərən dini icmalarla da sıx əlaqə saxlayıb, onlarla vaxtaşırı görüşlər keçirib və problemlərinin həlli ilə bağlı müvafiq qərarlar verib. Belə ki, «Zəhra» məscidi dini icmasının möhür və ştampının hazırlanmasına kömək göstərilib, «Heydər» məscidi dini icmasının müraciətinə əsasən, məsciddə təmir işləri aparılıb. «Cümə» məscidi dini icmasının müraciəti əsasında, «Şeyx Əbdül» ziyarətgahında yığılan ianə hesabına məscidin təmiri üçün tikinti materialları alınıb.
TƏDBİRLƏR
Hesabat dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
9 May – Faşizm üzərində Qələbə münasibəti ilə bələdiyyə üzvləri müharibə iştirakçılarını evlərində ziyarət edib.
Mingəçevir şəhərinin 70 illiyi münasibəti ilə bələdiyyədə çay süfrəsi ətrafında şəhərin əmək veteranları ilə görüş keiçrilib və onların problemləri ilə maraqlanılıb.
“İnsan Hüquqları Günü” münasibəti ilə Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı altında bələdiyyədə dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Ötən ilin oktyabr ayının 15-dən 21-dək «Azərbaycanda Yerli Demokratiya Həftəsi» keçirilib. Həftə ərzində bələdiyyədə «Açıq qapı» günləri elan olunub, «qaynar xətt» yaradılıb, bələdiyyənin binasında poçt qutusu yerləşdirilib, Demokratiya həftəsində fəal iştirakla bağlı bir neçə yerdə şüarlar asılıb. Həmin həftədə bələdiyyə sədri və üzvləri məhəllələrdə səyyari görüşlər keçirərək, bələdiyyənin fəaliyyəti barədə sakinlərə hesabatlar veriblər. Bir neçə məhəllə komitələrinin hesabatları dinlənilib. Tibb Koleci və 7 №li məktəbdə «Gənclərin yerli özüynüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi» mövzusunda təbirlər keçirilib.
Tədbirlərdən biri də bələdiyyənin tanınmış jurnalist, yazıçı-publisist Pənah Qurbanzadənin «Qafqaz: Gözəlliklər və kədər diyarı» kitabının nəşrinə maliyyə yardımı ayırmasıdır. Kitabın nəşri üçün şəhər Poliqrafiya müəssisəsinə 450 manat vəsait köçürülüb.
2018-ci ildə bələdiyyə 17 adda yerli və respublika mətbuatına abunə yazılıb. KİV-lərə abunə yazılışına bələdiyyə büdcəsindən 3868,60 manat vəsait sərf olunub.
XIDMƏT SAHƏLƏRI
Hesabat dövründə Bələdiyyə nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahələri əhaliyə xidmət göstərib.
«Dəfn mərasimi xidmətlər» sahəsi tərəfindən 452 dəfn təşkil edilib. 79 imkansız ailə yaxınlarının dəfn xidmətindən azad olunub, 8 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə hesabına həyata keçirilib.
«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası üzrə 14 nəfər tam kursları bitirərək, diplom alıb.
Xidmət sahələrinin saxlanılmasına bələdiyyə büdcəsindən 13462,77 manat vəsait xərclənib. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsinin saxlanılmasına 11601,25 manat, “Peşəyönümlü Maraq Kursları”nın saxlanılmasına 777 manat, “Məişət xidməti” sahəsinin saxlanılmasına 1084,52 manat ayrılıb. «Dəfn mərasimi xidmətləri» sahəsi 3718,75 manat, “Məişət xidməti”sahəsi 461,48 manat mənfəətlə işləyib.
MÜLKI DÖVRIYYƏYƏ CƏLB OLUNAN TORPAQ SAHƏLƏRI
2018-ci ildə bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün 96,4 kv.m torpaq sahəsinin icarəyə, 2150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi haqqında qərarlar qəbul edilib.
Hesabat dövründə 165 kv.m (60 kv.m və 55 kv.m torpaq sahələri barədə bələdiyyə 2017-ci ildə, 50 kv.m torpaq sahəsi barədə bələdiyyə 2018-ci ildə müvafiq qərarlar qəbul etmişdir) torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı, 44,4 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən müsabiqə keçirilib.
52 kv.m torpaq sahəsinin icarəyə, 2160 kv.m (2100 kv.m və 60 kv.m) torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı hesabat dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən müsabiqə keçirilməyib.
Fərdi mənzil tikintisi üçün müraicət edən vətəndaşlardan 35 nəfərin müraciətinə müsbət cavab verilib. Bu məqsədlə bələdiyyə tərəfindən il ərzində 13293 kv.metr və ya 1,3293 ha torpaq sahəsinin alqı-satqı və dəyəri ödənilmədən mülkiyyətə verilməsi həyata keçirilib.
Fərdi mənzil tikintisi üçün 7 nəfər şəhid ailəsinə cəmi 2961 kv.m, 4 nəfər Qarabağ Müharibəsi Əlilinə cəmi 1600 kv.m, 1 nəfər hərbi xidmət dövrü ilə əlaqədar 3-cü qrup əlil 400 kv.m və 2 nəfər ehtiyatda olan hərbiçiyə cəmi 1000 kv.m, ümumilikdə 5961 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edək ki, onlara torpaq sahələri ödənişsiz verilib.
QARŞIDA DURAN VƏZİFƏLƏR
2018-ci ildəki fəaliyyətə yekun vuraraq, 2019-cu ildə bələdiyyənin qarşısında duran vəzifələri diqqətinizə çatdırırıq:
– Bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artırılmasına çalışmaq;
– Yerli əhəmiyyətli problemləri araşdırmaq üçün sakinlər arasında ictimai rəy sorğuları keçirmək;
– Məhəllə komitələri ilə əlaqələri daha da möhkəmləndirmək;
– Yerli sosial, iqtisadi inkişaf və ekoloji layihələrin hazırlanması;
– «Nümunəvi məhəllə» layihəsini davam etdirmək;
– Az.İES qəsəbəsində «Bələdiyyə bazarı» layihəsini həyata keçirmək;
– Dövlət orqanları ilə əlaqələri daha da möhkəmləndirmək;
– Bələdiyyənin maddi-texniki bazasını möhkəmləndirmək;
– Müxtəlif qrant layihələrində iştirak etmək;
– Bələdiyyə üzv və qulluqçularının idarəetmə kurslarında iştirakının təmin edilməsi;
– Xarici ölkə bələdiyyələri ilə əlaqələrin yaradılması;
– Qardaşlaşmış bələdiyyələrlə münasibətlərin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi.
YEKUN
Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə müəyyən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. İstənilən şəxs Mingəçevir Bələdiyyəsinin fəaliyyəti barədə bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.
Mingəçevir Bələdiyyəsi şəhər İcra Hakimiyyəti ilə, Mingəçevir şəhər İcra Hakimiyyətinin 1 №li və 2 №li sahə ərazi inzibati dairələri üzrə nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur.
Mingəçevir şəhər İcra Hakimiyyətinin 1 №li və 2 №li sahə ərazi inzibati dairələri üzrə nümayəndəlikləri ilə birlikdə bələdiyyə şəhər ərazisində müxtəlif reydlər, yoxlamalar keçirib. Belə ki, qanunsuz tikililərlə və zəbt olunmuş torpaqlarla bağlı aktlar tərtib olunaraq, müvafiq tədbirlər görülüb. Bələdiyyə üzvləri Mingəçevir şəhər İcra Hakimiyyətinin 1 №li və 2 №li sahə ərazi inzibati dairələri üzrə nümayəndəlikləri ilə məhəllələrdəki görüşlərdə və müxtəlif tədbirlərdə yaxından iştirak ediblər.
Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Şərhlər bağlıdır.