“Bəlkə bir gün qayıdar”
Şəhid Rövşən Məmmədovun xatirə bulağı uzun illər ötdüyündən yararsız vəziyyətə düşüb
“Ailəmizdə bir bacı və beş qardaş idik. Rövşən sonbeşiyimiz idi. Buna görə də hamımız onu lap çox istəyirdik”.
Bu sözləri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin tar müəllimi Əlfidar Məmmədov deyir. Və əlavə edir ki, 1987-ci ildə Rövşənlə onu eyni vaxtda həqiqi hərbi xidmətə çağırıblar: “Onda mən Şəki Musiqi Kollecinin ikinci kursunda oxuyurdum. Kollecdən iki illiyə möhlət götürüb, əsgərliyə getdim. Təsadüfən Rövşənlə eyni yerdə – Rusiyanın Sverdlovsk şəhərində yerləşən raket əleyhinə hərbi hissədə xidmətdə oldum. Mən komandir, o, isə manqa başçısı idi. Qardaşıma ilk dəfə avtomat atmağı, nişangahı vurmağı mən öyrətmişdim”.
Əlfidar müəllim mərd, cəsarətli və çılğın qardaşının şəhid xəbərinin bütün ailəni sarsıtdığını bildirir: “Atam dünyasını tez dəyişmişdi. Anam isə Rövşənin dərdini çəkə bilmədi”.
Məmmədov Rövşən Ovçu oğlu 1969-cu il sentyabr ayının 27-də anadan olub. 9 saylı orta məktəbdə 8-ci sinfi bitirib və təhsilini 39 saylı texniki-peşə məktəbində davam etdirib. Burda qaynaqçı peşəsinə yiyələnib və bir müddət “Azərizolit” İstehsalat Birliyində çalışıb.
Birinci Qarabağ savaşı başlayanda hərbi xidməti başa vuran Rövşən Aran bölgəsindəki “N” saylı hərbi hissəyə çağrılıb və Azərbaycan ordusunun ehtiyatda olan əsgəri kimi milli ordu sıralarında xidmət edib. 1993-cü ildə isə könüllü olaraq 161 saylı alayın tərkibində olan mingəçevirli könüllülərdən təşkil olunmuş tank əleyhinə batareyaya qoşulub. Ona Mingəçevir batalyonu da deyirdilər. Batalyona mingəçevirli Yaşar Məmmədzadə rəhbərlik edirdi. Batalyon dəfələrlə döyüş əməliyyatlarında iştirak edib və şərəfli hərb yolu keçib.
1994-cü il yanvarın 4-də 161 saylı alayın tərkibində olan dörd batalyon və iki əlahiddə bölməyə Çeyildağ yüksəkliyini azad etmək tapşırığı verilib. Döyüş səhər saat 6-da başlayıb. Döyüşdən öncə zenit-raket artileriya divizyonu və tank əleyhinə batareyanın döyüşçüləri düşmən mövqelərini dağıdaraq, yüksəkliyi azad ediblər. Nəticədə Ağdam-Fizuli magistral yolu ermənilər üçün bağlanıb. Bir neçə saat davam edən döyüşdən sonra düşmən xeyli itki verərək geri çəkilib.
Lakin düşmən az vaxtda bütün yüksəkliklərdə yerləşdirdiyi artileriya vasitələrindən dayanmadan zərbələr endirib, canlı qüvvə və döyüş texnikaları ilə əks hücuma keçib. Digər batalyonlardan yetərincə dəstək olmadığı üçün Çeyildağa hücum edən döyüşçülərimiz mühasirəyə düşsələr də, geri çəkilməyiblər. Bu döyüşdə tank əlehinə batareyanın komandiri Yaşar Məmmədzadə (ölümündən sonra ilə təltif olunub) və əsgərlərin bir hissəsi qəhrəmancasına həlak olub. Əksəriyyətinin nəşi ərazidən çıxarıla bilməyib. Valideynləri onları hələ də itkin düşən əsgərlər kimi xatırlayırlar. Rövşən Məmmədov bu döyüşdə itkin düşən şəhidlərimizdəndir.
16-cı hərbi diviziya komandirinin imzasıyla şəhidin ailəsinə göndərilən məktubda yazılıb: “161 saylı bölükdə müddətli həqiqi hərbi xidmətdə olan Rövşən Məmmədov Ovçu oğlu 24.12.1992-ci ildən 3-cü tağımının tərkibində Azərbaycanın suvereniyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, düşmənlərimizə qarşı amansız idi. Onun vəzifəsi düşmənin mövqelərini darmadağın etmək və tapşırığı başa çatdırmaq idi. Rövşən Məmmədov yüksək rütbəli zabitlərin olduğu “NİVA” markalı avtomobili və erməni əsgərləri ilə dolu “KAMAZ” avtomobilini məhv edib. O, qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəlib. Şəhid Rövşən Məmmədov mülayim, intizamlı, cəsur və qorxmaz Azərbaycan əsgəri idi. Manqa rəhbəri Rövşən Ovçu oğlu Məmmədova iğidliyinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması üçün təqdimat verilib”.
Xidməti xasiyyətnamədən: “Manqa başçısı Rövşən Məmmədov növbətçi istehsalat bölməsinə təyin olunanda anbarda olan avadanlıq və texnikaların nasazlıqlarını aradan qaldırardı. Maşınların təmizliyinə fikir verərdi. Manqa başçıları arasında seçilirdi, işinə məsuliyyətlə yanaşırdı və tabeliyində olanlara qayğı göstərərdi. O, təmir sexində komandir köməkçisi vəzifəsinədək yüksəlmişdi”.
Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı 1994-cü ildə verdiyi sərəncama əsasən Mingəçevir şəhərinin Yaşıllıq küçəsinə şəhid Rövşən Ovçu oğlu Məmmədovun adı verilib. Onun xatirə lövhəsi vurulub. Ərazi abadlaşdırılıb.
Ailə Rövşənin xatirəsinə M.Maqomayev küçəsindəki 77 saylı binanın qarşısında şəhid bulağı tikdirib. Əlifidar müəllimin dediyinə görə, uzun illər ötdüyündən bulaq yararsız vəziyyətə düşüb və təmirə ehtiyacı var: “Ailəmizin maddi durumu bulağı bərpa etdirməyə imkan vermir. İstərdik ki, Mingəçevir şəhər İcra Hakimiyyəti bizə dəstək dursun”.
P.S. Mingəçevir Şəhidlər Xiyabanında Rövşən Məmmədovun rəmzi məzarı var. Bütün şəhid məzarları kimi onun da məzarının üstü gül-çiçəyə qərq olur. Amma əzizi itkin düşən ailənin az da olsa ümidi var: “Bəlkə bir gün qayıdar”.
Şəhid Rövşənin qardaşları Əhliman və Qəhrəman Məmmədovlar Qarabağ müharibəsi veteranlarıdər. Qəhrəman Əfqanıstan müharibəsində də döyüş yolu keçib. Əmisi oğlu Qadir Osmanov isə 44 günlük zəfər döyüşündə tarix yazan oğullarımızdandır.
Şərhlər bağlıdır.