Bizimlə həyatınız həmişə işıqlı olacaq!

AZPROMO-nun icraçı direktoru İqtisadiyyat İnstitutunun Elmi Seminarında çıxış edib. MDU-nun əməkdaşları seminarda iştirak ediblər.

Onlayn seminarda “Ölkələrarası investisiya axınlarında yeni trendlər” müzakirə olunub

Dekabrın 12-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra hökumət qurumlarının – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi, Auditorlar Palatası, Dövlət Statistika Komitəsi, Qarabağ Dirçəliş Fondu və ali təhsil müəssisələrinin – Mingəçevir Dövlət Universiteti, Bakı Biznes Universiteti, UNEC-in əməkdaşları da qatılıblar.

Seminarda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “Ölkələrarası investisiya axınlarında yeni trendlər” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi AZPROMO-nun əsas fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr barədə geniş məlumat verib. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasının əhəmiyyətini qeyd edən icraçı direktor “İxrac Akademiyası” layihəsi, birbaşa xarici investisiyaların təşviqinə dair 2023-2026-ci illər üçün strategiya, “Made in Azerbaijan” brendi, ixrac missiyaları, yerli və xarici sahibkarların iştirakı ilə keçirilən biznes forumlar, beynəlxalq sərgilər, işgüzar görüşlər, konfranslar barədə danışıb. Bildirib ki, “Made in Azerbaijan” brendi ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.

Y.Abdullayev qeyd edib ki, xarici investorlar Azərbaycana sərmayə yatırmağa böyük maraq göstərirlər. Çünki iqtisadiyyatımız dayanıqlı inkişaf edir, iqtisadi artım qeydə alınır. 2023-2026-cı illəri əhatə edən yeni investisiya strategiyasında qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi nəzərdə tutulur. Əsas investisiya potensialı olan regionlar kimi Orta Asiya, Çin, Körfəz ölkələri priaritet hesab olunur.  AZPROMO investorlarla işləyir və onların təkliflərini nəzərə alır. AZPROMO-nun bir vəzifəsi də investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı hökumətə təkliflər verməkdir.

Məruzəçi xarici investorların Azərbaycanın qeyri-neft sektoruna olan marağından, onlarla görüşlərdən, birgə layihələrdən, bu sahədəki risklərdən və problemlərdən də söz açıb.

Sonra suallar cavablandırılıb, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunması imkanları və qeyri-neft ixracının artırılması potensilaı geniş müzakirə edilib. Xarici investorların Azərbaycanda əsas maraq dairəsi, investiya layihələri, investisiyaların təşviqi mexanizmləri, dünyada sərmayə axınları,beynəlxaq trendlər, investisiyalarla bağlı siyasi maraqlar, ölkəmizdə perspektivli və cəlbedici sahələr – turizm, alternativ enerji, tikinti, kimya sənayesi diqqət mərkəzində olub. İnvestorların bu sahələrə çəlb olunmasının əhəmiyyəti, investisiyaların ÜDM-ə təsirinin artırılması, biznesə inam, investisiyaların qorunması, ixrac potensialımız, qeyri-neft sektoruna sərmayələrin cəlb oluması ilə bağlı problemlər, dünya təcrübəsinin (Almaniya, İngiltərə, Türkiyə, C.Koreya) öyrənilməsi və ölkəmizdə tədbiqi imkanları, investisiya mühiti, rəqabət və risk amilləri, ixracatçıların problemləri xüsusilə qeyd edilib.

Y.Abdullayev qeyd edib ki, yerli istehsala sərmayələrin cəlbi, ixracatcıların və ixrac məhsullarının sayının artırılması, yerli sənaye məhsullarının ixracının çoxaldılması, sahibkarlarda ixracatçı məntiqinin yüksəldilməsi AZPROMO-nun əsas hədəfləridir. Hər bir rayonun ixrac potensialı statistikasının hazırlanması planlaşdırılır. Qarabağda investisiyaların cəlb olunması üçün təşviq mexanizmləri nəzərdə tutulur. İnvestorlar işğaldan azad olunmuş ərazilərdə sarməyə yatırmağa, bizneslə məşğul olmağa maraq göstərirlər. Amma ilk əvvəl həmin regionda tam təhlükəsizlik təmin edilməlidir. Bundan sonra regiona iri həcmli xarici sərmayələrin yatırılacağı gözlənilir (economics.com.az).

Şərhlər bağlıdır.