Müstəqillik əldə etdikdən sonra Azərbaycan həyatın hər sahəsində çətinliklərlə üz-üzə qalmışdı. Qonşu dövlətin daşnaksütun qüvvələri ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara dəfələrlə silahlı basqınlar etsə də əliyalın sakinlər, həmin ərazilərin qorunmasına yollanan biz müdafiəçilər onların cavablarlınlı yetərincə verə bilmirdik. Bu səbəbdən torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə yüzlərlə vətən övladları şəhid olmuş, əbədiyyətə qovuşmuşlar. Dönüb doxsanıncı illərə baxanda o çətin şəraiti, yağı düşmənin azqınlıqlarını, həmçinin silahlı basqınlardan canlarını qurtaran minlərlə soydaşlarımzın düşdükləri ağır vəziyyəti, torpaqlarımızın işğal altında qalmasını xatırlasaq da, Azərbaycanın ilbəil inkişaf etdiyini, Milli Ordumuzun gücləndiyini gördükcə fərəhimiz artır. Müharibə şəraitində yaşayan ölkəmizdə ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələrdən biridir.
Uzun illər Azərbaycana rəhbərlik edən, müstəqilliyin ilk illərində, Azərbaycanın Dövlət Müstərilliyinin məhv olması, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk olaraq Milli Ordu quruculuğunun yaradılmasına və bazasının gücləndirilməsinə diqqət göstərib. Bu siyasi yolu uğurla davam etdirən Prezident İlham Əliyev də ordumuzun güclənməsi və inkişafı üçün ardıcıl olaraq əməli işlər görüb və görür. Cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb.
Azərbaycan Ordusunda xidmət edən, torpaqlarımızın keşiyini çəkən, gecə-gündüz bu şərəfli missiyanı yerinə yetirən hər bir vətən övladı həqiqətən də hörmət və ehtirama layiqdir. Məhz bunun üçün dövlətimizin başçısının xüsusi tapşırığı və göstərişlərinə uyğun olaraq şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunur. Prezidentimiz İlham Əliyevin söylədiyi kimi, “ Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır”.
Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Azərbaycan öz gücünə arxalanır, keç bir dövlətdən asılı deyil. Dünyada, beynəlxalq müstəvidə güc amili ön plandadır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir.
İyunun 25-də Mingəçevirə gələn, “N” saylı hərbi hissənin açılışında iştirak edən Prezidentimiz çıxışında deyib ki; “Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı”, “Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun”.
15 ildən artıqdır ki, ölkəmizin sərhədləri ən yüksək səviyyədə qorunur. Cəbhə bölgəsində yaranmış vəziyyət onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Prezidentimizin çıxışından daha bir sitat: “Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır”, “Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir”.
Prezidentimizin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır.
Təəssüf ki, bu gün Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Yeni böyüyən nəsil 20-ci əsrin sonlarında torpaqlarımızda baş verən hadisələri, düşmən hücumlarını, işğal altında qalan bölgələrdə törədilən vəhşilikləri bilməlidir, öyrənməlidir. Bunun üçün onlara tariximiz, mədəniyyətimiz, ordumuz, qəhrəman döyüşçülərimiz barədə geniş məlumatlar verilməli, təhsil ocaqlarında xüsusi dərslər keçiriliməlidir. Prezidentimizin söylədiyi kimi, “Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi”.
Yuxarıda qeyd etdiyim kimi, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. İllər uzunu torpaqlarımızın geri qaytarılması istiqamətində həmsədr ölkələrin iştirakı ilə dəfələrlə danışıqlar aparılsa da, düşmən işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Lakin düşmən Azərbaycan Ordusunun ilbəil gücləndiyindən xəbərsizdi. “Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir”. “İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”.
Ermənistan heç bir zaman böyük dövlət olmayıb və olmayacaq. Bu ölkədə diktatura hökm sürür, xalqı düşünən yoxdur. Bu dövlətin rəhbərləri həmişə öz mənafeyini güdüb, qonşulara etdikləri amansızlıqları elə vətəndaşlara qarşı da yönəldirlər. Belə bir dövlətin uğurlu gələcəyi də ola bilməz. “Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur”.
Ən dəhşətlisi və dözülməzi isə budur ki, “Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar”. “Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur”.
Bu ölkədə korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Vətəndaşların həyat tərzi aşağı səviyyədədir. Işsizlik baş alıb getir. “Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar – quldur ölkəsi, cinayətkar ölkəsi”, “Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.
Bunun əksinə olaraq Azərbaycan Ordusu günbəgün güclənir. Mən bir Qarabağ döyüşçüsü kimi, Prezidentimizin həyata keçirdiyi uğurlu xarici və daxili siyasəti təqdir edirəm. Çünki, doxsanıncı illərdə, torpaqlarımızı müdafiə edərkən qarşılaşdlığımız çətinlikləri unutmamışam.
Bu günkü inkişafı, müvəffəqiyyətləri gördükcə fərəhim artır. Ölkə Prezidenti kimi fəaliyyətə başladığı ilk zamanlardan bəri İlham Əliyevin həyata keçirdiyi bütün işlər gözlərimiz önündədir. Xüsusilə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər təqdirəlayiqdir. Bu günlərdə Mingəçevirdə bir sıra obyektlərin açılışını etməklə bunu bur daha sübut etdi. Ötən il qəza baş verdikdən sonra Prezidentimizin xüsusi tapşırığı və sərəncamı ilə əsaslı olaraq müasir standartlar səviyyəsində yenidən qurulan Azərbaycan İstilik Elektrik Stansiyasının, yeni inşa olunan Dövlət Rəmzləri Muzeyinin və Hərbi Hissənin açılışlarını edən ölkəmizin Prezidenti İlham Əliyev əminəm ki, bundan sonra da Mingəçevirdə belə gözəl missiyaları yerinə yetirəcək.
Nizami Təhməzov,
“Azərbaycan Ordusunun 100 illiyi” medalçısı
Şərhlər bağlıdır.