Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan ilk dəfə Beynəlxalq Sosial Sahibkarlıq Forumuna ev sahibliyi edib

Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə oktyabrın 28-də Azərbaycanda ilk dəfə sosial sahibkarların beynəlxalq forumu keçirilib. Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübəni öyrənməkdir. Onlayn tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları, Avropadan olan sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, özünüməşğulluğun artırılması, həssas qrupların, o cümlədən aztəminatlı ailələrin, regionlarda yaşayan əhalinin, xüsusən də qadınların sosial biznesə cəlb olunması müsbət əhəmiyyət daşıyır və bu istiqamətlərdə Azərbaycanda da davamlı olaraq dövlət dəstəyi tədbirləri həyata keçirilir. KOBİA ölkəmizdə sosial sahibkarlığın inkişafını dəstəkləyir və sosial baxımdan həssas qruplarla bağlı ötən dövr ərzində başladığı layihələri uğurla davam etdirir. Agentlik sosial sahibkarlıq sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial sahibkarlığın dəstəklənməsi və təşviqi, sosial sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını bundan sonra da davam etdirəcək.

Onlayn tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatı Müşviq Cəfərov və digərləri çıxış edərək, sosial sahibkarlığın əhəmiyyəti, ölkəmizdə bu sahənin təşviqi ilə bağlı fikirlərini bildiriblər. Azərbaycan, Almaniya, ABŞ, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstandan olan spikerlər sosial sahibkarlıq sahəsində təcrübələrini bölüşüblər. Müxtəlif ölkələrin sosial sahibkarlıq sahəsində qanunvericiliyi barədə məlumat verilib, sosial biznesin yaradılması, sosial inkişaf üçün innovativ həllər və davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq müzakirə olunub, panel iclaslar keçirilib.

Forumun texniki dəstəkçisi Avropa İttifaqının Mülki Təsisat proqramıdır.

 

Şərhlər bağlıdır.