Cəmiyyət

Azərbaycan Demokrat Firqəsi adından Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA-nın akademiki, tibb elmləri doktoru cənab Cəmil Əziz oğlu Əliyevə təbrik məktubu göndərildi

Rəhim Hüseynzadə: “ADF-nin ideoloji və təşkilati cəhətdən formalaşmasına atanızın - Əziz Əliyev kimi böyük şəxsiyyətin fundamental rolu və xidmətləri unudulmaz və danılmazdır”

Hörmətli cənab akademik,

 Öncə Sizə 1945-ci ilin sentyabrında Təbrizdə görkəmli içtimai-siyasi xadim, alovlu inqilabçı Seyid Cəfər Pişəvəri tərəfindən yaradılmış, günümüzün özündə də şanlı ənənələri ləyaqətlə davam etdirən Azərbaycan Demokrat Firqəsinin bütün üzvlərinin və tərəfdaşlarının salamlarını yetirir, ad gününüz, yubileyiniz, dövlət təltifinə layiq görülməyiniz münasibətilə hər birimizin təbriklərini, xoş duyğularını çatdırıram. Təbiidir ki, hər üç amil bu sətirləri Sizə ünvanlamağımızın başlıca vəsiləsidir. Yəni möhtərəm dövlət başçımız İlham Əliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli xidmətlərinə görə 75 yaşlı görkəmli alimi, tanınmış şəfa ocağının rəhbərini, dünyanın ən nüfuzlu elm məbədlərinin fəxri üzvünü 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görməklə hamımızda sevinc doğuran sərəncama imza atıb. Azərbaycan Demokrat Firqəsi də çoxsaylı təbriklərə qoşularaq əminliklə bildirir ki, qitələrdə dərin müsbət imicə malik xeyirxah insan ömrünün 100 illik zirvəsini də belə nikbin əhval – ruhiyyə ilə fəth edəcəkdir.

Lakin istərdik ki, təşkilatımızın və onun müxtəliv qitələrdə və ölkələrdə yaşayan, fəaliyyət göstərən üzvlərinin bununla bağlı keçirdikləri xoş ovqatın məntiqi mahiyyətinə diqqətinizi çəkək. Əvvəla ADF və Siz həmyaşıdsınız. Firqənin rəsmən yaradıcısı Seyid Cəfər Pişəvəri və məsləkdaşları sayılır. Fəqət ADF-nin ideoloji və təşkilati cəhətdən formalaşmasına atanızın, ikinci dünya müharibəsi illərində Güney Azərbaycanda fəaliyyət göstərmiş yüzlərlə milli düşüncəli ziyalımıza rəhbərlik etmiş xalqımızın Əziz Əliyev kimi böyük şəxsiyyətinin fundamental rolu və xidmətləri unudulmaz və danılmazdır. Fikrimizi arxiv sənədləri və xatirələr də təsdiqləyə bilər. S.C.Pişəvəri və Ə.Əliyevi mənəvi tellər, vahid Azərbaycan arzusu birləşdirirdi. Onlar həmin məram naminə Güneyimizin bir çox yaşayış yerlərində qoşa olmuş, fikir mübardilələri aparmış, ömürlərinin sonunadək sədaqətli dost olaraq qalmışlar.

Bu baxımdan Əziz müəllimin özü kimi onun yadigarları da bizim üçün əziz və dəyərlidir. Fəxr edirik ki, atanıza xas vətənpərvərlik, ali keyfiyyətlər irsən övladlarının da simasında təcəssümünü tapıb. Saysız – hesabsız xeyirxahlıq nümunələrinizə dair misalları firqəçilərimizin və onların ailə üzvlərinin timsalında misal çəkə bilərik. Belələrinin sayca çoxluğu konkret adlar çəkməyimizi müşkülləşdirir. Bu baxımdan ümumiləşdirmə aparmağı məntiqi hesab edir, Azərbaycan Demokrat Firqəsinin adından minnətdarlığımızı Sizə yetirməyi özümüzün mənəvi borcumuz sayırıq.

Hörmətli cənab akademik, Sizi ad gününüz, yubileyiniz və dövlət təltifinə layiq görülməyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Dərin hörmətlə:                      

Rəhim Hüseynzadə,

Azərbaycan Demokrat Firqəsinin sədri,

Əməkdar jurnalist

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker