Azərbaycan 2 seçkiyə hamilədir
Son günlərədək ölkədə heç kəs iki ay ərzində dalbadal iki mühüm kampaniyanın keçiriləcəyini ağlına belə gətirməzdi. Amma gələn ilin sonunadək fəaliyyət göstərməli olan Milli Məclis YAP Siyasi Şurasının təşəbbüsündən sonra özünü buraxmağa qərar verdi. Və izah olundu ki, bu, Milli Məclisin səlahiyyətlərini müasir çağırışlara uyğun həyata keçirməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasını təmin etməsi üçün zəruridir. Konstitusiya Məhkəməsi müraciətin konstitusiyaya uyğunllğunu bəyan edəndən sonra ölkə başçısı gələn il fevralın 9-da parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam verdi.
İndi Azərbaycan 2 seçkiyə hamilədir. Bələdiyyə seçkilərinə çox az qalıb və son günlər vəziyyət xeyli gərginləşib. Hətta bəzi namizədlər bildirirlər ki, yerli hakimiyyətin seçkiyə müdaxiləsi gözlənilir. Migəçevir Bələdiyyəsi “Yerli büdcə məsələləri” daimi komissiyasının sədri, bə-lədiyyə üzvlüyünə namizəd Hacıyev Mircəmil Nurməmməd oğlu belə hesab edir ki, şəhərdə seçkiöncəsi vəziyyət heç də qənaətbəxş deyil: “Çünki seçicilərdə elə bir təsəvvür yaradılıb ki, onların səs verib-verməməsindən asılı olmayaraq, bələdiyyəyə Mingəçevir Şəhər İcra Ha-kimiyyətinin başçısı İlham İsmayılov və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tərəfindən nəzərdə tutulan şəxslər gətiriləcəkdir. Hətta indidən bələdiyyə sədrinin və müavinlərinin də kim olacağı məlumdur. İcra Hakimiyyəti başçısı İlham İsmayılovun bir kirvəsi 47 saylı DSK-nın sədri Oqtay Məmmədov, digər kirvəsi isə bələdiyyə sədri gətiriləcək Ramiz Əliyev (3 il öncə işində buraxdığı nöqsanlara görə icra hakimiyyəti başçısının müavini vəzifəsindən kənarlaşdırılıb) olduğu üçün şəhər sakinləri bu seçkilərin indidən bəlli olan nəticələrini “kirvələrin oyunu” adlandırırlar”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıqlama verib ki, YAP şəhər təşkilatının bələdiyyə seçkilərinə namizədlərin verilməsiylə bağlı iclasında iştirak etməyib və seçki prosesinə də qarışmır: “Belə olan halda mənim adımın seçkiyə müdaxilədə iddia edilməsi hansı məntiqə əsaslanır? Yeri gəlmişkən, Oqtay Məmmədov bələdiyyəyə bundan qabaqkı son 2 seçkidə də DSK sədri olub və Mircəmil Hacıyevin də adı seçilənlər arasında qutudan çıxıb. İndi də Hacıyevin namizədliyinin qeydə alınmasında heç bir problem yaşanmayıb. Yəni DSK sədri hamı üçün münbit şərait yaratmağa çalışıb. O ki qaldı Ramiz Əliyevə, bu şəxsin mənimlə kirvə olduğunu hallandırmaq mənasız bir şeydir. Axı kirvəlik olubsa belə, o, qohumluq əlaqəsi hesab edilmir. Ramiz Əliyevin də öz karyerasını qurmaq, inkişaf etdirmək haqqı var və bu gün YAP-ın onu və digərlərini müdafiə etməsinin səbəbini Mircəmil Hacıyev YAP-dakı həmkarlarından soruşsun”.
YAP şəhət təşkilatının sədri Cavanşir Yusubov keçmiş iş yoldaşının qərəzli olduğunu diqqətə çatdırır: “Biz 15 il bir yerdə, bələdiyyədə işləmişik. O, əvvəllər müxalifət partiyasının üzvüydü, sonra bitərəf oldu, daha sonra YAP-a qəbul edildi. Bu gün ölkədə aparılan hər sahədə islahatlar yeniləşməni tələb edir. YAP şəhər təşkilatı da partiya siyahısı ilə seçkiyə gedərkən yeni adamların bələdiyyəyə seçilməsini məqsədəuyğun hesab edib. Əgər Mircəmil müəllim özünə güvənirsə, ətrafında sosial dayağa maliksə, təşviqatını aparsın, seçicilərinin etimadını qazansın. Yeri gəlmişkən, o, 25 ildir ki, ikinci qrup Qarabağ əlili kimi dövlətdən yüksək məbləğdə təqaüd alır. Mən şəhərin qurtaracağındakı bağlarda yaşayıram, onun və oğlunun isə şəhərin mərkəzində həyət evi var. Sadəcə bu şəxs aktiv ictimaiyyət nümayəndəsi olmadığından hətta öz yaşayış yerindən də seçicilərinin səsini qazana bilməyəcəyini başa düşür, buna görə də məğlubiyyətini indidən qarayaxma ilə örtbasdır etmək niyyətindədir”.
Dekabrın 23-ü yaxınlaşdıqca, gərginliyin artması təbiidir. Ümid edirik ki, seçicilər qarşıdakı günlərdə yerli idarəetmə orqanının gələcək nümayəndələrini yaxından tanıya biləcəklər. Fevralın 9-na isə hələ xeyli vaxt qalıb, zaman prosesi çalxaladıqca, kimin kim olduğu bəlli olacaq.
Şərhlər bağlıdır.