Azərbaycanda bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir
2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub
2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkiləri dövlətin və xalqın milli mənafelər baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən siyasi hadisə oldu. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi bütün dünyaya tanıdıb. Dövlət başçımızın yürütdüyü düşünülmüş xarici və daxili siyasətin nəticəsi olaraq, bu gün biz hamımız Azərbaycanın möhtəşəm qələbələrinin canlı şahidləriyik. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.
2003-2018-ci illər Azərbaycanın tarixinə ölkənin dinamik inkişafının mühüm mərhələsi kimi daxil olub. Bu illər ərzində bütün Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, mühüm istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilmişdir. Həmin dövrrdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunun daha bir nümayişi oldu. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirildi. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə 2003-2018-ci illərdə yüksək nəticələr əldə olunmuşdu. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Məhz o dövrdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulmuşdu. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə düşmüş, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil etmişdi. Həmin illər ərzində ölkədə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsində müəyyənləşmişdi. Əlbəttə ki, bütün bunlar da 2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə bilavasitə təsir edən amillər idi.
Həmçinin vurğulamaq lazımdır ki, həmin dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da əvvəllər heç zaman müşahidə olunmamış bir səviyyəyə yüksəlmiş oldu: “Bu gün Azərbaycan Avropa təhlükəsizlik konsepsiyasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Şərhlər bağlıdır.