Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti arasında yeni təhsil əməkdaşlığına start verildi
Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında öz mövqeyini möhkəmləndirmək, tədris və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, tələbə və müəllim mübadiləsini genişləndirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu istiqamətdə Türkiyə Cumhuriyyətinə təşkil olunan rəsmi səfərin əsas məqsədi qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə elmi tədqiqatların təşkili və innovativ tədris modellərinin təcrübəyə tətbiqidir.
Oktyabrın 16-da rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Hacı Bayram Veli Universitetində olub və rektor Prof. Dr. Mehmet Naci Bostancı ilə görüş keçirib. Görüş zamanı tərəflər universitetlərarası əməkdaşlığın prioritet istiqamətləri, birgə elmi layihələrin icrası və yeni akademik proqramların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Görüşdə MDU və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında Anlaşma Memorandumu imzalanıb. MDU-nun rektoru Anar Eminov və AHBVU-nun rektoru Prof. Dr. Mehmet Naci Bostancı tərəfindən imzalanan MoU iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığın rəsmi əsasını qoyub. Memoranduma əsasən, magistratura səviyyəsində “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramı təsis ediləcək.
Rektor Prof. Dr. Mehmet Naci Bostancı MDU nümayəndə heyətini universitetdə görməkdən məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında elmi, mədəni və təhsil əlaqələrinin yeni inkişaf mərhələsini formalaşdırır:
“İmzalanan Anlaşma Memorandumu iki qardaş xalqın elm və təhsil sahəsindəki inteqrasiyasını gücləndirəcək. Bu əməkdaşlıq ortaq elmi layihələr, ikili diplom proqramları, beynəlxalq simpoziumlar və tələbə–müəllim mübadiləsi kimi geniş fəaliyyət istiqamətlərini əhatə edir. Biz Mingəçevir Dövlət Universiteti ilə qurulan bu tərəfdaşlığa böyük önəm verir və uzunmüddətli əməkdaşlığın davamlılığını təmin etməyə hazırıq.” deyə vurğulayıb.
Universitetin beynəlxalq əlaqələr strategiyası qlobal akademik məkanla inteqrasiyanı, keyfiyyətli təhsil mühitinin yaradılmasını və müasir tələblərə cavab verən kadr hazırlığını hədəflədiyini bildirən MDU-nun rektoru Anar Eminov AHBVU rektoruna göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.
“Ankara Hacı Bayram Veli Universiteti ilə imzalanan bu Memorandum universitetimizin beynəlxalq inkişaf strategiyasında yeni səhifə açır. Əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də elmi, innovativ və mədəni istiqamətlərdə iki ölkənin ali təhsil sistemlərini daha da yaxınlaşdıracaq. Bu proqram gələcək turizm və xidmət sektorunda müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək.” deyə bildirib.
İmzalanmış MoU çərçivəsində birgə elmi tədqiqatların aparılması, beynəlxalq seminar və simpoziumların təşkili, müəllim və tələbə mübadiləsi, elmi nəşrlərin birgə hazırlanması, tədris proqramlarının uyğunlaşdırılması və ortaq sertifikat proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin innovasiya, startap və sahibkarlıq yönümlü layihələrdə əməkdaşlıq, laboratoriya və texnologiya transfer mərkəzlərinin birgə fəaliyyəti də sənədin əsas istiqamətlərindəndir.
Ankara Hacı Bayram Veli Universiteti ilə imzalanan bu Anlaşma Memorandumu Mingəçevir Dövlət Universitetinin beynəlxalq nüfuzunun möhkəmlənməsində, elmi-tədris sinerjisinin formalaşmasında və Azərbaycan–Türkiyə ali təhsil əlaqələrinin daha da inkişafında mühüm addım kimi qiymətləndirilir. Bu əməkdaşlıq iki ölkə arasında elm, təhsil və innovasiyanın birgə inkişafına yönəlmiş strateji tərəfdaşlığın parlaq nümunəsidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.