Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan sülh və təhlükəsizlik diyarıdır

Yeni dünya düzəni və Azərbaycanın real gücü bunu deyir

Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi. 104 il bundan əvvəl Azərbyacanın müstəqilliyi ardı-arası kəsilməyən ağır, gərgin ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə elan olunmuşdu. Dünya imperializmi və yenidən dirçələn Rusiya imperiyası buna imkan vermədi. Sovet hakimiyyəti illərində də vahid dövlət daxilində olsaq da ermənilər öz torpaq iddialarından əl çəkmədilər. Sovetlər Birliyinin dağılması onların beynəlxalq güclərə arxalanaraq Qarabağı işğal etməsi ilə nəticələndi. 30 il ərzində işğalda saxladıqları bu cənnət diyarı xarabazarlığa çevirdilər, daşı daş üstə qoymadılar. Burada baş verənlər erməni vandalizminin, faşist dünyagörüşünün bariz nümunəsi oldu.

Əsil və əbədi müstəqilliyini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əldə edən Azərbaycan öz haqq işi uğrunda mübarizəsindən bir an belə geri çəkilmədi. Ardıcıl və məqsədyönlü siyasət, uğurlu diplomatiya, iqtisadi və hərbi sahədə qazanılmış nailiyyətlər və siyasi sabitlik  bu proseslərin sonunu gətirdi. Ulu Öndər ideyalarının mübariz davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi öz sözünü dedi.

44 günkül Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Üç minə yaxın şəhidimizin qanı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu.

Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Dünyaya sübut elədik ki, bizim qəlbimizdəki Vətən sevgisinin qarşısında heç bir güc, heç bir silah davam gətirə bilməz. Sübut elədik ki, öz liderinin ətrafında sıx birləşən bir xalqı yenmək olmaz. İndi bu torpaqlara “Böyük qayıdış” başlayıb. Qarabağın hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə  200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bunlar göstərir ki, ermənilərdən fərqli olaraq biz azərbaycanlılar qurub yaratmağı sevirik. Onlar kimi dağıtmaq, məhv etmək, saxta tarix yazmaq kimi işlər bizə yaddır.

Həyat reallıqları sevir. Real olan isə budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır. Cənab prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın, həm də müharibədə qazanan qələbənin siyasi əsasıdır.

Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların lokomotivi olmuşdur.

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.

Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.  Arxalandığı havadarları isə bu gün reallıqları qəbul etmək zorundadırlar.  Çünki ən çətin dönəmlərdə belə, Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayandığını sübut elədi.

Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edən Ermənistan bəzən bu öhdəlikılərdən yayınmağa çalışsa da danışıqlar masası arxasında oturmağa, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Zəngəzur dəhlizi də açılacaq, sərhədlər də tezliklə dəqiqləşəcək. Yeni dünya düzəni və Azərbaycanın real gücü bunu deyir.

104 il bundan əvvəl Şərqdə ilk Cümhuriyyət bayrağı qaldıranların arzuları vətəni azad, dövləti qüdrətli görmək, yurdun hər qarışına sahib olmaq,  bütöv görmək idi… Bu gün şəhid qanı ilə suvarılmış Qarabağda  Azərbaycan bayrağı daha əzəmətlə, daha qürurla dalğalanır.

Azərbaycan bu gün öz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.

44 gün ərzində həm ərazi bütövlüyünü bərpa edən, həm ədaləti bərpa edən, həm də milli ləyaqətini bərpa edən müzəffər Azərbaycan xalqı yeni bir tarix yazır.

 

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Şərhlər bağlıdır.