Azərbaycan QHT-lərinin Moldova səfəri: ətraf mühitin qorunmasında təcrübə mübadiləsi
Səfər iki ölkənin vətəndaş cəmiyyəti qurumları arasında ekoloji sahədə əməkdaşlığın möhkəmləndirilməsi və qabaqcıl təcrübələrin bölüşülməsi baxımından çox əhəmiyyətli oldu
10-13 mart 2025-ci ildə Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Azərbaycan QHT-lərinin Moldovaya tanışlıq səfəri gerçəkləşdi. Səfərin əsas məqsədi ətraf mühitin mühafizəsi və bu sahədə təcrübənin öyrənilməsi idi.
Səfərin ilk günü “Askoni” şərab zavoduna ziyarət və rəsmi şam yeməyi ilə yadda qaldı. Növbəti günlərdə iştirakçılar “Ecovisio” təşkilatına baş çəkərək, Moldovanın nüfuzlu ekoloji təşkilatlarının fəaliyyətləri ilə tanış oldular. Təqdimatlar zamanı ekoloji assosiasiya “Ətraf mühit günü” festivalı və ekoloji düşərgələr barədə məlumat verdi. “Rural Renaissance” enerji səmərəliliyi və sənaye çətənəsinin leqallaşması ilə bağlı təcrübəsini bölüşdü. “Ecovisio” isə tullantıların idarə edilməsi, iqlim dəyişikliyi və orqanik kənd təsərrüfatı sahələrində fəaliyyətini təqdim etdi. Bundan əlavə Azərbaycan təşkilatları da görüşdə öz fəaliyyətlərini tanıtmaq fürsəti qazandılar.
Moldovanın Ekologiya Nazirliyinə səfər zamanı qurumun katibi Qriqori Stratulat ilə bir saat davam edən görüş keçirildi. Görüşdə hökumətin ətraf mühitin qorunmasında rolu və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq məsələləri müzakirə olundu.
Bundan sonra nümayəndə heyəti “Tech4Kids” fidanlığı və “EcoVazon” təsərrüfatına baş çəkdi. Burada fidan yetişdirmə texnikaları və orqanik məhsulların becərilməsi ilə tanış oldular. “Kağız Yaddaş Emalatxanası”nda iştirakçılar təkrar emal olunmuş kağızdan sənət nümunələri hazırlamaq imkanı əldə etdilər və “yaşıl biznes” imkanları barədə məlumat aldılar.
Səfərin ən yadda qalan günlərindən biri Rışkova kəndində yerləşən “EcoVillage”in ziyarəti oldu. Kənddə təbii materiallardan inşa olunmuş evlər, günəş enerjili sistemlər və orqanik bağçılıq nümunələri təqdim olundu. Həmçinin “Eco-Resort” təsərrüfatına və “Orxeyul Veky”də plastik tullantıların təmizlənməsi layihəsinə baxış keçirildi.
Səfərin son günündə tullantı ayırma stansiyasına baxışdan sonra Azərbaycan nümayəndələrinin yekun sessiyası keçirildi. Burada əldə olunan biliklər və gələcək əməkdaşlıq imkanları müzakirə edildi.
Səfər Azərbaycan və Moldova QHT-ləri arasında ekoloji sahədə əməkdaşlığın möhkəmləndirilməsi və qabaqcıl təcrübələrin bölüşülməsi baxımından çox əhəmiyyətli oldu. İştirakçılar ekoloji layihələrə dair real nümunələri görməklə yanaşı, yaşıl iqtisadiyyat və ekoloji təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində yeni ideyalar əldə etdilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.