Azərbaycan özünün müdafiə qüdrətini durmadan artıracaq
Dövlət başçısının Silahlı Qüvvələr Gününü məhz Kəlbəcərdə, hərbiçilərimizlə bir yerdə qeyd etməsinin siyasi-mənəvi önəmi var
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda yeni hərbi hissənin açılışı və komando hərbi hissəsinə döyüş bayrağının verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycanda ordu qruculuğu işi bu gün daha böyük vüsətlə həyata keçirilməkdədir. Dövlət başçısının bu əlamətdar günü məhz Kəlbəcərdə, hərbiçilərimizlə bir yerdə qeyd etməsi bu hadisənin siyasi-mənəvi önəmini bir daha vurğulamış oldu. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz torpaqlarını işğaldan, bütün Cənubi Qafqaz regionunu isə erməni faşizminin təhdidindən qurtardı. Bu gün isə məhz Azərbaycan Ordusu regional sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də silahlı qüvvələrimizin daim təkmilləşdirilməsi və müasirləşdirilməsi, qüdrətinin artırılması bir nömrəli məsələdir. Yaddan çıxarmaq olmaz ki, müasir dünyada beynəlxalq hüququn norma və prinsipləri işləmir və ön planda olan əsas göstərici də məhz güc amilidir.
Prezident İlham Əliyevin hərbi hissənin açılış mərasimində söylədiyi nitqində qeyd etdiyi kimi, ərazilərimizin işğalının davam etdiyi bütün 30 il ərzində haqq-ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olmasına baxmayaraq, heç kim işğalçıya “Azərbaycan torpaqlarından çıx!” demədi. Əksinə beynəlxalq təşkilatlar bütün bu illər ərzində xalqımızı işğal faktı ilə barışdırmağa çalışır, münaqişənin hərbi yolla həllinin olmadığına bizi inandırmağa səy göstərirdilər. Yalnız Azərbaycan Prezidenti istər öz ölkəmizdə, istərsə də bütün xarici səfərlərində deyirdi ki, problemin hərbi yolla həll variantı var və Azərbaycan istənilən an bu hüququndan istifadə edə bilər. Lakin müharibədə haqlı olmaq hələ qalib olmaq demək deyil. Qələbə əldə etmək üçün həm də güclü olmaq lazımdır, qüdrətli, müasir silah və texnologiyalarla təchiz olunmuş orduya sahib olmaq lazımdır. Bütün bunlar isə iqtisadiyyata bağlı olan məsələlərdir. Eyni zamanda da iqtisadi müstəqillik faktoru ölkənin siyasi müstəqilliyini təmin edir ki, bunsuz da heç bir dövlət öz iradəsinə görə irimiqyaslı hərbi əməliyyatların başlanmasına dair qərar verə bilməz. Məhz bütün bunlara nail olmaq üçün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində məqsədyönlü, əhatəli və geniş həcmli hazırlıq işləri həyata keçirildi. Ölkənin iqtisadiyyatı sürətlə inkişaf etdirildi, əldə olunan imkanlar hesabına güclü ordu yaradıldı.
Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, ən müasir silah və texnologiyalara malik olan istənilən bir ordunun da özəyini məhz canlı qüvvə, əsgərlər təşkil edir. Əgər bu əsgərlərdə Vətən sevgisi, dövlətə və xalqa sədaqət hissi, öz komandanlarına inam olmazsa, heç bir texnologiya ilə qələbəni təmin etmək olmaz. Buna görə də Vətən müharibəsinin başlanmasına qədər ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyələnməsi istiqamətində böyük işlər görüldü. Nəticədə 44 günlük müharibə dövründə Şanlı Ordumuzun sıralarında bircə nəfər belə olsun fərari olmadı. Azərbaycan gəncləri Vətənə bağlılıqlarını, dövlətə sədaqətlərini və Müzəffər Ali Baş Komandana sonsuz inam və etimadlarını bütün dünyaya nümayiş etdirdilər. Beş ilə işğal edilmiş, 30 il ərzində ən möhkəm, ən mürəkkəb müdafiə-istehkam qurğuları ilə gücləndirilmiş, üstəlik son dərəcə çətin keçilən təbii relyefi olan əraziləri cəmi 44 günə azad etmək əlbəttə ki, yalnız sarsılmaz ruhun və yenilməz gücün hesabına mümkündür. Əbəs yerə deyil ki, bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi taktika, döyüş üsulları dünyanın ən müxtəlif ölkələrinin hərbi məktəblərində öyrənilir. Bu gün Azərbaycan xalqı Ordu Gününü müzəffər xalq kimi, qalib ölkə kimi qeyd edir və biz bu qüruru bizə bəxş edən Silahlı Qüvvələrimizlə fəxr edirik.
Vətən müharibəsində tarixi Qələbə əldə etməklə Azərbaycan həm də Cənubi Qafqazda yeni geosiyasi və geostrateji reallıqlar yaratdı. Öz çıxışında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, bu gün artıq bütün aparıcı beynəlxalq qüvvələr də bu reallıqları qəbul edir və öz fəaliyyətlərini ona görə qrurlar. Əlbəttə ki, məğlub Ermənistan da bu reallıqları qəbul etməlidir. Həm də bu nə qədər tez baş verərsə, nəticəsi elə Ermənistanın özü üçün daha yaxşı olar. Lakin təəssüflər olsun ki, bu gün biz hələ də bu məğlub ölkədə səsləndirilən revanşist şüar və çağırışları eşidirik. Heç şübhəsiz bu əhval-ruhiyə Ermənistana yaxşı heç nə vəd etmir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu xüsusda Azərbaycanın mövqeyini qəti və birmənalı şəkildə bir daha bəyan edərək bildirdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın.” Beləliklə, bu gün Qarabağı və Şərqi Zəngəzuru bərpa edən, bu torpaqlarda yeni həyat quran Azərbaycan bu bölgənin və bütün Vətənin əmin-amanlığı naminə özünün müdafiə qüdrətini də durmadan artırır və artıracaq.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Şərhlər bağlıdır.