Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan mediasının yeni inkişaf mərhələsi

Medianın İnkişafı Agentliyinin yaradılmasından 5 il ötür

349

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə müasir medianın formalaşması üçün geniş imkanlar yaranıb. Aparılan islahatlar nəticəsində senzura ləğv olunub, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırılıb. Redaksiyaların inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sərbəst fəaliyyəti istiqamətində ardıcıl addımlar atılıb.

Bu dövrdə Azərbaycan mediası cəmiyyətin məlumatlandırılmasında və ölkənin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər isə medianın fəaliyyətində keyfiyyətcə yeni yanaşmaları zəruri edib.

Məhz bu məqsədlə Prezidentin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Agentliyin əsas fəaliyyəti medianın inkişafının dəstəklənməsi, jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin fəaliyyətinin stimullaşdırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə dəstək göstərilməsidir.

MEDİA eyni zamanda media sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, aidiyyəti qurumlarla əməkdaşlıq edir və beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Son illər Avropa ölkələrinin aparıcı media qurumları ilə əlaqələrin genişlənməsində, birgə layihələrin və jurnalist mübadilə proqramlarının həyata keçirilməsində Agentliyin rolu nəzərəçarpandır.

Beş il ərzində MEDİA Azərbaycan mediasının modernləşməsi, şəffaflığın artırılması və peşəkar informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə edib. Bu proses Azərbaycan mediasının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə etibarlı informasiya mənbəyi kimi mövqeyini gücləndirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.