Azərbaycan hələ ən azı 100 il ərzində özünü və tərəfdaşlarını təbii qazla təchiz edə bilər
Postmüharibə dövründə Azərbaycanda bütün sahələr, o cümlədən iqtisadiyyat sürətlə inkişaf edir
Bu gün Azərbaycan qalib ölkə olaraq 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad etdiyi ərazilərində irimiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. Etiraf olunmalıdır ki, ölkəmizin yalnız öz daxili imkanları hesabına, heç bir xarici mənbədən maliyyə dəstəyi almadan reallaşdırdığı bu işlər Azərbaycanın real iqtisadi gücünü bir daha bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə müzakirə olunan məsələlər də bilavasitə Azərbaycanda gedən mütərəqqi proseslərin təhlil və qiymətləndirilməsini, eləcə də növbəti illər üçün planlaşdırılmasını nəzərdə tuturdu. Əlbəttə ki, postmüharibə dövründə Azərbaycanda bütün sahələrin, o cümlədən iqtisadiyyatın inkişafının sürətlə davam etməsi danılmaz faktdır. Müşavirədə çıxış edən dövlət başçısının dediyi kimi, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Postmünaqişə dövrünün ilk ili kimi, 2021-ci ildə Azərbaycanın qarşısında duran iki başlıca məqsəd eyni zamanda həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək və buna paralel olaraq beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Bu gün artıq tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin uğurla və inamla həyata keçirdiyi siyasi kursun nəticəsi olarq, Azərbaycan hər iki istiqamət üzrə öz məqsədlərinə nail oldu.
Xüsusilə vurğulamaq istədiyim məqamlardan biri də ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı görülən böyük işlər və bu işlərin bu il də yüksək dinamika ilə davam etdirilməsi barədədir.
Məlum olduğu kimi, Azərbaycanın elektroenergetika sənayesinin bugünki inkişafı birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər hələ sovet dönəmində özünün nüfuzu və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda nəzərdə tutulan enerji layihələrini mərkəzi büdcə hesabına maliyyələşdirilməsini təmin etmişdi. Qısa bir müddət ərzində hər birininin gücü 300M/Vt olan 8 blokdan ibarət “Azərbaycan” İstilik Enerji Stansiyasının tikintisinin Mingəçevirdə reallaşması və sonrakı illərdə daha da genişləndirilməsi şəhərimizi Cənubi Qafqazın nəhəng energetika mərkəzinə çevirdi. Bu gün isə Prezident İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının, eləcə də uğurla həyata keçirilən enerji siyasətinin nəticəsi olaraq Azərbaycan energetikası nəinki yüksək inkişafa nail oldu, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.
Qeyd olunduğu kimi, postmüharibə dövrünün ilk ili ərzində işğaldan azad edilmiş torpaqlarda 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Bunlardan ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda, Lev çayı üzərində yerləşir. Dövlət başçımız müşavirədə etdiyi çıxışında cari ildə də Azərbaycanda böyük enerji layihələrinin həyata keçiriləcəyini vurğulayaraq bildirdi ki, ilk olaraq bu il daha beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Qeyd etmək lazımdır ki, son illər Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalı sahəsinə də böyük investisiyalar qoyulur və bu istiqamətdə işlər getdikcə daha böyük vüsət almaqdadır. Təsadüfi deyil ki, bərpaolunan enerji növlərinin istehsalı Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirilib. Maraqlıdır ki, adətən bu sahəyə təbii enerji resursları az olan ölkələr daha ciddi fikir verirlər. Lakin Azərbaycanda vəziyyət tam fərqlidir. Belə ki, ölkəmiz bundan sonra hələ ən azı 100 il ərzində özünü və tərəfdaşlarını təbii qazla təchiz edə bilər. Buna baxmayaraq bu gün Azərbaycan bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bunun əlbəttə ki, bir neçə səbəbi vardır. İlk növbədə bərpaolunan enerji növləri ən təmiz enerji növüdür. Bu isə əlbəttə ki, ətraf mühitin qorunmasına xidmət edən amildir. İkinci bir tərəfdən də Azərbaycanın məhz bu sahəni inkişaf etdimək üçün çox gözəl imkanları və potensialı mövcuddur. Bu gün ölkəmizdə elə əlverişli investisiya iqlimi yaradılıb ki, həm yerli, həm də xarici şirkətlər buna böyük maraq göstərirlər. Əlbəttə ki, bu şərait ilk növbədə Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi iqtisadi siyasət nəticəsində yaranıb.
O cümlədən, hazırda xüsusilə Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Dövlət başçımızın dediyi kimi, əgər xarici şirkətlər üçün bu maraqlıdırsa, deməli burada mənfəət olacaq. Həmçinin Cəbrayıl, Zəngilan rayonlarında günəş elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Keçən il azad edilmiş torpaqlarda artıq 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, əlbəttə ki, çox böyük göstəricidir. Eyni zamanda, mürəkkəb dağlıq relyefə malik olan ərazilərdən keçməklə Daşkəsəndən Kəlbəcərə elektrik xətləri çəkilib.
Lakin deyildiyi kimi, bu il Azərbaycanda enerji sahəsində daha böyük işlər görüləcək. O cümlədən elektrik stansiyaları ilə bağlı perspektiv planlara uyğun olaraq bu il “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bunu da qeyd etdi ki, hazırda İran İslam Respublikası ilə danışıqlar aparılır və tezliklə burada da razılıq əldə olunacaq. Bundan başqa “BP” şirkəti ilə Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə danışıqlar gedir. Əgər Azərbaycan indiyədək neft-qaz sahəsində uğurlu siyasət aparmasaydı, tərəfdaş ölkələrin inamını, etibarını qazana bilməsəydi heç kəs ölkəmizə belə böyük və uzunmüddətli sərmayələr yatırmazdı.
Həmçinin Azərbaycanın gələcəyinə inanm olmasaydı bu baş verməzdi. Bu ilin əvvəlində biz hamımız dünyada enerji sahəsində ən böyük şirkətlərdən biri olan “ACWA Power” ilə Azərbaycan arasında imzalanmış kontrakt əsasında keçirilmiş təməlqoyma mərasiminin şahidi olduq. Layihəyə görə artıq gələn il 240 meqavatlıq külək elektrik stansiyası istifadəyə verilməlidr. Daha bir günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilər bərpaolunan enerji növlərinin istehsalına öz böyük töhfələrini verəcəklər. Belə ki, həmin torpaqlarda, o cümlədən Kəlbəcər-Laçın zonasında böyük potensial mövcuddur. Bu potensial mütəxəssislər tərəfindən 9 min meqavatdan daha yüksək rəqəmlə qiymətləmdirilir. Bununla belə, hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və artıq onlardan konkret təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək, yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək. Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bildiyimiz kimi, bu gün Azərbaycandan dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edilir və tələbat getdikcə artır. Bu da bərpa olunan enerji növlərinin istehsalına marağı artıran bir amildir.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Şərhlər bağlıdır.