QORXULARIMIZ
İnsan çox möhtəşəm məxluqdur, sevincləri, kədərləri, arzuları, gündəlik planları, işi, maşını, evi və daha nələri var. Maddi olanları təsdiq edən sənədləri də var. Var da, amma bəzilərinə bunlar mənasız gəlir, çünki bütün bu olanların bir qara qəpiyə dəymədiyini anladan, hərdən xatırladan duyğu da var — qorxular. Amma bu qorxular evsiz, işsiz, paltarsız qalmaq, ac və sərgərdan olmaq kimi qorxulardan deyil. Bu qorxular bambaşqadır. Bu haqda bir az sonra danışacam.
Erik Satinin kompozisiyalarını dinləyirəm, çox həzindirlər, bu anlarda, yazını yaza-yaza dinlədiyim isə mənə laylanı xatırladır. Layla beşik nəğməsidir, sanki bu dünyaya gələn insana hər şeydən öncə gözəl olanları anladırıq, onsuz da böyüdükcə yaxşı olmayanları özü görəcək deyə. Bu musiqidə isə hər ikisi var: yumşaq, həzin olanlar da, sərt, acılı olanlar da.
Sonra böyüyürük və bir gün:”Mən başqa çay axtarıram, insanın həyatından ölümü yuyub aparan çay”,- deyə naməlum yolçu kədərlə pıçıldadı...Bunu Borxes deyib, obrazının dili ilə. Amma bizim də ürəyimizdən keçir, zaman-zaman ölümün çarəsini axtarırıq, əsrlərcə yaşı olan ölümsüzlük iksirlərinin sirrini tapmağa çalışırıq.
Borxes də ölümsüzlüyü axtarır və nəhayətində anladığı mənadan dəhşətə gəlir:”Əslində insandan başqa bütün canlılar ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur. Özünü ölümsüz hiss etmək isə həm ilahi duyğudur, həm də dəhşətdir, ağlasığmaz bir şeydir”. Ölümsüzlər şəhərini tapırsan və başa düşürsən ki, əbədi, ölümsüz olan şəhərdir, insanın yaratdıqlarıdır, insan isə ölümsüz deyil.
Borxes deyir:”Ölüm (yaxud ölümün daim xatırlanması) insanların ürəyini ülvi hisslərlə doldurur, həyatı qiymətli nemətə çevirir”.
İnsanın ölümsüz olması qədər, ölümlü olması da ağlasığmazdır, bir gün bu dünyada olmamaq, yox olmaq, heçliyə qarışmaq hissi də çox dəhşətlidir. Bu, bayaq dediyim qorxularımızdan biridir. İnsanın fani olması və bu duyğu qarşısında hər kəsin eyni dərəcədə aciz olması. Amma vicdansız, saxtakar biri ilə, düşünən, dürüst, arzularla yaşayan xeyirxah birinin də fani olmağı ölümü müəmmaya çevirər, anlamazsan bu gedişi.
Bəzən insan elə duyğular, düşüncələr yaşayır ki, onları adi cümlələrlə, normal obrazla ifadə etmək olmur. Çünki normal ifadələr belə düşüncələrə ya dar gəlir, ya da geniş olur, odur ki, onları ifadə etmək, göstərmək üçün bir qədər qeyri-adi obrazlar, ifadələr yaratmaq lazım gəlir. Borxesin Alefi kimi. Diametri iki-üç santimetr olan parlaq kürəciyə bütün kainatı yerləşdirəcək qədər qeyri-adi obraz kimi. Bu kürəcik sadəcə obraz deyil, həm də yazıçını anlamaq üçün bir vasitədir. Bəlkə də adi sözlərlə də bu fikirləri deyə bilərdi, amma o zaman fikirlər bu qədər təsiredici olmayacaqdı, bu qədər duyğularımıza təsir etməyəcəkdi. Bunu qeyri-adi adlandırmaq olar, lakin düşüncə üçün bunun əhəmiyyəti yoxdur. Bilirsiniz bu nəyə bənzəyir, insan iddia edə ki, yalnız dil qaydalarını , qrammatikanı əla bilən biri ən mükəmməl əsər yarada bilər. Amma fikir sadəcə sözlərdən, işarələrdən, onların düzülüşündən ibarət deyil. Fikir mənalardan, obrazlardan ibarətdir, əgər obrazı, mənanı yarada bilməsək, o zaman dili əla bilmək heç nəyə yaramır. Borxesin, Karlosun zirzəmisində Alefə baxıb xatırladıqlarını oxuduqca, mən də sanki kəndimizi, tərk etdiyimiz evimizi, o evlə bağlı, orda yaşadığımız günlərlə, insanlarla bağlı xatirələri xatırlayırdım və nələri itirməyə və unutmağa məhkum edildiyimizi anladıqca dəhşətə gəlirdim… Sevdiklərini , sənə doğma olan hər şeyi itirmək qorxusu da dəhşətli qorxudur.
Can Yüceldən oxuyuram:“Ah be dünya, sen dönüyorsun onu anladık da bu insanlar senden daha hızlı dönüyor hem de ortada heç bir yörünge (orbit-M.R) yokken”.
Başqa bir fikri, çox maraqlıdır:”Küçükken annem, yerde ekmek görünce yüksege koy kuşlar yer derdi. Sevdiklerimizi hep yüksekte tuttuk, acaba kuşlar mı yedi?”
Can Yücel bir qorxudan bəhs edər şerlərində, yalnızlıq qorxusundan. Bu boyda dünyada yalnız qalmaq acı verər insana, amma çarəsi yoxdur. “Kiminə görə peşmanlıq, kiminə görə yanlışlıq. Sən nə deyirsən de, dünya öylə bir yer ki, hər gözəlliyin sonu sadəcə yalnızlıq…” Can Yücel
Bu sıraya Rey Bredberini də əlavə edərdim, o da qəribə obrazlar yaradıb, qəribə azrularla yaşayan insanları tanıdıb bizə “Məzuniyyət”dəki və digər əsərlərindəki kimi. Rey Bredberini hörmətli Elçin Şıxlının “Çiskin” yazısından tanımışdım və tanıdığıma da çox şad olmuşdum.
Hərdən insanlara sual vermək istəyirsən, yaxud da sən düşündüyün vəziyyətə düşsəydilər necə qərar verərdilər? Rey Bredberi də qeyr-adi vəziyyətlər yaratmaqla, məhz insanların diqqətini hamımız üçün vacib olan məqamlara yönəltmək istəyib. Əgər, hər şeydən bezib, bu dünyada insanların olmadığı bir gün yaşasaydın, doğrudanmı özünü xoşbəxt hiss edərdin?
Salvador Dalini bəyənmirəm desəm, yəqin heç kim inciməz. Səbəbi odur ki, Tanrının yaratdığı ən möhtəşəm varlığı — insanı ələ salmağı sənətkarlıq adlandıra bilmərəm. Etikadan, ədəbdən kənar istənilən “yaradıcılığı” bəyənmirəm. Onun rəsmlərində təsvirlər qeyri-adi olsa da, özünün bir neçə tablosuna yazdığı izahları oxudum, əslində ifadə etdiyi məna çox bəsitmiş. Hər halda mən belə düşünürəm.
Yaradıcı insanlar əslində bu qorxuları təsvir və ifadə etməyi bacaran insanlardır. Sanki bu qorxulardan qurtarmaq üçün müxtəlif ifadə vasitələri taparlar, duyğularını, düşüncələrini dilə gətirərlər. Kimisi şeir yazar, kimiləri roman, hekayə, kimiləri rəsmləri ilə ürəkərimizə, duyğularımıza xitab edərlər, bizi də xəbərdar edərlər. Amma qorxularından qurtulmaq istərkən, bəziləri hisslərinə zəif düşmüş, hisslərinə yenilmiş, nəfsinə təslim olaraq, içkinin, siqaretin əsirinə çevrilmişlər. Düşüncədə yaratdıqları, ifadə etdikləri qeyri-adiliyi, bu zərərli “vasitlərdə” axtarsalar da tapa bilməmişlər.
P.S. Son olaraq, Borxesi, Can Yüceli, Erik Satini mənə tanıtdığı üçün İbrahim Nəbioğluna və Bredberini kəşfimə görə Elçin Şıxlıya minnətdar olduğumu qeyd edirəm.
Mingəçevir şəhəri, 14 avqust 2017
Bölüm:Cəmiyyət
Şərhlər bağlıdır.