Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi

KOB dostu Ayaz Ədilov vurğulayıb ki, əksər sahibkarların idarəetmə təcrübələri zəifdir, onlar vəkil xidmətindən nadir hallarda istifadə edir, problemlərini ümumiləşdirməyə, məhkəmə müstəvisinə keçirməyə maraq göstərmirlər

2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə  sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və icarə müqavilələri ilə fəaliyyət göstərən həssas qrupların və sahibkarların dövlət dəstəyi və digər proqramlardan bəhrələnməsi barədə suallar verilib. Sualları dövlət məşğulluq və vergi xidmətilərinin, şəhər icra hakimiyyəti və bələdiyyəsinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri cavablandırıblar. Görüşün təşkilatçısı və KOB dostu Ayaz Ədilov vurğulayıb ki, əksər sahibkarların idarəetmə təcrübələri zəifdir, onlar vəkil xidmətindən nadir hallarda istifadə edir, problemlərini ümumiləşdirməyə, məhkəmə müstəvisinə keçirməyə maraq göstərmirlər: “Belə vəziyyət isə məmur özbaşınalığına şərait yaradır. Şəkidə isə bir sahibkarın prosesi udması presedent hüququ yaratdı və artıq digər sahibkarlar da bundan sonra rahat fəaliyyət göstərirlər”.

Görüşə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev, İŞ-nın sahibkarla iş və ekologiya komissiyasının üzvləri Vaqif  Həsənov və Yeganə Nəbiyeva da qatılıb, inhisarçı dövlət şirkətləri ilə sahibkarlar arasındakı bəzi anlaşılmazlıqlara münasibətlərini bildiriblər. Təklif olunub ki, KOBİA və  İctimai Şuranın birgə təşkilatçılığı ilə Mingəçevirdə suvarma məsələsinin ictimai müzakrəyə çıxarılmasına ehtiyac var.

Şərhlər bağlıdır.