25 sentyabr 2020-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” layihəsinin bağlanış mərasimi baş tutmuşdur.
Onlayn formatda keçirilən və Aİ Nümayəndəliyinin “Facebook” səhifəsində yayımlanan bu layihədə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və regional peşə təhsili və təlimi mərkəzlərinin nümayəndələri iştirak etmişdir.
Avropa İttifaqının maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin həyata keçirdiyi layihə 2017-ci ilin sentyabr ayında start götürərək 2020-ci ilin iyun ayında başa çatmışdır. Dəyəri 2.2 milyon avro olan layihə Almaniyanın dual peşə təhsili və təlimi modelinə əsaslanmaqla Qəbələ, İsmayıllı və Qax rayonlarında üç pilot PTT mərkəzində duala bənzər peşə təhsili və təlimi yanaşması tətbiq edərək kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminə maraq yaratmaq və əmək bazarının tələblərinə uyğunluğu artırmaq məqsədi daşıyırdı.
Bağlanış mərasimində iştirakçılar layihənin uğurları barədə daha çox məlumat əldə etmək imkanı qazanaraq Qax Peşə Liseyinin tam təmirli və lazımi avadanlıqlarla təchiz edilmiş metal və ağac emalı üzrə emalatxanalarının və Qəbələ Dövlət Peşə Təhsili mərkəzində bütün vasitələrlə təchiz olunmuş video studiyanın virtual açılış mərasimlərini izləməyə dəvət olundular. Eyni zamanda İsmayıllı Peşə Təhsili və Təlimi Mərkəzinin istehsal etdiyi şərab məhsulları təqdim edildi.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində Əməkdaşlıq bölməsinin rəhbəri x-m Simona Qatti tədbirdə bu fikirləri səsləndirmişdir: “Avropa İttifaqı PTT mərkəzlərində keçirilən praktiki təlimin keyfiyyətinin artırılmasına, PTT mərkəzlərinin infrastruktur və təlim avadanlığının müasirləşdirilməsinə çox böyük önəm verir. Bu təkmilləşdirmə işləri tələbələrin məktəbdə keçdiyi praktik təlimin keyfiyyətini artıracaqdır ki, bununla Peşə Təhsili və Təlimi iqtisadi inkişafın mühüm aparıcı qüvvəsinə çevriləcək və Azərbaycanda novator və rəqabətə dözümlü biznes şirkətləri dəstəklənəcəkdir.”
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov vurğuladı: “Peşə təhsili müəssisələrinin modernləşdirilməsi və özəl sektor ilə əməkdaşlığın dərinləşdirilməsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin gündəliyində olan aktual məsələlərdəndir. Beynəlxalq əməkdaşlıq çərçivəsində sözügedən istiqamətlər üzrə Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən peşə təhsil müəssisələrinə göstərilən dəstək bizim üçün çox önəmlidir.”
Bütün iştirakçılar Aİ Nümayəndəliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə Azərbaycanda duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması istiqamətində həyata keçirdikləri səmərəli əməkdaşlığa və Azərbaycada peşə təhsili və təliminə marağın artması üçün verdikləri töhfələrə görə öz minnətdarlıqlarını bildirdilər.
Şərhlər bağlıdır.