Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropa İttifaqının “KƏNDİMİZ”ə “səyahəti”

209

Mayın 7-də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün onlayn formatda təqdimat keçirib. Təqdimat “Kəndimiz” kampaniyası çərçivəsində baş tutub.  Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən işlər barədə məlumatlandırmanı artırmaqdır.

Avropa İttifaqının Azərbaycandakı Səfiri cənab Kəstutis Yankauskas, “Kəndimiz” kampaniyasında yer almış layihələrin nümayəndələri öz benefisiarları ilə təqdimatda iştirak ediblər. Aİ Nümayəndəliyin Rəhbəri c-b Yankauskas deyib: “Bu gün Avropa İttifaqının Azərbaycanda maliyyələşdirdiyi və növbəti illərdə də davam edəcək müxtəlif əməkdaşlıq layihələrinin yalnız bir hissəsi olan bir neçə layihəni təqdim etmək üçün seçmişik. Biz, xüsusi olaraq, kənd və rayonlara aid layihələri seçmişik, çünki dayanıqlı inkişafa nail olmaq, kənd və rayonların paytaxt Bakı kimi səfalı və inkişaf etmiş olması üçün bu çox vacibdir”.

Ümumilikdə, kampaniyaya cəlb olunmuş altı layihədən dördü təqdimatda iştirak edib: Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz regionlarını əhatə edən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA), “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı”, “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” və Böyük Qafqazın dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi layihəsi.

Aİ-nın regionların və kənd yerlərinin inkişafı ilə bağlı fəaliyyəti və layihələri barədə qısa təqdimatdan sonra Nümayəndəliyin əməkdaşları, layihə rəhbərləri, eləcə də benefisiarlarla sual-cavab sessiyası keçirilib.

Təqdimat Nümayəndəliyin və layihələrin Facebook səhifələrində canlı yayımlanıb. 27 aprel-7 May tarixlərində keçirilmiş “Kəndimiz” kampaniyası çərçivəsində regionların və kənd yerlərinin inkişafı istiqamətində həyata keçirilən layihələrin fəaliyyəti ilə bağlı fotoşəkillər, video materiallar,  məqalələr, infoqrafik məlumatlar, uğur hekayələri və s. Nümayəndəliyin və layihələrin sosial media şəbəkələrində (Facebook və İnstagram səhifələri) paylaşılıb, eləcə də Nümayəndəliyin internet səhifəsində yerləşdirilib.

Şərhlər bağlıdır.