AktualAraşdırmaAzərbaycanCəmiyyətIKTMingəçevir

Asan olan nədir?

Elektron hökümət quruculuğunda istifadəçi(vətəndaş) iştirakının təmin edilməsi yolları.

Atalarımız deyib ki, “İşin çətini onu başlamaqdır”, yəqin ki belədir, ona görə biz də fəaliyyətimizə, yəni araşdırmamıza və təqdimatımıza  başlayaq və nədən başlayaq? Ondan başlayaq ki, hökümətimiz vətəndaşlara göstərdiyi xidməti daha səmərəli, daha şəffaf etmək üçün dünya təcrübəsində də sınaqdan çıxmış, cəmiyyəti, dövləti sosial və mədəni inkişafa aparan “Elektron hökümət” portalını yaratmağa qərar verdi. Bu xidmətin üstünlüyü və özəlliyi onda idi ki, vətəndaşlara göstərilən xidmətdə müasir iformasiya texnologiyalarından istifadə olunacaqdı, yəni, xidmət elektronlaşdırılıb sadələşdiriləcəkdi. Belə də oldu, vətəndaş haqqında bütün məlumatlar bir səhifəyə yerləşdi, amma bu səhifə o səhifədən deyil, elektron səhifədir. Həm də elektron xidmətlər təkcə öz vətəndaşlarımıza deyil, “Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə” də göstərilir. Elektron xidmətin vətəndaşa qazandırdığı  nələr oldu? İlk olaraq, idarələrlə vətəndaş arasında “məsafə” qısaldı, qalaq-qalaq kağız sənədlər yığmağa məcbur olmursan, kimlərəsə “hörmət” etməli, ya da günlərlə idarələrə ayaq döyməli olmursan, necə deyərlər, bir klik qədər yaxın olursan.

Bəli, hökümətimiz vətəndaşa daha yaxşı xidmət göstərmək üçün bacarıqlı, fədakar insanların köməyi ilə bu layihəni həyata keçirməyə başladı, düzdür, bir az gec başladı, amma ən azından başladı. Necə deyərlər, çətini başlamaqdır. Beləliklə, 2018-ci il 14 martda prezident İlham Əliyevin 1885 nömrəli fərmanına əsasən “Elektron Hökümətin İnkişaf Mərkəzi” yaradıldı. 2018-ci il 5 sentyabrda isə E-sosial.az  xidməti yaradıldı və bu barədə maraqlı məlumatımız da var ki, Alexa.com saytının(ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytlar” siyahısında ( https://www.alexa.com/topsites/countries:1/AZ) E-sosial.az portalı artıq 5-ci yerdədir, yəni ölkəmizdə ən çox müraciət olunan Google.com, Youtube.com, Wikipedia.org və Google.az saytlarından sonra 5-ci yeri tutur. Soruşa biərsiniz ki, bu saytı belə məşhur edən nədir, niyə adamlar bu sayta tez-tez müraciət edirlər? Mənə görə, bu saytı məşhur edən, hər bir vətəndaşın özünü bu saytda tapa bilməsidir. Ən çox müraciət edənlər isə işəgötürənlər, işləyənlər, işləməyənlər, iş axtaranlar, təqaüdə çıxanlar və çıxmaq istəyənlər, müavinət üçün, əlilliklə bağlı, reabilitasiya və digər xidmətlərlə bağlı, bir sözlə, nə az, nə çox, 100-dən çox sosial xidmətlə bağlıdır. Bura qədər çox gözəldir, hökümətimiz vətəndaşa xidmət üçün əlindən gələni edir, lakin məsələnin ikinci tərəfi də vardır ki, e-sosial portalının bu qədər məşhur olması, heç də onun hamı tərəfindən tanındığı anlamına gəlmir, əsas problemlər də elə bununla bağlıdır. Belə bir sual yaranır ki, bəs vətəndaş bu xidmətlərdən necə xəbər tutur? Təsəvvür edin ki, vətəndaşların şəxsi məlumatları portalda var, amma vətəndaşların bundan xəbəri yoxdur. Əslində müəssisə rəhbərləri xəbərdar olur, müqavilələr portala yüklənir, lakin vətəndaşın bundan xəbəri olmur. Odur ki, vətəndaş da bu xidmətlərdən  istifadə edə bilmir, bu vətəndaşlardan biri də elə mənəm. 2018-ci il idi, Asan Loginin nə olduğundan xəbərsiz olduğum günlərin birində, bir məsələ ilə bağlı bir idarəyə getdim və iş yerimdən arayış lazım oldu. İş yerimə getdim, direktor da dədə-baba qaydası ilə A4 vərəqinə arayışı yazdı, möhürlədi verdi mənə. Mən də gətirib verdim tələb olunan yerə. Xidmət göstərən oğlan bir arayışa baxdı, bir mənə, sonra da gülə-gülə, iztehza ilə dedi: “ Beləsi yox, elektron arayış”. Doğrusu çox pərt oldum, çünki belə bir imkanın olmağından xəbərim yox idi, oğlanın sifət ifadəsi  isə deyirdi : “Hansı əsrdə yaşayırsan???” Hara müraciət edəcəyimi soruşdum, – Banka müraciət edin,- dedi. Banka getdim, amma bu məsələnin onlara aid olmadığnı dedilər. Sonra ağlıma bir fikir gəldi ki, əgər belə bir elektronlaşdırılmış sistem varsa, niyə bunu özləri sistemdən götürə bilmirlər? Bu sualı bank əməkdaşına da verdim. Bankın əməkdaşı isə çox nəzakətlə bildirdi ki, belə bir yetki, hələ, heç bir idarəyə verilməyib. Sonra evə gəldim, noutbukumu açdım, e-sosial saytını tapdım, qeydiyyatdan keçib giriş etdim və nələr gördüm?

Bir sürü sənədi balaca bir pəncərəyə yerləşdirmişdilər. Bəli, burda hər şey var idi, aylıq maaşım, 2006-cı ildən başlayaraq illik gəlirim, ödənilən məbləğlər və çoxlu xidmətlər. Düşündüm ki, mənim kimi nə qədər vətəndaş bu məlumatlardan xəbərsizdirlər. O vaxtdan üç il keçib, bəzi vətəndaşlar yenə xəbərsizdirlər, çünki ehtiyac olmayıb istifadə etməyə, amma xəbəri olanlar da başqa maneələrlə qarşılaşır, məsələn, qeydiyyatdan keçmək üçün öz adına telefon nömrəsinin olmaması kimi. Amma bu fakt, vətəndaşa, malik olduğu elektron imkanlardan isitifadə etməsi üçün maneə olmamalıdır, çünki vaxtında Asan Logində qeydiyyatdan keçib şəxsi kabinetə daxil olmaq lazımdır, bəzən ora yüklənən şəxsi məlumatlarda natamamlıq ola bilər və bu natamamlıqları vaxtında aşkara çıxarıb həll etmək lazımdır, yoxsa sonra gec ola bilər. Bu problemin həlli yollarını araşdırarkən təlimçimiz, EHİM  Proqram Təminatı departamentinin rəhbəri Cəmşid Naxçıvanskiyə bununla bağlı müraciət etdim və belə bir cavab aldım: “Gələcəkdə proaktiv xidmətlər genişləndikcə vətəndaş müxtəlif sistemlərdə onun barəsindəki yeniliklər haqqında bildirişlər vasitəsilə daha tez xəbər tutacaq”.

Təbii ki, cəmi üç ildir fəaliyyət göstərən bir portal xidmətlərini də tədricən genişlərəndirəcək, yaxşılaşdıracaq. Odur ki, vətəndaş üçün “myGov” portalı nə deməkdir?  sualına cavab axtarsanız, EHİM-də layihə rəhbəri Tural Həsənovun cavabı belədir: “Vətəndaşlar “myGov” portalında (www.mygov.az) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər.Ümumi olaraq desək, siz portalda qeydiyyatdan keçib, şəxsi kabinet yaratdıqdan sonra sizin məlumatlarınız şəxsi kabinetinizdə yalnız sizə görünür.Portalın fəaliyyəti, portalla bağlı məlumat və.s bu istiqamətdə görülən bütün işlər vətəndaşların məlumatlandırılması üçün “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ sosial media hesablarında , KİV də mütəmadi olaraq işıqlandırılır”.

Bəli, bütün bunlar isə vətəndaş qeydiyyatdan keçdikdən sonra mümkündür. Vətəndaş necə xəbərdar edilməlidir? Təklif: Bunun üçün vətəndaşlara bu xidmətin xüsusiyyətləri və bunlardan xəbərsiz olarsa onların qarşılaşacağı probelmləri anladan broşurlar, təlimat vərəqləri dərc edilb paylana bilər, bu isə vətəndaş iştirakını daha da canlandırar.

Əslində, üç il bundan öncə elektron arayışın nə olduğunu bilmədiyim üçün mənə isteza edən xidmət personalının o cür davranışı heç də doğru deyildi, çünki vətəndaş nədənsə xəbərsiz ola bilər, lakin bunu ona aşağılayıcı tərzdə hiss etdirmək kobudluqdur və xidmətin səviyyəsinə mənfi təsir edir. Doğrudur, hər şey çox sürətlə dəyişir, texnologiya inkişaf edir, lakin heç bir texnoloji yenilik insanı əvəz edə bilməz və ondan üstün ola bilməz, əksinə bütün yeniliklər insana xidmət etmək, onun vaxtına qənaət etməsi üçündür. Unutmayaq ki, insan münasibətləri bütün texnoloji yeniliklərin üstündə dayanır. İndi texnologiya əsridir, gec-tez hamı bunlardan xəbər tutur, istifadə edir, məsələn, süni intellekt insanlara yardım edir, sağlamlıq problemləri olanlara kömək etmək, xəstəliklərin aradan qaldırılması, iqtisadiyyatın sərfəli inkişafı üçün optimal imkanları təqdim edir. Blokçeyn haqqında eşidirik, onun paylanmış informasiyalar sistemi olaraq daha təhlükəsiz və etibarlı olduğunu öyrənirik. Blokçeynin çox geniş tətbiq sahələri olduğunu təlimçimiz Qaçay Mirzəyevdən öyrəndim:Ağıllı müqavilələr, kriptovalyuta, maliyyə xidmətləri, kompüter oyunları, enerji mübadiləsində, internet domen adlarının alqı-satqısında və s. yerlərdə tətbiq olunur. Kriptovalyutanın təhlükəsiz və anonim rəqəmsal pul vahidi olduğunu öyrəndim.

Startaplar haqqında təlimçi Məmməd Kərimin maraqlı fikirlərini eşitdim. Doğrusu, bu mövzu haqqında məndə daha çox təsəvvür və yeni fikirlər yarandı, çünki insanın öz yaradıcılıq imkanlarını və bacarıqlarını düşününb tapa biləcək ideyalar verir. Eyni zamanda, ASAN finans, ASAN ödəniş, ASAN viza, ASAN agro haqqında da yetərli məlumatlar aldım və bunun üçün bütün təlimçilərə öz minnətdarlığımı bildirirəm.

Əslində, “Elektron hökümət” ideyası daha əvvəl yarandığı üçün( ideya və proqramın təsdiqi 2010-2012 illər) mən bu mövzunu əvvələ saldım, yəqin ki, məqaləni oxuyanlar bunu mənə nöqsan tutmazlar. ASAN xidmətlə bağlı düşüncələrimi də sanki bu mövzunun davamı olaraq görürəm.

Xidmətin elektronlaşdırlması onu təkcə asanlaşdırmır, həm də onun keyfiyyətini artırır, iformasiya mübadiləsini, inteqrasiyanı da təmin edir. Sosial xidmətlərdə rüşvətxorluğun və korrupsiyanın, vaxt itkisinin, kağız israfının qarşısının alınması məqsədilə “ASAN xidmət” yaradıldı. 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk “ASAN xidmət” in açılışı oldu və 15 yanvardan isə fəaliyyətə başladı. Doğrudan da bu xidmətin sorağı çox tezliklə ölkəmizə yayıldı və hamı çalışırdı ki, bu xidmətlərdən istifadə etsin, çünki çox rahat və həqiqətən asan idi. ASAN xidmətin göstərdiyi yüzlərlə xidməti sadalamaq və onları tərifləmək fikrində deyiləm, çünki buna ehtiyac da yoxdur. Sadəcə olaraq, bir təəssüratımı sizlərlə bölüşmək istəyirəm. Bir neçə gün öncə, yolum “ASAN xidmət”-in şəhərimizdəki binasına düşmüşdü, asan imza üçün müraciət etdim, lakin hələlik bu xidməti özləri icra edə biləcəkərini və nə lazımdırsa kömək edəcəklərini bildirdilər. Sonra düşündüm ki, bura gəlmişkən, məni maraqlandıran bir neçə suala cavab da ala bilərəm. Bunun üçün məsul birini görmək istədiyimi bildirdim, çox sağ olsunlar ki, məni yönləndirdilər və Elşən bəylə görüşdüm. Çox mədəni və nəzakətli bir gənc idarəçi ilə qarşılaşdım. Doğrusu, əvvəlcə jurnalist olaraq müraciətimə cavab vermək istəmədi. Görünür jurnalistlər idarə və təşkilatlara heç də həmişə xoş niyyətlə getmirlər. Lakin, sadəcə, söhbət etmək istədiyimi və bir neçə suala aydınlıq gətirməsini xahiş edəndən sonra razılıq verdi. Söhbətimiz də səmimi və maraqlı keçdi, məni maraqlandıran əsas sualım isə belə idi: “ASAN xidmət” nəyi asanlaşdırdı? Çünki mənə elə gəlirdi ki, bir çox dövlət idarələr işini yaxşı yerinə yetirmədiyi və vətəndaşa lazım olan xidməti göstərmədiyi üçün, onların işini “ASAN xidmət” yerinə yetirir. Elşən bəy də sualıma çox aydın cavab verdi, o dedi: “Əslində, yenə hər bir dövlət qurumu öz işini yerinə yetirir, lakin biz vətəndaşa lazım olanları bir araya gətirib əlaqələndiririk, bununla da iş daha tez, asan və şəffaf həll olunur”. Elşən bəy həm də vurğuladı ki, “Bütün xidmətlər vətəndaş məmnuniyyəti üzərində qurulur və 99,7% buna nail ola bilmişik, əgər xidmətdə hər hansı narazılıq yaranarsa, biz onu dərhal aradan qaldırmağa çalışırıq. Bizim prinsiplərimiz operativlik, şəffaflıq, nəzakətlilik, nizam-intizamdır. Gördüyünüz kimi burda otaqlar da hamısı şəffafdır və bu da xidmətdə şəffaflığın təmin olunması üçündür”.  Doğrudan da, əgər, vətəndaşa göstərilən xidmət onu məmnun etmək üçündürsə, o zaman vətəndaşlarla əməkdaşlıq və vətəndaş işitirakı da çox önəmlidir.

Bu şəkli çox bəyəndim, “Elektron hökümət” quruculuğunda vətəndaş işitirakını çox gözəl və mənalı izah edir. (Plakatda, sadəcə, sözlərin mənasını azərbaycanca yazdım)

Mehparə Quliyeva  17.12.2020

İstinadlar:

https://mincom.gov.az/az/view/pages/57/

https://asan.gov.az/az

https://asanlogin.my.gov.az/auth

 

 

Daha çox

Oxşar yazılar

Close