Anar Quliyev: “Biz tamaşaçısız yaşaya bilmirik”
Mingəçevir Teatrı 54-cü mövsümünü Dario Fonun “Rəngsazların xatirələri yoxdur” (klounlar üçün fars) tamaşası ilə açdı
Sentyabrın 30-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Dario Fonun “Rəngsazların xatirələri yoxdur” (klounlar üçün fars) adı ilə yeni tamaşanın təqdimatı baş tutdu. Teatrın direktoru Anar Quliyevin tərcüməsində baş rejissor Vüsal Mehrəliyev əsərə özünəməxsus yanaşması ilə fərqli quruluş verə bildi. O, personajlarını klounlara çevirərək, problemi tamaşaçıya daha rahat yolla-yumorla çatdırmağa nail oldu.
Əsərin süjeti ciddi və düşündürücüdür. O çoxarvadlılıq, xəyanət, qısqanclıq zəminində insan həyatına müdaxilə, qəsd, oteldə xanımların hesabına pul qazanılması üzərində qurulub. Göstərilib ki, belə neqativ yaşayış tərzi bütün dövrlərdə müxtəlif cəmiyyətlərə xas olan hallardır.
Tamaşa boyu enerjili, dinamik hərəkət edən Könül Hacıyeva, Hüseyn Mustafa, Paşa Salmanov, Eyvaz Əliyev və başqaları seyrçilər tərəfindən coşqu ilə alqışlandı. Səhnədəki fortepianoda ifa olunan musiqilər süjet xətti ilə paralel getdiyindən tamaşaçıya bir başqa zövq verdi. Musiqi tərtibatçısı Elnur Rəsulov bu vəzəfənin ohtəsindən layiqincə gəldi.
Səhnə tərtibatındakı rəng çalarlarının uyumu rəssam Rafael Həşimovun peşəkarlığının göstəricisidir. Rejissor assistenti Məlahət Ağayeva və rəqslərə quruluş verən Eyvaz Əliyevin zəhmətini də unutmaq olmaz.
Elə buna görə də mövsümün açılış günündə Anar Quliyev öncə kollektivinə üzünü tutdu: “Tamaşanın ərsəyə gəlməsində aktyor heyəti, rejissor və texniki işçilər çox əziyyət çəkiblər. Hamınıza minnətdaram”.
Direktor uzun illər ərzində Mingəçevir teatrının öz tamaşaçılarını həm sevindirdiyini, həm də kədərləndirdiyini də dedi: “Biz tamaşaçısız yaşaya bilmirik. Tamaşaçı olmayan yerdə teatr da yoxdur. Həmişə çalışmışıq ki, tamaşaçı bu teatra gülər üzlə gəlsin və gülər üzlə getsin. Ümid edirəm ki, bu gün zalda oturanlar il boyu bizim tamaşaçımiz olacaq”.
Şərhlər bağlıdır.