Anam xahiş elədi ki, sözünü başçıya çatdırım…
Jurnalist olduğumdan şəhərdə keçirilən əksər tədbirlərə dəvət alıram. Hamısında iştirak etməyə həvəsim və zamanım çatmasa da, çalışıram ki, informasiya əldə etmək üçün kənarda qalmayım. Yanvarın 8-də İcra Hakimiyyəti başçısının 11 saylı məktəbdə sağ sahil qəsəbəsinin sakinləri ilə görüşünə isə getməyə bilməzdim. Bunun səbəbini bir azdan izah edəcəyəm.
Bu, başçının 2020-ci ildə sakinlərlə ilk görüşüydü, son bir ildə icra etdiyi işlərlə bağlı alnı açıq, üzü ağ hesabat verməsi idi. İlham İsmayılov bildirdi ki, 2019-cu il yaddaşlarda dərin islahatlar ili kimi qalacaq: “Bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır və Mingəçevir də prosesdən kənarda qalmayıb. Cəmi bir il ərzində 20 nümunəvi məhəllə yaradılıb, 27 binanın dam örtüyü və fasadı yenilənib, Aşıq Qurbani dairəsində və “Dostluq” parkında yeni əyləncə-istirahət mərkəzləri açıılıb. Bu il “Dostluq”da Dövlət Rəmzləri Muzeyinin və 200 yerlik səhnənin, şəhərin Xaldan şosesi tərəfdən girəcəyində 2,4 ha ərazidə “Nəsimi” parkının tikintisinin başa çatdırılmıası da planlaşdırılır. Abadlıq işləri şəhərin ən ucqar məkanlarını belə əhatə edir. Doğrudur, sağ sahil massivi uzun illər diqqətdən kənarda qalmışdır, amma artıq burada da küçə və məhəllələrin problemləri mərhələli şəkildə həllini tapır. Sağ sahilddə tikiləcək xalça fabrikinin filialı da işsizliyin aradan qaldırılmasına töhfə verəcək”.
Təbii ki, problemlər həllini tapanda rəhbər şəxslər sadə insanların təşəkkürünü qazanırlar. Elə bu görüşdə də razlıq edənlər çox oldu. Məsələn, Təbriz və Züleyxa Həsənova küçələrində sovet dövründə tikilən və üzərindən daşları tökülən binalarda və onların həyət-bacasında qısa müddətdə səliqə-sahman yaratmaq asan deyildi. Başçının ehtiyat fondu hesabına mövcud ərazidə insanlara rahat və firəvan yaşamaq imkanı yaradılıb. Amma massivdə narahatlıq doğuran məsələlər də qalmaqdadır və sakinlər onları başçının diqqətinə çatdırdılar. Şəhrin kənarlarında, xüsusən Gəncə şosesi istiqamətində bağ evlərində yaşayanlar mövcud əraziyə gedərkən şəhərarası nəqliyyat marşrutu olmadığından əziyyət çəkirlər. Yol kənarlarındakı kanalizaiya quyularının üfunəti üzündən pəncərələri açmaq olmur. Ağacların suvarılması, məhələlərin işıqlandırılması, işsizliyin aradan qaldırılması üçün davamlı tədbirlərin tezləşdirilməsinə ehtiyac var.
İndi gələk bu görüşün şəxsən mənim üçün əhəmiyyətinə. Tədbirə dəvətlə bağlı İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyevin zənginə cavab verəndə anamın yanında idim. Anam 60 ilə yaxındır ki, sağ sahil qəsəbəsində, Yaşar Muradov küçəsində yaşayır. Elə mənim uşaqlıq və gənclik dövrüm də bu küçədə, bu evdə keçib. Son illər ərzində şəhərin ən ucqar məhəllələrinə əl gəzdirilsə də, bizim küçə sovetlər dağılandan diqqətdən kənarda qalıb. Əslində gənclər başqa yerlərə daşınıblar, küçədə qalanların əksəriyyəti yaşlılardır. Və 84 yaşlı anamın da görüş qabağı məndən bir xahişi oldu: “Başçıya denən ki, bizim küçəyə də asfalt saldırsın, işıq çəkdirsin”.
İlham müəllim də anamın və başqalarının problemlərini aradan qaldıracağını, bu şəhərdə hamının rahat və firəvan yaşaması üçün əlindən gələni edəcəyini deyərək, aidiyyati qurumların rəhbərlərinə tapşırıqlarını verdi. İndi anam başçının tapşırığının icra olunacağını gözləyir.
Şərhlər bağlıdır.