Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşağınızı sevin!

32

Məktəblərdə təhsil alan əksəriyyət uşaqlar, yaşından asılı olmayaraq, (son vaxtlar bu vəziyyət daha da artıb) müəllimlərə düşmən kimi davranırlar. Təbii ki, bu hal heç bir müəllimin xoşuna gəlmir və demək olar ki, bütün müəllimləri narahat edir. Çünki uşağa göstərdiyimiz sevginin, qayğının və ən əsası öyrətməyə çalışdığımız biliklərin müqabilində bu davranışı haqsız hesab edirik. Amma təəssüf ki, bu düşüncə heç nəyi dəyişmir və uşaqlar kobud, əsəbi, qəzəbli, ədəbsiz olmaqda davam edirlər. Həm də müşahidə etdikdə görürük ki, bu cür davranış, sadəcə, müəllimlərə qarşı deyil, həm də öz ailə üzvlərinə, sinif yoldaşlarına və ətrafında olan hər kəsə qarşıdır. Bəs səbəb nədir?

Bir çox valideynlər uşaqlarına, yetərincə diqqət, həm də haqqı olan sevgini göstərmirlər. Ən azı gündə bir dəfə onu qucaqlayıb xoş sözlər demirlər, onları sevdiklərini hiss etdirmirlər. Bəzən bunu gərəksiz hesab edirlər, “uşaq nə qanır sevgi nədir…”-deyə düşünürlər,  bəzən də “Mən onun anasıyam( yaxud, atasıyam) onsuz da bilir ki, onu çox sevirəm” düşüncəsi ilə vicdanlarını rahatlatmağa çalışırlar. Əlbəttə ki, bu da çox yanlış düşüncədir. Çünki hər bir uşaq sevgiyə, qayğıya möhtacdır, buna ehtiyacı vardır və bu sevgidən məhrum böyüyəndə isə içində bir boşluq yaranır və bu boşluq onu incidir, çünki bu boşluqda tək-tənha qalır. Bu boşluq onu, sadəcə incitmir, həm də yaralayır və yaralı bir uşaq bəzən çox acı çəkir və ətrafında olan  hər kəsi yaralamağa çalışır.

Bu yaralanmalar isə elə-belə ötüşmür, uşaq içindəki bu boşluğun ətrafında bir divar yaradır və özünü qorumağa çalışır, çünki bu divarın arxasında həm valideynlərin, həm müəllimlərin, həm də cəmiyyətin gözləntiləri dayanır. Bu gözləntilərə qarşı uşağın qorunma silahları isə kobudluq, ədəbsizlik, kin, nifrət və qəzəbdir. Düşünür ki, onu sevməyənlərə qarşı ancaq bu cür davranmalıdır. Məhz bu cür uşaqlar sevgi, qayğı və diqqət ilə sağaldılmasa, önəmli olduqlarını hiss etməsələr, həm özünə, həm də ətrafına zərər vurmağa cəhdlər etməyə çalışacaqdır.

Belə uşaqlar təəssüf ki, ətrafından, hətta müəllimlərindən belə xoş münasibəti, sevgini qəbul etmirlər, daha eqoist, daha kobud olurlar. Bəlkə də düşünürlər ki, gələcəkdə xoşbəxt olacaqlar, lakin yanılırlar, çünki bu gün onlara göstərilən qayğı, sevgi ilə xoşbəxt olmağa çalışmayanlar həyatında daha çox səhvlərə yol verirlər və onları düzəltməkdən çox-çox uzaqlaşırlar.

Maraqlı və təəssüf yaradan hal odur ki, belə uşaqlar, xüsusən 12-15 yaş aralığındakı uşaqlar, bu problemlərini valideynlərinə demək istəmirlər. Halbuki uşaqlar valideyninin ona diqqət etmədiyini, ona sevgi və qayğı göstərmədiyini bilir…

Təbii ki, bütün uşaqlar belə olmur, sevgisizlikdən, içindəki boşluqdan  əziyyət çəkən bəzi incik, yaralı uşaqlar bu sevgini ətrafındakı digər insanlardan, xüsusilə müəllimlərindən gördükdə xoşbəxt ola bilirlər. Onlar müəllimlərinin qayğıkeşliyini, mərhəmətini, şəfqətli davranışını qiymətləndirərək onların xeyirxah münasibətindən ilhamlanaraq mülayimləşirlər, dərslərinə diqqət verirlər, həyatını, gələcəyini qurmağa çalışırlar. Həqiqətən də belə uşaqlar yaxşı mövqelərə sahib olurlar və müəllimlərini hörmətlə xatırlayırlar. Onların həyatında xatırlayacağı xoş xatirələr yaranır və bunları gələcəkdə övladlarına da danışırlar.

Unutmaq lazım deyil ki, müəllim bütün uşaqlar üçün son dayanacaq, son limandır. Bu dayanacağa sığınıb gələcək həyatının istiqamətini düzgün müəyyənləşdirməkdə müəllimlər şagirdlərinə kömək etməyə həmişə hazırdırlar.

Bir məsələni də qeyd etmək istəyirəm, özü də çox vacib məsələdir: Uşaqlar evdə heç bir qayda-qanun tanımadan, məsuliyyət hissi yaşamadan  məktəbə gəlirlər və həm məktəb, həm də sinif qaydalarına qətiyyən əməl etmək istəmirlər. Onlara qaydalara əməl etməyin vacibliyini anladanda isə müəllimə acıq edirlər, ərköyünlüklə, hətta küsməklə reaksiya verirlər. Belə uşaqların gələcəyi isə dözümsüzlük, səbrsizlik, bir-birinə hörmət etməmək, tənbəllik, pintilik vərdişləri ilə daha da çətinləşir. Hörmətli valideynlər, nələrisə bilməyə bilərsiniz, amma yaxşı valideyn olmağı öyrənməklə uşaqlarınıza yalnız kömək edə bilərsiniz. Bu yaxşılığı onlardan əsirgəməyin, çünki mən də yaxşı valideyn olmağı kitablardan, mütəxəssislərdən öyrənərək əməl etməyə çalışmışam və buna nail olmuşam. Öyrənmək, bilikli olmaq ağllı olmağın və düzgün davranmağın əsas şərtidir. Hər bir valideynə, uşaqları üçün ən yaxşı, ən düzgün valideynlik etmək bacarıqları, çalışqanlığı diləyirəm! Əks halda, ətrafımızda yanlış və pis tərbiyədən əziyyət çəkən uşaqların sayı getdikcə artacaq və artmaqdadır, bunun nəticəsi isə nə Allaha xoş gedir, nə də bəndəyə. Çünki bu uşaqlar uşaq olaraq qalmırlar, böyüyürlər və özləri ilə bərabər problemləri də böyüyür. Problemli uşaq, problemli cəmiyyət deməkdir. Uşaqlarınızı sevin, qayğı göstərin və onlar üçün doğru olan nədirsə, onu etməyə çalışın, özünüz üçün yaxşı olanı deyil.

12.10.2025

 

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.