Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tibbi xidmətlərdən istifadə hər kəs üçün əlçatan və asandırmı?

İcbari Tibbi Sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir.

175

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li “Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalandı. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradıldı və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edildi.

2021-ci il, 1 aprel tarixindən bütün ölkədə İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində vətəndaşlar Xidmətlər Zərfindən istifadə edə bilirlər.

Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.

İcbari tibbi sığorta sistemi bilavasitə vətəndaşların sağlamlığı ilə bağlı olduğundan həssas bir sahədir. Bu sahədə qanun pozuntusu hallarının əvvəlcədən müəyyən edilərək qarşısının alınması dövlət üçün əhəmiyyətli məsələdir.

Ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri insanların tibbi sığortadan istifadəsi üçün əlçatan olmalıdır. Pasiyentlərə şəhər və rayonlarda fəaliyyət göstərən bütün tibb müəssisələrində rahat şəkildə tibbi xidmətdən keçməsi üçün şərait yaradılmalıdır.

Sağlam baş yastıq istəməz  (Atalar sözü)

Üç gün əvvəl yaşadığım Binəqədi rayonu ərazisində yerləşən 15 saylı şəhər poliklinikasında üzləşdiyim hallar mənə bir daha İcbari Tibbi Sığorta sisteminin hələ də qənaətbəxş fəaliyyət göstərmədiyini deməyə əsas verdi.  Heç kim sağlam olduğu halda tibb müəssisəsinə getmir. Əgər kimsə poliklinikaya və ya xəstəxanaya gedirsə, deməli, xəstədir və ona şəfa vermək lazımdır. Şəkərli diabet üzrə qan analizini yemək qəbulundan öncə verməli olduğuma görə evdən səhər saat altıda çıxıb, poliklinikada canlı növbədə gözləyirdim. Mənim kimi bir xeyli vətəndaş müxtəlif xəstəliklər üzrə analizlər vermək, ambulator müayinə və müalicə olunmaq üçün poliklinikanın qeydiiyyat pəncərəsinin önündə gözləyirdilər. Nəhayət saat səkkizdə qeydiyyat şöbəsində çalışan əməkdaşlar həkim qəbulu üçün talon verməyə başladılar və başlamaqlarına peşman oldurlar.. Peşmançılığa səbəb isə poliklinikanın internet sisteminin çalışmaması idi..

Qeydiyyat şöbəsində çalışan, sistemin düzgün işləməməsindən şikayətlənən əməkdaşlara bu vəziyyət  heç də xoş deyildi..Hər gün belə hallarla qarşılaşırlar, pasiyentlər tərəfindən acı sözlər, təhqirlər, hətta söyüşlər eşitməkdən cana doymuşlar. Həvəslə səhər işə gələn, az maaş almaqlarına rəğmən öz işlərini sevə-sevə yerinə yetirən, lakin nəticədə pasiyentlərin aqressiyası ilə rastlaşan əməkdaşlar bu vəziyyətdən çox narazı olduqlarını ifadə etdilər. Təbii haldır ki, xəstə adamların əsəbləri zəif olur. Çəkdikləri ağrılara görə halsız olan xəstələr şəfa tapmaq üçün üz tutduqları tibb müəssisəsində düzgün qurulmayan internet sisteminə görə həkim qəbuluna vaxtında növbə ala bilmir və daha da səbrsiz olurlar. İnternet sistemi bərpa olunduqdan iyirmi dəqiqə sonra yenidən dondu və qeydiyyat prosesinə fasilə verildi. Mənimlə eyni anda növbə gözləyən, hər iki qolunda çomaq olan qazi əsəbindən növbəni gözləyə bilmədi və çətinliklə divarlardan tutaraq evinə geri döndü. 1957-ci il təvəllüdlü şəkərli diabet xəstəsi  Gasımova Gülçöhrənin (adlar şərtidir) halı pisləşdi, qan şəkəri qalxdı və qohumları qolundan onu tutaraq açıq havaya çıxardılar.

“Əsl həkim hər bir xəstə ilə yaşayan və öləndir” (Alman publisisti Stefan Zveyq)

Çatışmayan cəhətləri bildirəndə, yaxşı cəhətləri də vurğulamaq lazımdır. Qeydiyyat prosesində növbəyə, internet sisteminin qənaətbəxş olmasına, bəzi həkimlərin xəstələrə bahalı müayinər və analizlər üçün, MRT, KT, mamoqrafiya müayinəsi üçün göndəriş verməyə tərəddüd etmələrinə baxmayaraq, poliklinikada həkimlərin xəstələrlə insafla davranmalarının şahidi oldum. Yorğunluqlarına rəğmən, həkimlər xəstələrin hər birini səbirlə dinləyir, müayinə edir, müalicə kursu təyin edirdilər. Mənə qan analizlərimi vermək üçün Xocahəsən Tibb Mərkəzinə ödənişsiz göndəriş verdilər. Poliklinikanın baş həkimi mütəmadi olaraq xəstələrin vəziyyəti ilə maraqlanır, tibbi personaldan qəbula gələn xəstələr barədə məlumat alırdı. Qeydiyyat şöbəsindəki xanımlar da bəzi xəstələrin aqressiyalarına baxmayaraq, yenə səbirlə öz işlərinə davam edirdilər.

Növbə yetimə çatanda qaşığın dəstəsi sınar (Atalar sözü)

1980-cı il təvəllüdlü, oynaq artozu xəstəliyindən əziyyət çəkən vətəndaş Əsədov Ruslan əsəbi halda bildirdi ki, bir aydan artıq müddətdir hər gün bu poliklinikaya gəlib gedir. internet sisteminin işləməməsi və tez-tez donması səbəbindən uzun növbələri gözləyə bilməmiş, ona növbə çatdıqda isə həkimin qəbulu başa çatmışdır. Beləcə, bütün xəstəlikləri üzrə tam müayinə olunub, müalicə ala bilməmişdir.

Poliklinikada bu neqativ hallarla rastlaşan vətəndaşların ölkəmiz üçün çox əhəmiyyətli olan İcbari Tibbi Sığorta layihəsinə olan ümidləri, gözləntiləri azalır.

Qeyd edək ki, İcbari Tibbi Sığortanın tətbiq edildiyi ölkələrdə artıq onlayn növbə sistemi tətbiq olunub. Qonşu Türkiyədə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən yararlanmaq istəyən vətəndaş onlayn növbə götürərək xəstəxanaya yaxınlaşır. Azərbaycanda İcbari Tibbi Sığorta sistemi ölkə üzrə tətbiq olunduqdan sonra xəstəxanalarda, poliklinikalarda uzun növbələr yaranır. Hələ rayon tibb müəssisələrində qeydiyyatla bağlı vəziyyət heç də ürəkaçan deyil, uzaq kəndlərdən müayinə üçün rayon mərkəzlərinə gələn vətəndaşlar günlərlə həkim qəbuluna yazıla bilmirlər.

TƏBİB-ə dərdimizi söylədik, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönləndirdilər

15 saylı poliklinikadakı bu narazılıqları görüb üz tutdum TƏBİB- Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin baş idarəsinə. Qurumun rəsmisi Kamran Əfəndiyevlə görüşüb adı gedən poliklinikada yaşanan problemləri onun diqqətinə çatdırdım. Kamran Əfəndiyev İcbari Tibbi Sığortaya (İTS)  daxil olan xidmətlər üzrə zərf paketi barədə məlumat verdi və internet sistemi üzrə şikayətimi  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlamağımı məsləhət bildi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəng etdikdən və elektron poçtlarına məktub ünvanladıqdan sonra mənimlə əlaqə saxlanıldı və problemin aidiyyatı qurumlara çatdırıldığını, yaxın günlərdə internetin bərpa olunacağını bildirdilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən onu da bildirdilər ki, hələ İcbari Tibbi Sığortanın tətbiq edildiyi tibb müəssisələrində onlayn növbə rejimi yaradılmayıb, yaxın gələcəkdə onlayn növbə rejiminin həyata keçirilməsi nəzərdə tutululmuşdur.

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa hər şey heç nədir

15 saylı polinlinikanın həkimləri poliklinikada qəbul edə bilmədikləri analizləri vermək üçün bəzi xəstələri Binəqədi Tibb Mərkəzinə, bəzilərini isə Xocasən Tibb mərkəzinə göndərirdilər.Göndərişi alıb Xocasən Tibb Mərkəzinə getdim və orada da qeydiyyat şöbəsində internetin sistemin işləmədiyinin şahidi oldum.

Adı gedən Tibbi Mərkəzdə analiz verməli olduğuma görə ac susuz üç saat sistemin açılmasını gözlədim. Mənimlə yanaşı bir neçə yaşlı təqaüdçü xanım da halsız halda  internetin açılmasını, sistemin işə düşməsini gözləyiridlər.

“Meyvəli” bazarında çalışan 64 yaşlı Bəyimxanım nənə üç gündür müayinə üçün gəlib gedirdi..

Səhər saat yeddidən müayinə üçün gələn 64 yaşlı Bəyimxanım nənə dedi ki: ” Üç gündür bura müayinə və müalicə üçün gəlib gedirəm. İnternet sistemi normal işləmədiyinə görə həkimə talon alıb qəbula düşdükdən sonra, növbəti prosedurdan əvvəl UZİ -yə düşmək, yaxud hansısa analizi vermək üçün yenidən uzun növbə yaranır, mənim növbəm çatanda isə  internet işləmir, sistem açılmır və kor peşman, canım ağrıya- ağrıya evə qayıdıram. Bu yaşımda atasız nəvələrimə baxmaq üçün “Meyvəli” bazarında alver edirəm, nəvələrimi ac qoyub burda gözləyirəm. İşim gündəlik qazancdan asılıdır. Hər gün burda vaxtım itir, nəvələrimə bilmirəm nə bişirib yedirdim. Allah bu işlərə nəzarət edənlərin ürəklərinə insaf versin, bu qədər ləngiməyək” söylədi və xalqımıza can sağlığı arzuladı Bəyimxanım nənə.

Çalışaq sağlam olaq!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyim sorğunun cavabı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyim 2023-cü ilin Noyabr ayına qədər ölkədə nə qədər vətəndaşa İTS xidmətinin göstərilməsi barədə statistik göstəricilərlə bağlı sorğuya həmin qurumun Marketinq və İctimaiyyətlə əlaqələr departementinin əməkdaşı Sevil Əliyeva müraciət etdiyim gün dolğun cavab verdi və elektron poçtuma zəruri statistik göstəriciləri göndərdi.

 

Avazın yaxşı gəlir, oxuduğun Quran olsa)) (Atalar sözü)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.

Cari ilin ilk 9 ayı ərzində dövlət tibb müəssisələrinə 4,2 milyon şəxs 16 milyondan çox müraciət edib. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 50 708 063 olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən 13 783 205-i (27%) uşaqlara, 36,924,863 (73%) isə böyüklərə göstərilib.

Məlumat üçün bildirək ki, əgər keçən il ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdısa, bu ilin ilk 9 ayı üzrə bu rəqəm 44%-dir. İlin sonuna qədər tibb müəssisələrinə 5 milyondan çox əhalinin müraciəti gözlənilir.

Müraciətlərin 6 754 729-u (41%) Bakı, 9 608 281-i (59%) isə regionların payına düşür. Tibbi xidmət üzrə isə 20 742 858-si Bakı, 29 965 205-i regionlar üzrə göstərilib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə (3 044 922), endokrin sistemin xəstəlikləri (1 732 230), tənəffüs sistemi xəstəlikləri (1 654 914), qan dövranı sistemi xəstəlikləri (1 353 995), sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri   (1 049 160), sidik-cinsiyyət sisteminin xəstəlikləri (1 041 379), həzm sisteminin xəstəlikləri (996 645), göz və gözün əlavə aparatının xəstəlikləri (660 312) və digər tibbi xidmətlərlə bağlı olub.

Cari ilin 8 ayı (yanvar-avqust) ərzində özəl tibb müəssisələrində vətəndaşlar sığorta çərçivəsində 100 550 tibbi xidmətdən yararlanıb.

Sadalanan rəqəmlərin reallığı nə dərəcədə əks etdirməsindən, həkimlərin xəstələrə hansı səviyyədə, nə dərəcədə canla başla, vicdanla, insafla xidmət göstərməsindən tam əmin olub olmamağımdan asılı olmayaraq, yenə də həkimləri içdikləri Hippokrat andına sadıq olmağa, hər bir xəstəyə öz doğması, yaxını kimi münasibət göstərmələrini ürəkdən arzu edirəm.

Yekun olaraq bildirmək istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi mən də bu layihəni alqışlayıram və tezliklə bu tibbi xidmətin əlçatanlığını asanlaşdırmaq üçün onlayn növbə sisteminin tətbiqini, tibbi xidmətlərdən istifadənin hər kəs üçün əlçatan və daha da asan olmasını arzu edirəm! Aztəminatlı ailələr, həssas qruplar üçün İcbari Tibbi Sığorta layihəsinin çox böyük əhəmiyyəti vardır. Özəl klinikalarda müalicə almaq, pullu tibbi xidmətdən istifadə etmək hər kəsin büdcəsinə uyğun deyildir. Vətəndaşların dövlət büdcəsinə ödədiyi vergilər hesabına yaranan İcbari Tibbi Sığorta hər kəsə layiqli xidmət göstərməlidir.

Hörmətli həkimlərimiz, heç kim bilmir ki, sabah onu və doğmalarını nə gözləyir! Savab qazanın, çəkdiyiniz əziyyətin qarşılığını bəzən kasıb xəsətələr ödəyə bilməsə də, Allah ödəyəcək!

Xalqımıza hər zaman sağlam, xoşbəxt günlər görmək nəsib olsun!

 

Afaq ƏSGƏROVA

Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur.  Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.

Şərhlər bağlıdır.