Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tanrı bilir, Tanrı eşidir, Tanrı görür!

Niyə Tanrını uzaqda bilirik?

30

Biz Tanrını niyə kənarda axtarırıq?

Onun haqqında məlumatımız kifayət etmir?

Ya da məntiqli düşünə bilmirik, bəlkə ətrafımızda olanların fərqində ola bilmirik, çox diqqətsizik?

Bəlkə də Onun bizə çox yaxın olmağını istəmirik? Bütün hallarda bunların hər biri və ya hamısı ola bilər.

Həyatımızda tez-tez işlətdiyimiz ifadələr vardır:”Mən çəkdiklərimi, yaşadıqlarımı bir Allah bilir, bir də mən bilirəm…”, “Filankəsin beynində nə var, nə yox, Allah bilir…”,”Ürəyimdən keçənləri bir Allah bilir…”, “Mənim necə adam olduğumu Allah özü bilir…” və sair və ilaxır. Deməli, bizim beynimizdə, ürəyimizdə, varlığımızda nələr olursa, onu, sadəcə, Allah bilir. Bəs necə bilir, heç bu haqda düşünmüsünüzmü? Bəlkı də bütün bu fikirlərin, sadəcə, bir deyim, məsəl olduğuna, ya da bir ümid olaraq inanmışıq?

Əslində bütün sualların cavabı vardır, sadəcə, bir az diqqətli olmaq, oxumaq və düşünmək lazımdır. Bəli, mütləq oxumaq lazımdır, həm də nə oxuyursaq oxuyaq, oxuduqlarımızı düşünərək oxuyaq və ən vacibi isə “Quran” kitabını da oxumalıyıq, çünki biz insanlara lazım olan bütün sualların elmi-məntiqi cavabları orda vardır. Bütün bu sualların cavabını anlamaq və ən əsası inanmaq üçün mütləq savadlı olmaq lazımdır. Deməli, savadlı olmaq, düşünməyi bacarmaq və inanmaq üçün şərtdir. İnanın ki, oxumadan, anlamaq üçün düşünmədən, zəhmət çəkmədən nə insan olmaq olmur, nə də dindar. Asan yoldan, çöldən-çölə oxumadan, anlamadan dindar olanlardan bacardıqca uzaq olun.

İndi isə keçək əsas sualımıza, Tanrı hər şeyi necə bilir? Deyərsiniz ki, axı bizi Tanrı yaradıb! Təbii ki, amma bu yaratmanın mahiyyəti nədədir, bax bunu anlamaqda fayda vardır.

Fikrimi bir nümunəni izah etməklə başlamaq istəyirəm. Bir qadın, bir ana övladını əvvəlcə doqquz ay öz qanı, canı ilə bəsləyir, sonra dünyaya gətirir. Yəqin ki, bu doqquz ay bir ana üçün övladı ilə həm maddi, həm də mənəvi bağ, əlaqə qurmaq üçün yetərli olur. Bir körpənin( bəzən iki, bəzən də daha çox ola bilir) niyə ağladığını, nə istədiyini ana yavaş-yavaş öyrənir, sonralar hətta bir baxışından körpənin bu hallarını, ehtiyaclarını anlayır. Həmçinin övladının sevincini, kədərini, üşüdüyünü, acdığını, xəstələndiyini, hətta nə düşündüyünü belə hiss edir, niyə, çünki ən azından onun qanından və canındandır, körpəliyindən gözünün qarşısında böyüyür( bəlkə buna görədir ki, qadınların: -Kişilər nə istəyir, -deyə bir problemi olmur…). Ata amili bu məsələdə ikinci planda qalır, çünki atalar hər dəqiqə uşağın yanında olmur, ya buna vaxt sərf eləmir, ya vaxtı olmur, ya da bunu çox da istəmir (Təbii ki, övladını ana ilə birlikdə və ya təkbaşına böyüdən atalar da olur ki, onlar da ən azından analar qədər uşaqdan anlaya bilirlər). Burda diqqət edilməli məqam nədir? Ana bu məsələdə təbii ki, bir çox xüsusiyyətlərə sahibdir, uşağını sevir, qorumağa çalışır, fədakarlıqlar edir, lakin bütün bu xüsusiyyətlər məhz bir yerə, bir həddə qədərdir. Çünki övladının orqanizmində nələr baş verdiyini, necə böyüdüyünü, beynində hansı fikirlərin yarandığını bilmir, hətta bunu heç kim bilmir. Amma, sadəcə, Tanrı bilir( İndi düşünün ki, insanlar bir-birinin beynindən hansı fikirlərin keçdiyini bilsəydi nələr olardı???). Bəs Tanrı necə bilir? Tanrı, övladını öz qanı və canı ilə yaratdığı anadan daha çox bilir, çünki həm ananı, həm də uşağı yaradır və bütün insanları yaradır. Eyni zamanda, bütün təbiəti, havanı, suyu, torpağı, digər canlıları və bütün kainatı yaradır və onlarda baş verənləri bilir. Çünki Tanrı hər şeyi özündən yaradır, yəni sadə dildə desək, öz maddəsindən yaradır deyə bilərikmi? Öz nəfəsindən, öz səsindən, öz işığından, öz enerjisindən yaradır, ona görə də daha çoxunu bilir və hər şeyi bilir. Nə yaşadığımızı, nə hiss etdiyimizi, nə düşündüyümüzü, nə etmək istədiyimizi və sair və ilaxır…

Ona görə Qaf surəsi 16-cı ayədə deyir: “Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. Bu ayə hər zaman məni düşündürürdü, necə yəni şah damarından yaxın? Mən nəyəm, necəyəm ki, mənə yaxın nə deməkdir? Mən, bir insan olaraq ət, əzələ, sümük, qan, sinirlər, hüceyrələr və daha nələrdən ibarətəm, mənə yaxın demək, bunlarla əlaqəsi nədir, necədir, deyə düşünərdim? İndi az da olsa anlayıram ki, mən bütünlükdə Tanrı maddəsi olaraq varam və bu yaxınlıq da elə bu maddə ilə mümkündür. Təbii ki, mən də hələlik bu qədərini anlaya bilirəm, daha çoxunu anlamaq üçün isə, daha çox oxumaq və düşünmək lazımdır.

Bəs bütün bunları bilməyin mənası nədir? Bəlkə elə həyatımızın mənasını anlamaq üçün bunları bilmək lazımdır? Bəlkə biz Tanrı maddəsindən olduğumuz üçündür ki, ona qayıda bilərik? Ənbiya surəsi 35-ci ayədə belə deyilir:” Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imatahana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız”. Bir övlad anasına, yaxud atasına qayıdıb onlarla yenidən birləşə bilərmi? Xeyr, hətta onlarla qan bağı olsa da bu, mümkün deyildir. Çünki ana-ata onu, yəni övladını öz canından yaratmır, sadəcə, onun yaranmağına vəsilə olur. Düşünmək olar ki, Tanrı isə özündən, öz maddəsindən yaradır, odur ki, bütün canlılarda, Yerdə, göydə,uzaq-yaxın qalaktikalarda nə baş verirsə onu bilir, hiss edir. Deməli, Tanrı bütün canlıların dilini bilir, onların nə yaşadığını bilir. Bütün canlılar oxşar molekullardan, atomlardan və daha kiçik zərrəciklərdən, nuklonlardan, kimyəvi maddələrdən ibarətdir, bu maddələr isə Tanrı maddələridir. Hər bir varlıq öləndən sonra bu maddələr torpağa, havaya, suya qarışır və deməli bu və ya digər şəkildə Tanrıya qayıdır.

Təsəvvür edin ki, bir insan inciyəndə, ağlayanda, kədərlənəndə, əziləndə, yaralananda Tanrı nələr hiss edir? Hətta bu vəziyyət, eyni vaxtda, minlərlə insanın başına gələndə, haqsızlığa uğrayanda, bir-birini incidəndə nələr olur? Biz, hamımız, Tanrı maddəsindənik,”Elementlərin Dövrü Cədvəli”-ni yada salın, yəni oxşar təkibə malikik, deməli biz də bir-birimizdə və başqa canlılarda nə olduğunu, nə baş verdiyini hiss edə bilərik, sadəcə, bir az diqqətli olmaqda fayda var. Bu isə ədalətli, vicdanlı, mərhəmətli olmağı gərəkdirir, çünki biz kimisə incidəndə, əslində həm də Tanrını incitmiş oluruq. Axı O bizi yaradıb və ən az anamız qədər bizi sevir. Tanrı insanlar üçün hər cür gözəllikləri yaradıb, insanlar isə bu gözəllikləri məhv edir, korlayır.

İnsanlar ağacdan, daşdan müxtəlif əşyalar düzəldirlər, lakin ağacı kəsib yonarkən, daşı parçalayarkən onların nə hiss etdiklərini bilmirlər, amma Tanrı bilir. Düzəltdiyimiz əşyalar xarab olanda, sınanda onları atırıq, amma Tanrı heç kimi və heç nəyi atmır, hər şey yenidən Tanrıya qayldır, necə qayıdır, bax bu əsl müzakirə mövzusudur.

Bu gün mən Tanrıya inanıram demək, bütün bunları anlamaq və Onun yaratdığı bir varlıq olduğunu unutmamaq deməkdir. Əsas olan da Tanrıya həqiqətən inanmaqdır. Tanrıya ibadət edərkən dürüst və səmimi olmaq lazımdır, göstəriş üçün deyil, Tanrıya inanaraq, yaratdıqlarına hörmət və sayğı ilə ibadət etmək lazımdır. Onun nə hiss edəcəyini düşünərək, bu yaradılışa layiq olaraq ibadət etməliyik. Tanrı bizi öz maddəsindən yaradıb deyə düşünə bilərik, amma bu o demək deyildir ki, o da bizim kimidir.

Bəzən düşünürsən ki, niyə Tanrı bütün baş verənləri nəzarətdə saxlamır? Əslində bunun necə olduğunu bilmirik. Valideynlərimiz, xüsusilə anamız kiçik yaşlarda həmişə bizə nəzarət edir, lakin sonrakı illərdə, hətta böyüyəndən sonra, bizə nəzarət edə bilmir. Yəqin ki, Tanrı da belədir, bizi yaradıb və deyir ki, bu həyat, bu da sən, get və yaşamağı öyrən!

Tanrı bizə biz düşündüyümüzdən də yaxındır, odur ki, başqasına zərər vurmaq istəyəndə, hətta bunu fikirləşəndə yaxşı düşünün.

 

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.