Berlinə gedən yol: inklüziv gələcəyin 5 günü
Almaniyada şirkətlər ya əlilliyi olan şəxsi işə götürür, ya da onun təlimini və iş tapmasını maliyyələşdirir -hər iki halda əlilliyi olan insanlar qazanır
Azərbaycandan bir qrup QHT fəalı 10 nəfərlik nümayəndə heyəti ilə Berlində “Dayanıqlı İnkişaf Həlləri” çərçivəsində inklüzivliyin ən yaxşı təcrübələrini öyrənmək üçün noyabrın 30-dan dekabrın 4-dək Almaniyada oldu. Səfər Avropa İttifaqı, Almaniya Federal Hökuməti, GIZ-in dəstəyi və IBB-nin təşkilatçılığı ilə baş tutdu. İBB Almaniyanın Dortmund şəhərində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır, davamlı tədbirlərin idarə edilməsi, iqlim dəyişikliyi, inklüzivlik və sosial təsirlərlə bağlı mövzularda təlim proqramlarını həyata keçirir.
Bu, sadəcə səfər deyildi, övladlarımızın sabahı üçün ilham ovuna çevrilən bir səyahət idi. Səfər boyu yuxumuz az, piyada gəzintimiz həddən ziyadə çox olsa da, nahar və şam yeməkləri bəzən mədəmizə narahatlıq gətirsə də, mənəvi qazancımızdan bol-bol bəhrələndik.
İlk toxunuş
Noyabrın 30-da səhər saat 9:45-də Brandenburg hava limanına enirik. Qarşıda bizi Morgenland hoteli gözləyir – adı kimi səhərə bənzəyən, əsl inklüziv məkan.
IBB-nin nümayəndəsi Hanna Perfeni ilə ilin əvvəlində başlayan onlayn təlimlərdən tanış idik. İndi isə canlı görüşümüz olur. Birgə nahar etdikdən sonra konfrans zalına yollanırıq. Dayanıqlılığın idarə edilməsi üzrə ekspert Martin Schön uğurlu amilləri və çağırışları hədəfləyən təqdimatı ilə diqqətimizi çəkir, həm də maraqlı sualları ilə bizi danışdırır. Məqsəd nəyi və necə öyrəndiyimizi elə öz dilimizdən eşitmək idi.
Axşam Potsdamer Platzda ilk şam yeməyi. Berlinin işıqları bizim ürəyimizdəki ümidlə birləşir.
Almaniyada əlilliyi olan şəxslər üçün iş kvotası və cərimə
Dekabrın 1-də, bazar ertəsi, səhər tezdən otelin özünün inklüziv konseptini öyrənirik. Otelin direktoru Marion Kieseler bizi foyedə qarşılayır və deyir: “Biz burada heç kəsi “xüsusi ehtiyaclı” adlandırmırıq. Biz sadəcə fərqli insanlara fərqli həllər təklif edirik”. Bu sözlər bütün səfərin tonunu təyin edir.
Sonra bələdçi Arne Krasting bizi “Berlinə zamanda səyahət” piyada turuna aparır. Berlin divarının qalıqlarından tutmuş müasir ekoloji binalara qədər – şəhər özü dərs kitabına çevrilir.
Günortadan sonra Kreuzbergdə yeni layihə ilə tanış oluruq. Burada ağır əlilliyi olan insanlar öz bizneslərini qurur. Dövlət onlara “startap kapitalı” və mentorluq verir. İxtisaslaşmış məsləhətçi Janett Oexsl özünəməşğulluq üzrə ixtisaslaşmış inteqrasiya xidməti barədə danışır.
Almaniyanın federal büdcəsinə əsasən, 2024-cü ildə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək bazarına inteqrasiyası üçün ümumilikdə 4 milyard avrodan çox vəsait xərclənib. Əsas maliyyə mənbələri Sosial İşlər və Əmək Nazirliyi (BMAS) və Federal Əmək Agentliyi (Bundesagentur für Arbeit) olub.
Almaniyanın qanunvericiliyinə əsasən, 20 və ya daha çox işçisi olan hər bir şirkətdə işçilərin ən azı 5%-i əlilliyi olan şəxslərdən ibarət olmalıdır. Məsələn:
- 20 işçi → ən azı 1 əlil şəxs;
- 40 işçi → ən azı 2 əlil şəxs;
- 100 işçi → ən azı 5 əlil şəxs.
Əks təqdirdə, hər boş yerə görə ayda 155–815 avro ödəyirlər. Məsələn, 100 nəfərlik şirkətdə 5 yerinə cəmi 2 əlilliyi olan işçi varsa, 3 boş yerə görə ayda təxminən 1.215 avro ödənilir (illik ≈ 14.500 avro). Bu pullar cərimə kimi dövlətin cibinə getmir – toplanan vəsait tamamilə əlilliyi olan insanların təlimi, işə düzəlməsi və reabilitasiyasına xərclənir. 2023-cü ildə bu yolla 1 milyard 30 milyon avro, 2024-cü ildə isə təxminən 1,1–1,2 milyard avro vəsait toplanıb. Nəticədə şirkətlər ya əlilliyi olan şəxsi işə götürür, ya da onun təlimini və iş tapmasını maliyyələşdirir – hər iki halda əlilliyi olan insanlar qazanır.
“Şirkətlər pul ödəyib əlilləri işə götürməkdən qaçır”
Dekabrın 2-də çərşənbə axşamı səhər Sosial və Mədəni İşlər Assosiasiyasında “İnkluziv İcma Mərkəzləri” layihəsi ilə tanış olduq. Assosiasiyanın icraçı direktoru Gökçen Demirağlı bildirir ki, onlar yerli icmalarla aktiv şəkildə işlərini qurmağa nail olublar. Ən maraqlısı budur ki, həm bu mərkəz, həm də yerli icmalar bir-birindən asılı olmadan öz layihələrini hökumətə təqdim etməyə və davamlı qaydada senatdan maliyyə almağa müvəffəq olurlar. Nəticədə mədəni-kütləvi tədbirləri həyata keçirə, ehtiyacı olanlara əlavə təhsil verə bilirlər. Hər icmanın illik büdcəsi 150 mindən 250 minədək avro təşkil edir.
Bundan sonra Sozialheldenin (“Sosial Qəhrəmanlar”) ofisinə baş çəkirik. Raúl Krauthausenin yaratdığı bu təşkilat 20 ildir ki, “əlilliyi olan insanlar üçün empatiya deyil, əlçatanlıq” şüarı ilə çalışır. Şirkətin media rəhbəri Carolin Schmidt bizə Wheelmapi – əlil arabası ilə hara gedə biləcəyini göstərən dünya xəritəsini nümayiş etdirir. 2 milyondan çox obyekt artıq işarələnib. “Bu xəritəni əlilliyi olanlar özləri doldurur. Çünki bizsiz bizim haqqımızda heç nə olmaz”, – deyir.
Tanınmış inkluziya aktivisti və “Sosial Qəhrəmanlar” təşkilatının rəhbəri Raúl Krauthausen Almaniyadakı kvota sistemini də sərt tənqid edir. Onun fikrincə, şirkətlər kompensasiya ödənişi ilə əlilliyi olan şəxsləri işə qəbul etməkdən rahatlıqla boyun qaçırırlar: “Bu, inkluziyanı pul ilə almaqdır”.
Krauthausen bildirir ki, bu məbləğ şirkətlər üçün çox ucuzdur. Bir çoxu, xüsusilə böyük konsernlər, ödənişi seçir və əlilliyi olan insanları işə götürmür. Hətta bəziləri köhnəlmiş “əlillər üçün xüsusi işxanalar”la müqavilə bağlayıb ödənişi yarıya endirir, amma bu işxanalar insanları açıq bazara buraxmır.
Raul isə belə hesab edir ki, bir çox hallarda əlilliyi olan şəxslərə ayrılan vəsait onlara çatmır: “Mənim kimi şəxslərə qulluq üçün ayrıca köməkçi ayrılmalıdır. Çünki özümüz yatağa uzana, ayaqyoluya gedə bilmirik. Amma iş bacarığımız var, bunu isə lazımınca qiymətləndirmirlər. Bizə təlim keçənlər və iş verən emalatxanalara hökumət külli miqdarda pul ödəyir, amma orda cüzi əmək haqqı ala bilirik. Pul toplanır, amma real işə qəbul olmur”.
O, həll təklif edir:
- Kompensasiya ödənişinin ləğvi;
- Daha sərt cəzalar və məcburi kvotalar;
- Xüsusi işxanaların bağlanması;
- Şirkətlərə maneələrsiz iş yeri yaratmaq öhdəliyi.
2025-ci ilin yeni hökumət sazişini də “qeyri-müəyyən” adlandıran Krauthausen xəbərdarlıq edir: “İnkluziya insan hüququdur. Bəhanələrə son qoymağın vaxtıdır.”
Krauthausen-in səsi getdikcə daha çox eşidilir. Onun yeni kitabı və çıxışları Almaniyanı real dəyişikliyə çağırır: ya əlilliyi olan insanlar işə götürüləcək, ya da sistem kökündən dəyişəcək.
“Berlin ayaqlarımızın altındadır”
Dekabrın 2-də axşam Bundestaqın günbəzinə çıxırıq. Berlinə gəlib parlament binasını gəzməmək, onun şəffaf künbəzinə çıxmamaq qəbahət olardı.
1884-cü ildən 1894-cü ilədək tikilən binanın hələ o dövrdə öz elektrik generatoru, ikiqatlı pəncərə şüşələri, sensorlu mərkəzi isitmə sistemi, su və kanalizasiya xətləri, çoxlu tualetləri, telefonu, pnevmatik poçtu, elektrik ventilyatorları və s. var idi. Amma 20-ci əsrin 30-40-cı illərində bina bir çox macəralar yaşayıb. 1933-də binanın bir hissəsi yanıb. İkinci Dünya Müharibəsi illərində isə binanın yan qüllələrində zenit qurğuları, binanın özündə isə hospital yerləşdirilib. Almanların məğlubiyyətindən sonra bina çox bərbad vəziyyətə düşüb, hətta 1933-cü ilin yanğınından sonra qismən təmir edilən künbəz uçmaq təhlükəsi ilə üz-üzə qalıb və almanlar özləri onu uçurdublar. Bir müddət sonra isə binanın təmirinə başlayıblar. Memar Paul Baumqartenin rəhbərliyi altında davam edən təmir-bərpa 1973-cü ilə qədər davam edib, lakin o binanın künbəzini bərpa etməyi bacarmayıb.
1990-cı ildə Almaniya birləşdiriləndən sonra Bundestaqda ümumalmaniya deputatlarının ilk birgə iclası keçirilib. 1991-ci ildən isə Bonnda yerləşən Almaniya Parlamenti Berlindəki tarixi məkana köçürülüb. Bundan sonra binanın rekonstruksiyasına qərar verilib. Müsabiqənin qalibi ingilis memarı Norman Foster 1995-ci ildə deputatların qərarı ilə müasir tipli künbəzi də tikib. Hündürlüyü 23.5 m və diametri 40 m olan künbəz şəffaf şüşədən və poladdan hazırlanıb. Künbəzə çıxmaq üçün uzunluğu 230 m olan spiralvari ramp inşa edilib. Bura çıxan ziyarətçilər panoram meydançasına daxil olur və burdan Berlinə tamaşa edirlər. Künbəzin tam üstü isə açıqdır. Bu ona xidmət edir ki, parlamentin iclas zalı təbii işıqlandırma ilə təmin edilsin. Burada quraşdırılan 360 güzgü ecazkar işıq oynamasına yol açır və işığı həm əks etdirir, həm də keçirir. Güzgü panellər xüsusi filtrlərlə təchiz edilib. Kompüter vasitəsilə idarə olunan bu panellər ilin fəsli, hava şəraiti və günün saatından asılı olaraq plenar zalına düşən gün işığının miqdarını tənzimləyir. Künbəzin ağzında quraşdırılan ventilyasiya şaxtası plenar iclasdan yuxarı qalxan isti havanı binanın isitmə sisteminə ötürməklə enerji sərfiyyatını da azaldır. Ən başlıcası isə, xüsusi texnoloji həllər vasitəsilə künbəzin açıq dairəsindən zala bir damcı da olsa yağış və qar düşmür.
Bir sözlə, alman deputatlar dövlətin büdcəsinə qənaət etməyə elə oturduqları binadan başlayıblar. Sıravi alman vətəndaşları isə plenar zalda oturub iclasları izləyə bilirlər.
(Bundestaq binasını və künbəzini ziyarət etmək pulsuzdur. Bunun üçün öncədən pasportunuzu təqdim edib ziyarət növbəsinə yazılmalısınız. Pasportu təqdim etməyi parlament binasına girişdə kiçik yoxlama zamanı da tələb edirlər).
Əmək və ləyaqət
Stephanus Workshopsda 840-dan çox əlilliyi olan insan mənalı işlə təmin olunub. Onlar burada mebel yığır, qablaşdırma edir, tikiş sexində çalışır. Dekabrın 3-də, çərşənbə günü Stephanusun peşə təlimi şöbəsinin rəhbəri Benjamin Braunla görüşürük. O, deyir: “Biz onlara iş vermirik. Biz onlara ləyaqət qaytarırıq”.
Günortadan sonra Mümmelmann Beynəlxalq Uşaq Fermasına gedirik. Orada əlilliyi olan və olmayan uşaqlar birlikdə heyvanlara baxır, tərəvəz yetişdirir, at minirlər. İnkluziv və interaktiv təlim üzrə mütəxəssis Frank Parentinin sözləri yadda qalır: “İnklüzivlik – bu, “hamı eyni olsun” demək deyil. Bu, “hamı özü kimi olsun və buna görə sevilisin” deməkdir”.
Evə dönüş, amma ürəklə dolu
Dekabrın 4-də səhər tezdən cümə axşamı yola çıxırıq. Hava limanında bir-birimizə sarılırıq. Gözlərdə yaş, amma bu dəfə sevincdən.
Beş gün ərzində biz sadəcə Berlinin küçələrində gəzmədik. Biz gördük ki, inklüzivlik – bu, qanunlar, pullar, layihələr deyil. İnklüzivlik – bu, insanların bir-birinə “sən də bura aidsən” demək cəsarətidir.
İndi Mingəçevirə qayıtmışıq. Qayıtmışıq ki, bu işıqları öz şəhərimizə gətirək. Qayıtmışıq ki, heç bir insan daha “sən bura uyğun deyilsən” eşitməsin.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.